AZ EN RU

Qadın sağlamlığının qorunmasına mühüm töhfələr verən cəfakeş həkim

“Tərəqqi” medalına layiq görülən həkim-ginekoloq Gültəkin Əliyeva Prezidentə minnətdarlıq edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 7 mart tarixli “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” ­Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva da “Tərəqqi” medalı ilə təltif olunub. 
    Tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva 1953-cü il martın 8-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 5 və 7 nömrəli tam orta məktəblərdə alıb. 1974-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub və 1979-1980-ci illərdə buranı bitirib. 1980-ci ildən 1988-ci ilədək Xocavənd rayonunda Mərkəzi Xəstəxanada mama-ginekoloq işləyib. Qarabağ hadisələri səbəbindən 1988-ci ildə Beyləqan rayonuna köçüb və 1993-cü ilədək bu rayonda işləyib. Daha sonra Naxçıvan şəhərinə köçüb. 1995-1998-ci illər arasında apardığı yeni elmi araşdırmaları sona çatdıraraq “İzoseroloji uyğunsuzluq fonunda gedən xronik toksoplazmoz infeksiyasının hamiləliyin başa çatmasında etoloji rolu” mövzusunda dissertasiya müdafiə edib. 2008-ci ildən Naxçıvan Dövlət Universitetində fəaliyyətini davam etdirir.
    40 ildən çoxdur, tibb sahəsində çalışan həkimin əməyi yüksək qiymətləndirilib. 2016-cı ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikası Avropa Nəşr Mətbuat Evinin Diplomu və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. Uzun illərdir, Naxçıvan Muxtar Respublikası Ailə Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, qadın əhalisinin maarifləndirilməsi proqramında iştirak edir. Naxçıvan Dövlət Universitetində tibbi kadrların yetişdirilməsinə xidmət edən Gültəkin həkim 7 dərs vəsaitinin, 37 məqalənin müəllifidir.
    Gültəkin həkim “Şərq qapısı”na müsahibəsində “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə ölkə başçısı cənab ­İlham Əliyevə minnətdarlığını bildirib.  Bundan sonra da tibb sahəsinə töhfələr verəcəyini qeyd edib. 
    Biz də “Tərəqqi” medalı ilə təltif edilmiş bütün xanımları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Nəşr edilib : 10.03.2024 14:40