AZ EN RU

Qadınlarımız milli dəyərlərimizin tərkib hissəsi olan sənətkarlıq sahələrini yaşadır və bu mirası gələcək nəsillərə ötürürlər

     “Azərbaycan qadını tarixboyu öz ağlı, zəkası, namusu, qeyrəti,    fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır” ümummilli liderimiz Heydər Əliyevin bu sözləri tarixin bütün dövrlərində Azərbaycan qadınının ailədə və cəmiyyətdə rolunu ən yüksək formada ifadə edir. Dahi liderin irsinin, ənənələrinin qorunub yaşadıldığı, əhalisinin 50 faizindən çoxunu qadınlar təşkil edən muxtar respublikamızda istedadlı, o cümlədən məhdud fiziki imkanlı qadınlar ictimai-siyasi və sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadınların fəaliyyətinin stimullaşdırılması və məşğulluqlarının təmin olunması istiqamətində bir çox tədbirlər həyata keçirirlər. Belə ki, hər iki qurum tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin fərdi qabiliyyətləri və maraqlarına uyğun fəaliyyət mühiti yaradılır, onların sərbəst yaşayış imkanlarının artırılması üçün iş aparılır,  aztəminatlı ailənin üzvü sağlamlıq imkanları məhdud olan qadınların, eləcə də tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər görülür. Onlar müvafiq peşə kurslarına cəlb olunur və istedadlı qadınların əl işlərinin sərgi-satışları təşkil edilir. Eyni zamanda muxtar respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, turistik istirahət məkanlarında, həmçinin müxtəlif yerlərdə açılan əl işləri mağazalarında məhdud fiziki imkanlı və istedadlı qadınların əl işlərinin satışları həyata keçirilir ki, bu da onların özünüməşğulluqlarının və sosial vəziyyətlərinin yaxşılaşmasına kömək edir.

    Hələ 2015-ci il oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda keçirilən sərgi-satışla tanış olarkən muxtar respublikanın rayonlarında istedadlı qadınların üzə çıxarılması məqsədilə sərgi-satışların keçirilməsi haqqında tapşırıq vermiş, 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq məhdud fiziki imkanlı şəxslərin və  istedadlı qadınların əl işlərinin sərgi-satışı reallaşdırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 9 fevral tarixli Sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində və Naxçıvan şəhərində ənənəvi “Xalq yaradıcılığı günləri” keçirilməsi xalq sənəti və folklor nümunələrinin, milli rəqs və mahnı sənətimizin geniş şəkildə təbliği, böyüməkdə olan gənc nəslə aşılanmasında mühüm əhəmiyyət kəsb etməklə istedadlı qadınların üzə çıxarılması, məşğulluğunun  təmin edilməsində mühüm rol oynamışdır. Belə  ki, 2011-ci ildən qadınların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə muxtar respublikada keçirilən xalq yaradıcılığı günləri ilə bağlı tədbirlərdə qadınların əl işləri yüksək dəyərləndirilmişdir. Bir məsələni də qeyd edək ki, əgər 2012-ci ildə keçirilən sərgi-satışda 71 qadının 428 əl işi sərgilənmişdirsə,  2022-ci ildə 420 qadının 10 min 411 əl işi sərgilənmişdir. Həmçinin 2019-cu ildən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə icra etdiyi sosialyönümlü layihələr qadınların fəaliyyətində müsbət dönüş yaratmış, istedadlı qadınların və əl işlərinin sayında, eyni zamanda satılan əl işlərinin dəyərində də nəzərəçarpacaq dərəcədə artım müşahidə edilmişdir. Belə ki, 2014-cü ildə 2260 manat dəyərində 101 əl işi satılmışdırsa, 2022-ci ildə bu rəqəm artaraq  39 min 638 manat dəyərində 3140 əl işi olmuşdur.

