AZ EN RU

Qadınlarımızın peşə təhsilinə yönləndirilməsi dövlət tərəfindən atılmış zəruri addımlardan biridir

    Müasir həyatımızda Azərbaycan qadınının fəallığının hər yerdə özünü göstərməsinin təməli də məhz dahi rəhbərin müəyyənləşdirdiyi dövlət qadın siyasətinin uğurlu bəhrəsidir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Qürur duyuruq ki, bu gün qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarından qadınlarımızın çıxışları və onların qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Ümummilli Liderin təməlini qoyduğu yol bu gün də davam etdirilməkdədir. 

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bu istiqamətdə xeyli iş görür. Bu orqan vasitəsilə qadınlarımız üçün hərtərəfli şərait yaradılır. Bu sırada təhsildən kənar qalmış qadınlarımıza göstərilən dövlət qayğısı xüsusi qeyd olunmalıdır. Dövrümüzün aktual məsələlərindən biri olan bu problemin həlli barədə daha dolğun məlumat almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəyə üz tutduq. Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva bildirdi ki, bu gün hələ də təhsildən kənar qalmış xanımlarımız ölkəmizdə kifayət qədərdir. Ona görə də dövlətimiz tərəfindən bu problemi həll etmək üçün bir sıra tədbirlər görülür. Belə ki, komitənin vasitəçiliyi ilə rayonlarımızda təhsildən kənar qalmış xanımlarımızla tanış olub onları yenidən cəmiyyətə qazandırmaq imkanı yaradılır. Statistik məlumatlara nəzər salsaq görərik ki, 2022-ci il ərzində Naxçıvan Muxtar Respublikasında tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Belə ki, şəhər və rayon icra hakimiyyətlərindən həmin qadınlar haqqında məlumatlar almış, komitədə yaradılmış bazaya əlavə edilmiş, təhlil aparılmışdır. Naxçıvan şəhəri, Şərur, Babək Ordubad və Kəngərli rayonları üzrə qadınlarla əlaqə saxlanılmış, onlardan 20-si bərbər-manikürçü, 17-si dərzilik, 16-sı kompüter istifadəçisi, 6-sı aşpaz, 4-ü xalçaçı, 3-ü dayə peşəsi olmaqla, ümumilikdə, 66 nəfərin peşə təhsilinə yiyələnməsi üçün məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir.  2023-cü ilin I rübü ərzində Naxçıvan Muxtar Respublikasında tək qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, Naxçıvan şəhəri, Babək, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə qadınlardan 15-i dərzilik, 9-u kompüter istifadəçisi, 8-i bərbər-manikürçü, 5-i aşpaz, 2-si dayə, 1-nin toxucu olmaqla peşə təhsilinə yiyələnməsi üçün 40 qadın haqqında məlumatlar həmin nazirliklərə göndərilmişdir. Qeyd edək ki, komitə tərəfindən ailəsinə dəstək olmaq istəyən xanımlarımız peşə öyrənməklə yanaşı, həm də gəlir əldə etmək üçün iş sahibinə çevrilirlər. 
    Belə qadınlardan bir neçəsi ilə həmsöhbət olduq. Onlar göstərilən bu qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Ailə başçısı olan Lalə Bayramova dedi ki, 3 övladı var və hazırda iki övladı təhsil alır. Komitə tərəfindən ailəsi ilə maraqlanmaları onu çox sevindirib. Ona ətraflı məlumat verildikdən sonra düşünüb ki, uşaqlıqdan olan dərzilik xəyalı daha əlçatmaz deyildir. Sonra isə bacarıq və qabiliyyətinə görə onu tikiş maşını ilə mükafatlandırıblar. Dövlətimizin bu qayğısının nəticəsidir ki, Lalə xanım bir ildən artıqdır, dərzi kimi fəaliyyət göstərir, həmçinin əl işləri sərgilərdə nümayiş etdirilir. Belə xanım dərzilərimizdən biri isə Təhminə Əliyevadır. Təhminə xanım bu peşəyə kiçik yaşlarından marağı olduğunu, lakin müəyyən səbəblərdən arzusunun baş tutmadığından bəhs etdi. Dövlətimizin dəstəyi ilə artıq dərzi kimi fəaliyyət göstərdiyindən danışan müsahibimin kiçik emalatxanası da vardır.
    Qadınlarımızın məşğulluq probleminin, xüsusilə də tək və ailə başçısı olan zərif cinsin nümayəndələrinin belə qayğı ilə əhatə olunması müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verməsinə şərait yaradıb.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 28.07.2023 19:10