AZ EN RU

Prokurorluq əməkdaşları maarifləndirilib

    Təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının başvermə səbəbləri və digər məsələlərlə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Bu məqsədlə fövqəlаdə hаllаrdаn qоrunmа və davranış qaydaları ilə bаğlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları mааrifləndirilib.
    Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Razi Quliyev payız-qış mövsümünə hazırlıq və mülki müdafiə işinin təşkilindən danışıb.
    Fövqəlаdə Hаllаr Nаzirliyinin bölmə rəisi, mayor Vüqar Məmmədov əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində görülən işlərdən, eləcə də muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr, bu zaman davranış qaydaları barədə məlumat verib, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdə bəhs edib. 
    Digər çıxış edənlər fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə, ilkin yanğınsöndürmə vasitələrinin istismarından, eləcə də dəm qazı və yaranma səbəbləri, ondan qorunma yolları, zəhərlənmə zamanı davranış qaydalarından danışıblar. Vurğulanıb ki, qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən  insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu cür fövqəladə hadisələrin baş verməməsi üçün yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır. Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.
    Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib, mövzularla bağlı slayd və videomaterial nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.11.2022 21:36