AZ EN RU

Prezidentin köməkçisi: “Azərbaycan İrandan münasibətlərin normallaşması ilə bağlı müsbət siqnallar alır”

“Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran qonşu ölkədir və Azərbaycanın bütün qonşularla yaxşı münasibət qurması çox vacibdir: "Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd olduğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr saxlamaqdan ibarətdir”.

“İranla Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik kanallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışırıq və İran tərəfdən də müsbət siqnallar alırıq”, - o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək, bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit yaratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.

Nəşr edilib : 07.09.2023 20:20