AZ EN RU

Prezidentin mükafatlandırdığı Zərifəni siz də tanıyın

Bu gün elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək Prezident mükafatına layiq görülən  gənclər arasında həmyerlimiz də var. Prezident mükafatına layiq görülən Məhərrəmova Zərifə Hüseyn qızı Naxçıvan şəhərində doğulub. Şərur rayon 2 nömrəli tam orta məktəbi bitirib. Zərifə Məhərrəmova ADA Universitetində bakalavr səviyyəsinin Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb. O eyni zamanda ADA Universiteti və BERGAMO Universitetinin “MaRTE” II səviyyə peşəkar səviyyə artırma proqramını başa vurub. O həm də Sankt-Peterburq Dövlət Universitetinin İctimai siyasət və qlobal idarəçilik fakültəsini magistr dərəcəsi üzrə bitirib.

Kifayət qədər geniş fəaliyyət dairəsində çalışan Zərifə Məhərrəmova COP28 İqlim Konfransı və ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) Gənclər Forumu  çərçivəsində paralel yan tədbirin ideya müəllifi və təşkilatçısı, BƏƏ-də COP28 İqlim Konfransında UNICEF, BMT-nin Uşaq Fondu tərəfindən təşkil edilən yan tədbirin, Bosniya və Herseqovinada BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən təşkil olunan Beynəlxalq Forumun, BMT Gənclərin İqlim Sammitinin Azərbaycan təmsilçisi və çıxışçısı olub. O həm də Azərbaycan və ingilis dillərində çap edilən “Azərbaycan BMT Model Hərəkat” jurnalının ideya müəllifi və qurucusudur.

Həmyerlimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Nəşr edilib : 01.02.2024 15:56