AZ EN RU

Professor Mahirə Hüseynova: "Kitablarımızla, elmi araşdırmalarımızla Qərbi Azərbaycana doğru addımlayırıq"

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Şərq qapısı”na müsahibə verib: – Bugünkü təqvim tarixdə qalacaq bir gündür. Ona görə tarixdə qalacaq ki, vaxt olacaq geri boylananda mütləqdir ki, bu kitabların təqdimatı və ikinci konqres-festivalın keçirilməsinin başlanğıcı olaraq bu gün xatirimizdən heç zaman silinməyəcək. Tarix olacaq, amma silinməyəcək. Çünki hər hansı ədəbi bir mövzuya çevriləcək, hər hansı bir şeirin, romanın mövzusu olacaq. Və qeyd edim ki biz ikinci dəfədir ki, konqres-festivalın keçirilmə ərəfəsindəyik. Bunun Zəngəzur Milli Parkında keçirilməsinin bir böyük əhəmiyyəti də var. Bütün dünya səsimizi eşidəcək və biləcək ki, dağların bu üzü bizim olduğu kimi, o üzü də bizimdir. 2023-cü ilin dekabr ayında cənab Prezident respublika ziyalıları ilə görüşündə qeyd etdi ki, biz o torpaqları top-tüfəng ilə yox, silahla yox, hərb yolu ilə yox sülh və elmimizlə, biliyimizlə qaytaracağıq. Tarixi xəritələr, tarixi mənbələr bütün bunların hamısı sübut edir ki. Məhz o torpaqlar Qərbi Azərbaycan torpaqlarıdır. Bu gün təqdimatını keçirdiyimiz “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitabının müəllifi olaraq qeyd edə bilərəm ki, bunu mənim ötən il burada təqdimatını keçirdiyimiz “Qərbi Azərbaycan Paleotoponimlərinin Linqvistik etimoloji təhlili” kitabımın davamı kimi də qiymətləndirmək olar. O kitabda paleotoponimləri araşdırdığımız halda, bu kitabda XX əsrdən söhbət gedir. Zaman baxımından böyük bir zamanı əhatə edir və arada böyük bir kəsik var. Amma bütün zamanlarda, bütün dövrlərdə məkrli siyasətin qurbanı olan kəndlərimiz, şəhərlərimiz, insanlarımız, tayfalar, xalq hamısı elə bil böyük bir soyqırıma məruz qalıb ki, amma havadarların çoxluğundan biz susmuşuq. Bu gün isə susmuruq. Çünki bizim başımızın üstündə dəyərli, düşüncəli, güclü sərkərdəmiz var və bu çağırış məhz onun çağırışıdır, xalqın çağırışıdır. Xalqın çağırışı ilə biz bu yoldayıq, israrlıyıq. Kitablarımızla, elmi araşdırmalarımızla Qərbi Azərbaycana doğru addımlayırıq. Bir məsələni də qeyd edim ki, “Ulduz” jurnalı respublika səviyyəli, çox yüksək səviyyəli bədii-publisistik jurnaldır. Mən əminəm ki, biz dediklərimiz, yazdıqlarımız, ziyalıların yazdıqları, dedikləri gənclərimizi maarifləndirəcək və maariflənmiş gəncliyin qarşısında heç bir məkrli siyasət dura bilməz. Qərbi Azərbaycana doğru daha bir addım atdıq. Uğurlar olsun!

Nəşr edilib : 19.06.2024 21:22