AZ EN RU

Psixiatr, psixoloq, yoxsa nevropatoloq?

    Sağlam ruh üçün hansına müraciət etmək lazımdır?

Sağlam bədənin sağlam ruh üçün şərt olması haqqında çox eşitmişik. Lakin nədənsə sağlam ruhun da, öz növbəsində, bədən sağlamlığı üçün vacib olması fikrinə əhəmiyyət vermirik. Halbuki bu tezis fəlsəfi fikir tarixində qədim köklərə malikdir. “Mən belə hesab etmirəm ki, insanın fiziologiyasının sağlam olması onda könül xoşluğu yaradır, məncə, əksinə, könül xoşluğu fizioloji sağlamlıq üçün əsas şərtdir”. Qədim yunan filosofu Platonun bu fikrinə əsaslanaraq deyə bilərik ki, cəmiyyətin ümumi sağlamlığı psixoloji sağlamlıqla sıx əlaqəlidir. Lakin qarşılaşdığımız situasiyalardan belə qənaətə gəlmək olar ki, nədənsə insanlar fiziki sağlamlıqları ilə bağlı həkimlərə tez-tez üz tutduqları halda psixoloqlara müraciət etməkdən çəkinirlər. Bəs buna səbəb nədir?

    Sual doğuran məqamlardan biri də çoxlarının psixiatr, psixoloq və nevropatoloqun fərqini bilməməsidir. İnsan psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət etməlidir? Psixiatra, psixoloqa, yoxsa nevropatoloqa? Suallarımıza cavab tapmaq üçün üz tutduq bu işin mütəxəssislərinə.
    Psixoloq Çapay Quliyevin sözlərinə görə, insan psixologiyası və fiziologiyası bir-biri ilə vəhdətdədir. Əgər psixologiyada problem varsa, mütləq fiziologiyaya da təsir edəcək. Ya da tam əksinə. Psixoloji sağlamlıq üçün öncə fizioloji baxımdan sağlam olmaq lazımdır. İkinci bir tərəfdənsə sağlam psixologiya üçün sağlam mühit şərtdir. Əgər ətrafımızda psixologiyamıza mənfi təsir edən amillər varsa, təbii ki, bu ruh düşkünlüyünə, psixoloji gərginliyə səbəb olacaq. 
    Psixoloq onu da əlavə etdi ki, ruh sağlamlığı olan insanlarda özünəgüvən, səbəbsiz qayğı və qorxulara sahib olmama, yaxın və uzaq insanlarla sağlam ünsiyyət qurma, müsbət qərarlar verməyi bacarma, çətinlikləri qorxmadan həll­etmə kimi müsbət hərəkətlər dərhal gözə çarpır. Ruh sağlamlığının pozulması isə insanın duyğu və fikirlərinin qarışmasına, ətrafdakı insanlarla problem yaranmasına, fiziki narahatlıqların ortaya çıxmasına, mövcud narahatlıqların daha da artmasına səbəb olur ki, bu hallar da gündəlik yaşam üçün bir sıra problemlər yaradır. Daim neqativ düşünən insanlar ətraf mühitdən təcrid olunmağa başlayır, bir müddət sonra depressiyaya sürüklənir və vəziyyət o həddə çatır ki, normal yaşamaq üçün psixoloq müdaxiləsi vacib olur. 
    Çapay Quliyev onu da qeyd etdi ki, ruhu sağlam saxlamaq üçün problemlərdən qaçmamaq əsas şərtdir. İnsanı narahat edən məsələlərin üstünə getmək, onların həlli üçün çalışmaq, düzgün insan olmaq, sosial çevrə ilə balansı saxlamaq, gündəlik qida, yuxu rejiminə diqqət yetirmək və insana pis təsir edən nüanslardan uzaq durmaq lazımdır. 
    Digər psixoloq Şahnaz Məmmədovanın sözlərinə görə, insanın fizioloji cəhətdən sağlamlığı ilə bağlı problemlərinin aradan qaldırılması onun üçün elə də böyük əziyyət tələb etmir. Məsələn, düşünək ki, başımız ağrıyır, dişimiz ağrıyır və sair. Həmin ağrıların qarşısını almaq üçün ya dərman atırıq, ya da həkimə müraciət edirik. Nəticə etibarilə, səhhətimizlə bağlı problemi aradan qaldırırıq. Amma bəzən elə xəstəliklər olur ki, tibb həmin xəstəliklər qarşısında aciz qalır. Bu cür xəstəliklərlə həkim bir müddət mübarizə apara bilir. Müəyyən vaxtdan sonra xəstəlik insanı öz cənginə alır və insan həyatı ölümlə nəticələnir. Halbuki dünyada milyonlarla insan ən ağır, çarəsiz xəstəliklərə belə dərmanla, həkim müdaxiləsilə deyil, yüksək motivasiya ilə güc gələ bilir. Düşünürəm ki, insanların mədəsini dərmanlarla doldurmaqla deyil, könlünü xoş sözlərlə oxşamaqla, ruhuna toxunmaqla müalicə etmək lazımdır. 
