AZ EN RU

Qadınlar nə istəyir?

Qadın; yəni gözəllik simvolu, zərifliyin təcəssümü, varlığı ilə həyatımızı gözəlləşdirən bənzərsiz  sevginin adıdır. Qadın,gözəllik aşiqi olan rəssamın duyğuları rövnəqləndirən sənət əsəri, dünyanın ecazkarlığına vurğun olan şairin şeiri, bəstəkarın nəğməsidir. Qadınların varlığı, ucalığı təmiz adı hər kəsin dilinin əzbəri, ilham mənbəyidir. Qadın gülərsə, dünyamız güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!” - deyib saf sevgini Tanrı ərşindən qoparıb sözə, şeirə çevirən ədiblərimiz. Bu  sözlər tarixboyu qadın adının uca tutulduğunun nümunəsidir...        Maraqlıdır, bəs gözəllikləri şeirlərdə, mahnılarda tərənnüm edilən qadınlar nə istəyir həyatdan? Bir xanım olaraq qadınlar nə istəyir sualına cavab vermək çox çətindir. Niyə? Çünki hər qadın fərqli düşüncə və xarakterə sahibdir. Onların hər birinin həyatdan fərqli gözləntiləri və istəkləri var. Amma ümumi olaraq deyə bilərik ki, bütün xanımlar sevgi, hörmət, güvən və sədaqət istəyirlər. Hər qadın onu  dəyərli hiss etdirən, dinləyib başa düşən yerə, məkana, hətta onun sözünə, söhbətinə qulaq asacaq insana aid olmaq istəyir. Lakin bəzən bu istəklər fərqli düşüncələrdə, fərqli həyatlarda tamam fərqli şəkildə təzahür edir. Məsələn, kişilər  qadınların nə istədiklərini bilmədiklərini, arzularının sonsuz olduğunu ən əsası qadın xoşbəxtliyinin maddiyyat olduğunu düşünürlər. Bəli, qadın arzuları sonsuz ola bilər... Lakin bu sonsuz arzuların başında anlaşılmaq, başa düşülmək istəyi dayanır. Bunu duymaq, dərk etmək, başa düşmək bu qədərmi çətindir? Ancaq niyə, nə səbəbə görə? Qadınları anlamaq niyə bu qədər çətindir görən? Halbuki kiçik bir addım belə bəşəriyyətin bu zərif, incə duyğulu nəcib varlığını xoşbəxt etməyə kifayət edir. Onlar dəyərli olduqlarını hiss etmək üçün hər zaman qarşı tərəfdən düşünülməyi, onların ağlında, hafizəsində, hətta qəlbində olmağı arzulayır. Küsəndə ilk addım atmağı, bir çiçəklə duyğularının taclanmasını, arzularının pöhrələnməsini gözləyir qarşı tərəfdən..                  Diqqət etmişəm, bu nəvazişə, sevgiyə daha çox ailəli olan, bir ailənin yükünü daşıyan xanımlarımız daha böyük ehtiyac duyur. Bunu hər birimiz yaxşı bilirik. Bilirik ki, ailədə qadın tükənməz enerjisi ilə mübarizlik və müdrikliyin ən etibarlı mühafizəçisidir. Bu lap əvvəldən belə olub... Ailənin bütün yükünü öz çiyinlərində daşıyan xanımlarımız var ki, onlar yalnız ailələrinə  səadət və sədaqətlə bağlanıb sabit xarakterli, onu sevən, dəyər verən bir kişi ilə ömürlərini başa vurmaq istəyirlər. Bunu heç kim inkar edə bilməz; ailə qayğısı, övladların tərbiyəsi, iş zamanı baş verən müxtəlif problemlər qadının zərif çiynində daşıdığı böyük yükdür. Bu yükün ağırlığı nə qədər çox olsa da, o bunu daşımaqdan bir an belə imtina etməz. Yorular, ancaq heç zaman “yoruldum” kəlməsini dilə gətirməz. Usanar, ancaq heç zaman usandım deməz.

Xanımlarımızın bir  qismi də var ki, onlar daim öz ayaqları üzərində durmağı seçib dayanmadan həyatla, ya da kimləsə mübarizə aparırlar.  Bu qadınlar dözümlülük və iradələri sayəsində hər çətinliyin öhdəsindən təkbaşına gələ bilirlər.  Çünki qadınların bacarmayacağı heç nə yoxdur. Qadın zəif deyil, əksinə, zərif və daha güclüdür. Sənin, mənim, bizim düşündüyümüzdən daha da güclü, daha mübariz və dözümlüdür.          Müasir cəmiyyətə baxdıqda qadının perspektivləri daha üstündür. Xüsusilə Azərbaycan xanımları da bu mövzuda çox şanslıdırlar. Çünki bizim mentalitetin ailə dəyərlərində qadına böyük sevgi və hörmət vardır. Həmin dəyərlərdə qadını qoruyaraq arxa durmaq əsas prinsipdir...              Dəyərli xanımlarımız, xoşbəxtliyinizin bir digər sirri həyatınıza aldığınız insanların düzgün seçim olmasından asılıdır. Çalışaq ki, öz balaca, rəngli dünyamızda düzgün seçimlərimizlə xoşbəxtlik  yolunda irəliləyək.              Qadınlarımız ucalıq və zəriflik rəmzidir. Onun yaradılışı  bəşər tarixinin möcüzəsidir. Bəşəriyyət  var  olduqca onların ideyaları, yenilikləri, gücü, məhəbbəti hər zaman davam edəcəkdir. Dünənimizdə, bu günümüzdə cəmiyyətin formalaşmasında və tərbiyəsində qadınların  rolu  danılmazdır. Qadın ana, tərbiyəçi, müəllim, dost, yoldaşdır. Əlbəttə, bunları saymaqla bitməz. Axı qadının fədakarlığı, gücü  tükənməzdir.  Onlar tam deyil, tamın özüdür. Hər daim nacizanə baxışlarla qəlb aynamızda çata dönmüş zərif hıçqırığın səsidir qadın. Bilin ki, qadın xoşbəxtliyi bahalı hədiyyə, mal, mülk deyil, sadəcə, xoş söz, isti baxış və nəvazişdə  arayır.  Bizə görə xoşbəxtlik bizim güvənib, sakitlik tapdığımız yerdir. Kişilər bilməlidir ki, qadınlar oxunmamış kitabdır, oxuduqca itib batacaqlar. Elə bu yerdə rus yazıçısı Lev Tolstoyun qadınlar haqqında dediyi bu söz yada düşür: “Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsan araşdır, hər vaxt yenidir”. Bəşəriyyətin yaradıcılıq möcüzəsi, incə ruhların sevgi dolu titrəyişi, sevgi nağlının ən gözəl sətri olan qadınlar, daim belə  nəcib, zərif və gözəl qalın.

                    Bülbül QULİYEVA

Nəşr edilib : 08.03.2024 15:20