AZ EN RU

Prezidentin Şuşa mesajları kimə yönəlmişdi?

Danılmaz faktdır ki, bu gün Cənubi Qafqazdakı əsas proseslərin müəllifi və istiqamətvericisi Azərbaycandır. Çünki Azərbaycan cənab İlham Əliyevin müəllifliyi ilə regiondakı reallıqların əsas yaradıcısıdır. Nəyin necə baş verdiyini və ya verəcəyini isə dövlət başçısı özü müəyyənləşdirir və vaxtaşırı olaraq çıxışlarında buna yer verməklə həm də ictimaiyyətin ehtiyac duyduğu informasiyanı bütün dolğunluğu ilə təmin edir. Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olduğu gündə Şuşada, elə şuşalılarla görüşündə də bir çox məsələlərə toxunmaqla ictimai rəyi bir daha aydınlatdı. Prezidentin Şuşa sakinləri ilə görüşündə söylədiklərinin isə ünvanları fərqli auditoriyalar idi: Amerika səfirinin “diplomatik cığallığı”ndan tutmuş, erməniləşmiş Fransanın hərəkətlərinə xəbərdarlığadək və ya sərhədlərin hansı yolla müəyyən edilməsindən, revanşizmə hazırlıq istəyində olanların son aqibətinin necə olacağınadək çox məsələlərə toxunuldu. Elə çıxışın domino effekti yaratması da bundan qaynaqlanırdı.

Prezident çıxışında ilk olaraq II Qarabağ müharibəsinə toxundu, bildirdi ki, biz torpaqlarımızın, o cümlədən Şuşanın işğal altında qalması ilə barışmamışdıq və illərdir, bunun üçün hazırlaşırdıq, iqtisadiyyatımızı gücləndirir, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi isə torpaqlarımızı öz canı-qanı bahasına alan yeni gənc nəsil yetişdirirdik. Və bu gün belə möhtəşəm qələbənin əldə olunmasında, ilk növbədə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Dövlət başçısı yenə də bu məsələyə toxundu ki, uzun illər mən Prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də, yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Səbəbini isə dövlət başçısı belə açıqlayır:“Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər”.

Son günlərin ən aktual məsələlərindən olan Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı məsələyə münasibət bildirən Prezident bildirdi ki, bir tələbimlə Qazaxın dörd kəndi bizə qaytarılır, bax belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.

Buradan aydın olur ki, cənab İlham Əliyev bu tələbi birbaşa Paşinyanın qarşısına qoyub və qəti şəkildə tələb edib. Əks halda hərbi yola əl atacağını onun diqqətinə çatdırıb. Ermənistanın baş naziri də Azərbaycan Ordusunun işə qarışacağı halda hansı vəziyyətin yaranacağını təsəvvür etdiyindən bu tələb qeyd-şərtsiz icra olunub.

Azərbaycan Prezidenti çıxışında vaxtilə Minsk qrupunun üzvü olmuş Amerika və Fransanın hərəkətlərinə də qiymət verdi, eyni zamanda xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə, yox torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların fəaliyyətsizliyi təsadüfi deyildi və məsələni həll etmək istəmirdilər. Çünki bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.

Prezident sözlərinə davam edərək bildirir ki, bu gün də baxın bizə qarşı Fransa və Amerika əsas rol oynayırlar, xüsusilə də Fransa. Dövlət başçısının xəbərdarlığını isə olduğu kimi təqdim edirəm: “…Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik…”

Hər iki ölkə arasında sərhəd xətlərinin müəyyənləşdirildiyi dövrdə cənab İlham Əliyevin növbəti dəfə bu məsələyə toxunması və şərtləri qarşı tərəfə diktə etməsi də xüsusi vurgulanmalıdır. Sitat: “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm” .

Hər halda bu mesaj təkcə Ermənistana yox, həm də qonşu ölkədəki revanşist proseslərə rəhbərlik edən xarici güclərə, eyni zamanda Fransa və Amerikaya ünvanlanmış ən sərt xəbərdarlıqdır! Azərbaycanın dövlət başçısı bu fikirləri hansısa rəsmi dövlət məmurunun və ya medianın dili ilə yox, birbaşa Özü çatdırır! Həm də çatdırmaqla qalmır, nəticəsinin nə olacağını da xəbərdar edir: burada söz sahibi bizik, bizimlə hesablaşmasalar peşman olacaqlar!

Sonda bir xatırlatma da bizdən olsun: Azərbayan Prezidentini xalqına sevdirən ən böyük səbəb verdiyi vədləri artıqlaması ilə yerinə yetirməsidir!

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 12.05.2024 09:25