AZ EN RU

Qadınlar növbəti təlimə cəlb edilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib. 
Təlim 21 may 2024-cü il tarixdə Babək rayonunun Şəkərabad kəndində baş tutub.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyyə İbrahimova tədbiri giriş sözü ilə açaraq dekorativ-tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların oynadığı roldan, muxtar respublikada qadınların məşğulluğunun diqqətdə saxlanılmasından danışıb. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, evdar, sosial qayğıya ehtiyacı olan qadınlar və yuxarı sinif şagirdləri arasında milli dəyərləri özündə ehtiva edən dekorativ-tətbiqi sənət nümunələrinin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri bədii tikmə növü üzrə təlimin keçirilməsi görülən işlərin davamıdır. 
Çıxışların ardından uzun illərdir muxtar respublikada gələcəyimiz olan uşaqlara tətbiqi incəsənətin sirlərini və incəliklərini öyrədən istedadlı qadın Səkinə Qarayeva iştirakçılara təlim keçib. Əyani vəsaitlərdən istifadə edilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.05.2024 19:07