AZ EN RU

Professor Zöhrab Vəliyevin anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib

    Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və dəstəyi ilə Naxçıvan Dövlət Universitetində keçirilən “50 illik ömrün fizika elminə verdiyi töhfə” adlı tədbirdə əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zöhrab Vəliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, Zöhrab Vəliyevin elmi-pedaqoji fəaliyyətinin mühüm hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı olub. Fizika elminin inkişafında xüsusi xidmətləri olan Zöhrab müəllimin əməyi hər zaman dövlətimiz tərəfindən qiymətləndirilib. Rektor bildirib ki, ali təhsil ocağının Fizika-riyaziyyat fakültəsində onun adını daşıyan laboratoriya fəaliyyət göstərir, alimin yetirmələri bu gün Naxçıvan Dövlət Universitetində uğurlu elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar. 
    Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı videoçarx nümayiş olunub.
    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin elmi fəaliyyətindən söhbət açaraq alimin elmi jurnallarda çap olunan məqalələrindən danışıb. Zöhrab müəllimin yazdığı məqalələrin, xüsusilə müasir dövrlə səsləşdiyini vurğulayan akademik diqqətə çatdırıb ki, Zöhrab Vəliyev nəzəriyyə ilə təcrübəni vəhdətdə aparan alim idi.  
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev alimin yüksək elmi potensiala malik olduğunu çəkdiyi nümunələrlə əsaslandırıb. Çıxışda AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin öz işinə olan sonsuz məsuliyyətini qeyd edərək həmçinin ideal ailə başçısı, səmimi və mehriban bir insan olduğunu bildirib. 
    AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında o dövrdə Zöhrab Vəliyevin Moskva Dövlət Universitetində təhsil alması, Fizika İnstitutunda işləməyə başlamasını yüksək qiymətləndirib, alimin gənc yaşlarında qazandığı uğurları xüsusilə qeyd edib. Akademik vurğulayıb ki, böyük alimlər zamanı, elmi qabaqlayırlar, Zöhrab müəllim də məhz belə ziyalılarımızdan olub.  
    Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov Zöhrab müəllimin tələbələri olaraq çıxış ediblər. Onlar professor Zöhrab Vəliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Çıxışlarda bildirilib ki, humanist, ədalətli müəllim, əsl ziyalı alim obrazının təcəssümü kimi qiymətləndirilən Zöhrab müəllimin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
    Ümumi və nəzəri fizika kafedrasının dosenti, Zöhrab Vəliyevin dissertantı olmuş Nailə Qardaşbəyova Zöhrab Vəliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Zöhrab müəllimin əsas elmi tədqiqatlarından bəhs edən məruzəçi qeyd edib ki, alim 24-ü xaricdə nəşr olmaqla, 93 elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 1 dissertasiya müdafiə edilmişdir. Web of Science, Scopus və sair beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan 17 əsəri olmuşdur. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir.
    Sonda alimin ailə üzvlərindən qardaşı çıxış edərək Zöhrab müəllimin yubileyinin keçirilməsində dəstəyi olan hər kəsə minnətdarlığını bildirib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya,
 mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 06.06.2023 10:15