AZ EN RU

Prezidentin əfv Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvanda da müvafiq işlər həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müsəssisəsində cəzaçəkən bir nəfər azadlığa buraxılıb.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Penitensiar Xidmətin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov söyləyib.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası, gələcək azadlıq həyatlarını islaholunmuş şəkildə düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir. Bu gün azadlığa çıxan Ümid Bağırov da bu baxımdan yaradılan şəraitdən yararlanıb, cəza müddətində müvafiq kurslara cəlb olunaraq sertifikatla təmin edilib. Bu da vətəndaşın azad həyata tez zamanda uyğunlaşmasına və məşğulluğunun təminatına imkan verəcək.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin mayın 25-də imzaladığı əfv Sərəncamı bu gün Naxçıvanda da icra olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində tədbir keçirilib. Tədbirdə xidmətin rəis müavini, ədliyyə kapitanı Eltural Vəzirov Sərəncamın əhəmiyyətinə toxunub, azadlığa çıxan vətəndaşa buraxılış vərəqəsini təqdim edərək ona gələcək həyatında uğurlar arzulayıb. Azad olunan Ümid Bağırov və atası Allahverdi Bağırov, ailə üzvləri əfvi dövlətin vətəndaşına göstərdiyi qayğının təzahürü, insan hüquq və azadlıqlarının təmini istiqamətində atılan növbəti humanist addım kimi dəyərləndirib, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.


Nail ƏSGƏROV

Nəşr edilib : 26.05.2024 13:23