AZ EN RU

Qadınlar gününə həsr olunmuş sərgi keçirilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə açıq səma altında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar və güllər” mövzusunda rəsm sərgisi təşkil olunub.

Tədbirdə Birliyin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək tariximizin hər dönəmində Azərbaycan qadınının müdrikliyi, cəfakeşliyi və qəhrəmanlığından söz açıb. Milli mənəvi dəyərlərimizin formalaşması, o cümlədən qorunub yaşadılmasında qadınlarımızın misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan qadınlarının zəhmətkeşliyi, ictimai həyatda rolu rəssamlarımızın daim ilham mənbəyi olub. Elə bu gün təşkil edilən sərgidə də nümayiş etdirilən rəsm əsərlərində qadınlarımızın rəngarəng dünyası öz əksini tapıb.

Tədbirdə çıxış edən rəssamlardan Həmzə Sadiqov, Qəhrəman Tağıyev, Ələsgər Ələsgərov və digərləri bayram münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 18 rəssamın 40-a yaxın əsəri nümayiş etdirilir.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 07.03.2023 17:19