AZ EN RU

“Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi-psixoloji aspektləri” mövzusunda seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə keçirilən seminarda Prokurorluğun hüquqi təminat və və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov bildirib ki, müraciət etmək hüququ insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində ən mühüm hüquqi vasitələrdən biridir. Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları ilə ictimaiyyətin əlaqələrinin qarşılıqlı etimad əsasında qurulması, bu orqana edilən müraciətlərin vaxtında araşdırılması və zəruri tədbirlərin görülməsi, bütövlükdə isə vətəndaşların müraciət etmək hüququnun yüksək səviyyədə təmin edilməsi son illərin uğurlu fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
    Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Aysel Nəcəfli qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Əks halda, yəni vətəndaşların müraciətlərinə qanunla müəyyən olunmuş formada və müddətlərdə cavab verilməməsi onların bu hüququ həyata keçirməsini də əhəmiyyətsiz edir. Bu baxımdan vətəndaşların müracətlərinə baxılması insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi sahəsində dövlət orqanlarının qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biridir. 
    Naxçıvan Müəllimlər İnstitutunun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev vətəndaşların qəbulu zamanı etik dəyərlər və davranış standartları, vətəndaş qəbulunun psixoloji aspektləri, vətəndaşlarla ünsiyyət zamanı dövlət qulluqçusunun hərəkətləri və digər istiqamətlər üzrə peşəkar davranış qaydalarından bəhs edib. 
    Mövzu ətrafında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları İbrahim Mənsimov və Aygül Əsədli çıxış etdikdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 16.02.2023 19:17