    Şahnaz Məmmədovaya “İnsanlar özlərində psixoloji problemlər olduğunu gördüyü halda nə üçün psixoloqa müraciət etməkdə tərəddüd edirlər?” sualını ünvanladıq. O bildirdi ki, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə bu sahəyə vacib olmayan sahə kimi baxılıb. Bu səbəbdən də insanlarda psixoloqlara müraciət etməmək fikri formalaşıb. İnsanların öz problemlərini bilərək psixoloqlara müraciət etməmələrinin digər səbəbi isə ictimai təsiri düşünmələri ilə bağlıdır. Bu insanlar mövqeyini, cəmiyyətdəki nüfuzunu itirəcəkləri təlaşı ilə problemlərini gizlətməyə çalışırlar. Düşünürlər ki, insanlar onlara əvvəlki kimi yanaşmayacaqlar. Ancaq insanlar bu kimi stereotiplərdən yaxa qurtarmalı və psixoloji problemlərin ciddi fəsadlar yaratmaması üçün vaxtında psixoloqlara müraciət etməlidir.
    Məsələn, kiçik bir misal çəkək. Uşaq inkişafdan qalır, davranışında qəribəliklər baş verir. Valideyn bunu görür və “böyüdükcə düzələr”, – deyib əhəmiyyət vermir. Zaman keçdikcə asanlıqla korreksiya olunacaq psixoloji gərginlik dərinləşir və aradan qaldırılması çətinləşən psixoloji problem halına gəlir. Uşağının davranışındakı qüsurlardan narahat olan bir çox valideynlər isə vəziyyətin ən çətin halında pediatra, yaxud da nevropatoloqa müraciət edir. Uşaqda psixoloji problemin olduğunu müəyyənləşdirən həkim valideynə psixoloqa getməyi tövsiyə etdiyi zaman ailələrdə təşviş, həyəcan başlanır. Çünki bəzi insanlar düşünürlər ki, psixoloq yanına getsələr, onlara psixi xəstə kimi baxacaqlar. Bunu, xüsusilə vurğulamaq istərdim ki, autizm, Daun sindromlu, əqli inkişaf geriliyi, ümumi inkişaf ləngiməsi və buna bənzər digər bu kimi narahatlıqlardan əziyyət çəkən uşaqların valideynləri problemlərini bildikləri zaman mütəxəssis dəstəyini övladlarından əsirgəməməlidirlər. 
    Bizə maraqlı olan digər sualımızı da psixoloqa ünvanlayırıq. Psixoloq, psixiatr və nevropatoloq. Bu peşə sahibləri arasındakı fərq nədir? Onun sözlərinə görə, psixiatr və nevropatoloq tibbi elmə malik olan həkimdir. Onlar stasionar, lazeret və ambulator müalicə sahəsində işləyirlər. Nevropatoloqlar, sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, psixiatrlar isə ruhi xəstəliklər, maniakal-depressiv psixozlar, adi dildə desək, əsəb pozuntuları xəstəliklərini müalicə edirlər. Müalicə yazan psixiatr və nevropatoloqun sahəsi sırf tibbdir. Psixoloqun öyrəndiyi sahə isə tibb və pedaqogikadır. Ona görə də psixologiya tibbi və pedaqoji psixologiya olmaqla, iki yerə bölünür. Psixoloq insanın ruh aləmini öyrənir. Klinik psixoloqun tibbi savadı olması mütləqdir. Pedaqoji psixoloqlar pedaqoji müəssisələrdə işlədiyinə görə onların tibbi biliklərə yiyələnməsi vacib deyil. Psixoloqun bilik dairəsi çox geniş olmalıdır. O, sosiologiya, tibb və idarəetmə sahəsini mükəmməl şəkildə bilməlidir. Özəlliklə uşaq psixologiyasını dərindən mənimsəməlidir. Bunları bilməyən psixoloq insanı düzgün istiqamətə yönəldə bilməz. 
    Psixoloqlarla maraqlı, eyni zamanda maarifləndirici söhbətimizdən belə qənaətə gəldik ki, insanın sağlam psixologiyaya sahib olması üçün üç amil əsas şərtdir: sağlam mühit, sağlam fiziologiya və sağlam düşüncə. Əgər biz özümüzü sevir, sağlamlığımızın qeydinə qalırıqsa, ilk növbədə, ətraf mühitin mənfi təsirlərindən özümüzü qorumalıyıq. Çünki ətraf mühitin mənfi təsiri psixologiyamıza, psixologiyamız yanlış düşüncə və sərt reaksiyalara, bunların hər biri isə fizioloji sağlamlığımıza zərər verəcək. Gəlin bacardığımız qədər mənfi təsirləri, neqativ düşüncələri özümüzdən uzaqlaşdıraq. Ruhumuzun sağlamlığı naminə!

Gülcamal TAHİROVA

Nəşr edilib : 31.08.2022 20:48