AZ EN RU

“Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Qadın sahibkarlığı inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Rəşad Mirzəyev keçirilən tədbirin mahiyyətindən bəhs edib.
     Xidmətin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi Aynur Həsənova “Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin xüsusi qayğısı ilə onların istedad və bacarıqları yüksək dəyərləndirilib, qadınlarımızın aktiv fəaliyyəti hər zaman təmin olunub. Çıxışda Ulu Öndərimiz tərəfindən əsası qoyulan siyasətin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də bəhs olunub. 
     Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva “Qadın sahibkarlığının inkişafı: həyata keçirilən layihələr, təcrübə, perspektivlər və əldə olunan nailiyyətlər” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir. Bu sahədə həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə iştirak edirlər. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Bu da muxtar respublikada həyata keçirilən müvafiq dövlət siyasətinin uğurlu nəticəsidir.    
    Ailə təsərrüfatçısı Mehparə Hüseynova “Qadın sahibkarlığına dəstək” mövzusunda çıxış edib. Yaradılan şəraitdən bəhrələnərək sərmayə kapitalı alıb, öz kiçik təsərrüfatını qurduğunu qeyd edən ailə təsərrüfatçısı göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. 
    Tədbir “Azərbaycan qadını – keçmişimiz və bu günümüz” adlı videoçarxa baxışla davam edib, sahibkar qadınlara bukletlər, vizit kartlar, qida və sənaye etiketləri paylanılıb. 

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
 üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

Nəşr edilib : 24.07.2023 19:23