    Mütəmadi olaraq Naxçıvan şəhərində təşkil edilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar, müxtəlif yaradıcılıq müsabiqələri onların qabiliyyət  və bacarıqlarının aşkar edilməsi, asudə vaxtlarının səmərəli təşkilində, rifah halının yüksəldilməsində, milli dəyərlərin təbliğində mühüm əhəmiyyət kəsb etməklə həm də onların yaradıcılıq əzmini daha da artırır, gələcək fəaliyyət üçün böyük stimul verir. Bu baxımdan xüsusi əhəmiyyətliliyi ilə seçilən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyəsi ilə reallaşdırılan səyyar sərgi-satışları ayrıca qeyd etmək yerinə düşər. Fikrimizi təsdiqləmək üçün təkcə bu faktı xatırlatmaq  kifayət edər ki, cari ildə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət 18 səyyar sərgi-satış keçirilib və 103 istedadlı şəxsin 5379 manat dəyərində əl işi satılıb. Bu il  sentyabrın 28-də başlayan və oktyabrın 8-nə qədər davam edən  məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış da bu baxımdan yaddaqalan olmuş. Sərgi-satışda muxtar respublikanın şəhər, rayonlarında yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər, Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, məhkum qadınların, eləcə də  sərmayə kapitalı verilən 38 qadının hazırladıqları əl işləri sərgiləndi. Milli, mənəvi və ailə dəyərlərini özündə əks etdirən sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılandı. Ümumilikdə, sərgi-satışa 442 müəllifin 10 min 668 əl işi çıxarılmışdı  ki, bu da ötən illə müqayisədə 3242 əl işi çox olmuş, sərgi-satış uğurla həyata keçirilmişdir. Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərgiyə baxmış, məhdud fiziki imkanlı şəxslər və qadınlar tərəfindən milli dəyərlərimizin tərkib hissəsi kimi formalaşan sənətkarlıq sahələrinin yaşadılmasının məmnunluq doğurduğunu qeyd etmişdir. Sərgi-satışda muxtar respublikanın sakinləri, ictimaiyyət nümayəndələri,  turistlər, xüsusən də Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları iştirak etmiş, öz zövqlərinə uyğun əl işləri almışlar. Sərgi-satış muxtar respublikamızın kütləvi informasiya vasitələrində geniş təbliğ olunmuşdur. Həmçinin “Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı” çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsi keçirilmiş, sənətkar, həvəskar və məhdud fiziki imkanlı şəxslər ayrı-ayrılıqda nəzərə alınmaqla əl işləri – rəsm, toxuculuq, tikmə, xalçaçılıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə I, II və III yerlər  seçilmişdir.

    Biz də əl əməyi, göz nuru olan zəngin sənət əsərləri yaradan, sərgi-satışda iştirak edən  istedadlı və məhdud fiziki imkanlı qadınlarımızla həmsöhbət olduq.
    Fərqanə Seyidova 1997-ci il avqustun 29-da Babək rayonunun Şəkərabad kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsidir. Müsahibim deyir: – Rəssam-heykəltəraş ailəsində anadan olduğuma görə bu sahəyə marağım uşaq vaxtlarımdan formalaşıb. Yaradıcılığımı təkmilləşdirmək üçün ali təhsil almağa qərar verdim və universitetdə qabiliyyətimi, bacarığımı artırdım. 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc rəssamlar bölməsinin üzvüyəm. 2021-ci ildə heykəltəraşlıq üzrə ilk fərdi sərgimi keçirdim və bu il də Rəssamlar Birliyində yeni işlərimlə bağlı fərdi sərgimi keçirmək fikrindəyəm. Muxtar respublika səviyyəli müsabiqələrdə, sərgilərdə dəfələrlə iştirak edib yüksək yerlərə layiq görülmüşəm. 2020-ci ilin yekunlarına görə “İlin gənc rəssamı” seçilmişəm. “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IX muxtar respublika heykəltəraşlıq və dekorativ-tətbiqi sənət müsabiqəsində, “Qalib bizik” adlı sərgi müsabiqəsində qalib adını qazanmış, digər rəsm müsabiqələrində II yerə çıxmış,  diplom, sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. Builki sərgi-satışda da iştirak etmişəm, “Bəhruz Kəngərli” adlı tikmə əsəri və digər rəsm əsərlərim, həmçinin 16-dan çox heykəltəraşlıq nümunələrim orada sərgilənmişdir. Sərgiyə baxanlar tərəfindən “Bəhruz Kəngərli” adlı tikmə əsəri, Şuşa kompozisiyalı relyef heykəl və bağ heykəlləri izləyicilər tərəfindən böyük marağa səbəb olmuş və çox işim satılmışdır. Həmçinin sərgi-satış çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsində sənətkarlıq-heykəltəraşlıq nominasiyası üzrə I yerə layiq görülmüşəm. Bütün bu uğurların  təməlində öz işimə olan sevgim dayanır.  Sevdiyimiz iş bizi yalnız ucaldar və uğura aparar. Çalışacağam ki, bundan sonra da fəaliyyətimi elə bu cür davam etdirim.
    Həcər Hümbətova 1971-ci ildə Şahbuz rayonunun Sələsüz kəndində anadan olub. Uzun illərdir ki, xalçaçılıq sənəti ilə məşğuldur. Onun söhbəti: – Xalçaçılıq sənətini anamdan öyrənmişəm. Əvvəlcə evdə həvəskar kimi məşğul idim. 2009-cu ildən sonra Biznes Mərkəzinin nəzdində yaradılan xalq yaradıcılığı emalatxanası bizə fəaliyyətimizi tanıtmağa və inkişaf etməyə imkan verdi. 2010-cu ildən orada  xalça ustası olaraq fəaliyyətə başlamışam. O vaxtdan heç ara vermədən bu sənətlə məşğuliyyətimi davam etmişəm. Daha sonra məktəbdənkənar tədris müəssisələrində, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində xalça dərnəyində bu sənətin sirlərini məktəblilərə öyrətmişəm. Hazırda fəaliyyətimi Naxçıvan Şəhər Peşə Liseyində xalça kurslarında, eləcə də Naxçıvan Dövlət Universitetində Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən  Texnologiya Mərkəzində xalçaçılıq sənəti üzrə davam etdirirəm. Toxuduğum xalça növləri müxtəlifdir. Palaz, kilim, xovlu və xovsuz xalçalar, eyni zamanda ilk dəfədir, Texnologiya Mərkəzində tədris edilən, dünyada geniş yayılmış, ölkəmizdə isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənəti olan qobelen işləyirəm. Sentyabr ayında təşkil edilən sərgi-satışda bu xalça sənəti, eyni zamanda keçə növündə toxuduğum bir çox xalçalar çox böyük maraqla qarşılanmışdır. Bir çoxunun satışları həyata keçirilmişdir. Mən sərgi-satış çərçivəsində sənətkarlıq-xalçaçılıq nominasiyası üzrə I yerə layiq görülmüşəm. Həmçinin mən 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 2018-ci ildə “Tərəqqi” medalı ilə  təltif edilmişəm. Bu məni daha da ruhlandırır, əldə etdiyim uğurlar işimdən möhkəm  yapışmağa kömək olur.  Qadın əməyinə göstərilən diqqətə, verilən dəyərə görə dövlətimizə minnətdaram.
    Vüsalə Novruzova 1990-cı ildə  Naxçıvanda anadan olub. Bu gənc xanım da builki sərgi-satışda maraqlı əl işləri ilə  iştirak edib: – 10 ildən artıqdır, dekorativ-tətbiqi sənətlə məşğulam. Daşduz və gipsdən heykəllər hazırlayıram. Xüsusilə də bu sırada hörüklü və nazlı qızlar, dibçəklər diqqəti çəkir. Qız fiqurlarından ibarət heykəl işləri, bundan başqa, “Dəmir yumruq” heykəli, şəhidlər üçün pano, gül, qəbirdaşları hazırlayırıq. Builki sərgi-satışa 200 əl işi ilə qatılmışdım və demək olar ki, çoxu satıldı. Muxtar respublikamızda keçirilən sərgi-satışlarda, festivallarda iştirak etmişəm. Bu bizə maddi cəhətdən kömək olmaqla həm də fəaliyyətimiz üçün böyük stimul yaradır. Bundan sonrakı işlərimdə daha çox milli adət-ənənələrimizə, tarixi abidələrimizə üstünlük verəcəyəm.
    Haqqında bəhs edəcəyimiz Saimə Novruzova sağlamlıq imkanının məhdudluğuna baxmayaraq, öz fəaliyyətində xalqımızın qədim sənət və peşələrindən biri sayılan toxuculuğu yaşadır. Saimə xanım 1975-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində dünyaya göz açıb. Müsahibim deyir: – Günümüzdə qədim sənət növlərini yaşadan sərgilərin təşkili  və əl işlərimizin satışı mənim kimi bu işlə məşğul olan digər qadınlara da çox böyük stimuldur, dəstəkdir. Qürur duyuruq ki, torpaqlarımız uğrunda canını sevə-sevə qurban verəcək qeyrətli oğullarımız vardır.  Ötən il əldə etdiyimiz Zəfər də qorxmaz, cəsur oğullarımızın sayəsində mümkün oldu. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün muxtar respublikada əsgərə – yurdun keşikçisinə hörmətlə yanaşılır, onlara lazımi diqqət və qayğı göstərilir. Əlbəttə ki, bu qayğını 90-cı illərdə işğal təhlükəsi ilə üz-üzə qalmış Naxçıvanı xatırlayanda daha yaxşı dərk edirik. O vaxtlar indiki kimi şərait yox idi ki, bizi qoruyan əsgərlərimiz üçün öz bacardığımızı edək. İndi çox şükür ki, buna şərait yaradılıb. Mən də əsgərlərimizə hörməti, köməyi həmişə özümə borc bilirəm, onları da öz övladım kimi görürəm. 10 ildən artıqdır ki, əsgərlərimizə sevə-sevə corab, boyunbağı, şərf və jilet toxuyuram. Əl işlərim, xüsusilə qış aylarında onları şaxtadan, soyuqdan qoruyur. İlk dəfə Naxçıvan şəhərində təşkil edilən sərgidə əl işlərim nümayiş olunanda  muxtar respublika rəhbəri mənim bu addımımı müsbət qarşıladı. O gündən  mənə də digər yaradıcılıq istedadı olan qadınlar kimi dəstək göstərildi. Mən də sənətimə daha çox bağlandım. Bu gün əl işlərim diyarımızda təşkil edilən sərgilərdə nümayiş olunur. Bacardığım işi görmək məni sevindirir, asudə vaxtımı dəyərləndirirəm. Muxtar respublikada mənim kimi sənət sahəsi ilə məşğul olanlara göstərilən diqqətə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
    Bu gün qadınlarımız yaradılan şəraitdən bəhrələnərək muxtar respublikanın inkişafına, tərəqqisinə öz töhfələrini verir və yaratdıqları zəngin sənət nümunələrini gələcək nəsillərə ötürürlər. Bütün istedadlı qadınlarımıza yeni yaradıcılıq uğurları arzulayırıq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 18.10.2022 19:50