AZ EN RU

Prezident xəbərdarlıq etdi…

Sonrasını Qərb və onun qorumaq istədiyi Ermənistan düşünsün

Məlum olduğu kimi, sabah Brüsseldə Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək görüşü keçiriləcək. Bu görüşü, qısa desək, şimal qonşumuz Ermənistanın nankorluğu, Qərb Rusiyanın siyasi-iqtisadi təsiri altında köməksiz qalan ölkənin iqtisadi dirçəlişi, Azərbaycan isə sülhə qarşı oynanılan növbəti oyun kimi qiymətləndirir. Məsələnin dərin qatlarında isə II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı müasir reallığın adıçəkilən tərəfləri qane etməməsidir. 30 illik işğal dövründəki vəziyyət Ermənistanı da, Rusiyanı da, Qərbi də qane edirdi, təkcə Azərbaycandan başqa. İndi isə elə maraqlı vəziyyət yaranıb ki, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində bir-birinə zidd olan ölkələr də Azərbaycan məsələsində həmfikir olublar. Səbəb isə çox sadədir: Azərbaycan müstəqil dövlətdir və öz siyasi kursunu də kimsədən asılı olmayaraq, müstəqil qurur və bunda heç kəsə güzəştə getmir.

Zaman-zaman istər Qərb, istər Rusiya, istərsə də Ermənistan tərəfindən səsləndirilən sülh bəyanatları siyasi demoqogiyadan başqa bir şey deyil. Amma ortada sadə bir məntiq də var: Cənubi Qafqazda heç bir proses Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Elə buna görədir ki, dünən ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng etdi. ABŞ-ın xarici siyasət rəhbəri bu üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident cənab İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyindən qaynaqlandığını bildirdi. Eyni zamanda sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti isə onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin müzakirə olunduğunu bildirdi. Dövlət başçısı açıq şəkildə anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını ABŞ dövlət katibinin diqqətinə çatdırdı. Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, Azərbaycan Prezidenti planlaşdırılan ABŞ, Avropa Birliyi və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmamasının Cənubi Qafqazda sülhə deyil, gərginliyin yaranmasına gətirib çıxaracağını Blinkenə xatırlatdı. Bu xatırlatma, eyni zamanda Prezidentin sabah qurulacaq Qərb masasına xəbərdarlığı idi!

Blinkenin Azərbaycan Prezidentinə zəngi gözlənilən idimi? Məntiqlə, bəli. Birinci ona görə ki, belə bir görüşün keçirilməsi barədə məlumatın açıqlanmasından sonra Azərbaycan məsələ ilə bağlı narazılığını bəyan etmişdi. Rəsmi Bakı qəti surətdə xəbərdarlıq etmişdi ki, Aİ və ABŞ-ın Ermənistanın iştirakı ilə üçtərəfli konfrans keçirməyi planlaşdırması açıq-aydın birtərəfli və qərəzlidir və ikili standartlara əsaslanır. Bu, erməni tərəfini sülh danışıqları aparmağa sövq etmək əvəzinə, regionda yeni gərginlik yaradır. Buna görə də Azərbaycan açıq şəkildə bildirmişdi ki, Avropa İttifaqı və ABŞ Ermənistanın mümkün sabitliyi pozan hərəkətlərinə görə məsuliyyəti bölüşəcəklər. Dövlət başçısının qətiyyəti və böyük nüfuzu sayəsində beynəlxalq təhlükəsizlik, Avropanın qaz təchizatında artan rolu, Şərqlə Qərb arasında mühüm lojistika imkanlarına sahibliyi, qlobal məsələlərdəki işbirliyində mühüm rolu olan Azərbaycanın narahatlığı, təbii ki, ABŞ-ın diqqətindən qaça bilməzdi. Blinkenin zəngi həm də bu baxımdan əhəmiyyətli idi. Eyni zamanda dövlət başçısı söhbət əsnasında Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu, Fransa xarici işlər nazirinin yalan danışaraq Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu da həmsöhbətinin diqqətinə çatdırdı.

Beləliklə, Ermənistanın Qərblə əməkdaşlığının yalnız Türkiyə və Azərbaycanla normallaşma prosesindən asılı olduğunu yaxşı dərk edən ABŞ və Aİ, deyəsən, prosesləri əks tərəfə yönəltməkdə israrlı görünürlər. Azərbaycan isə hələ ki, gözləmə mövqeyindədir. 5 aprel görüşündən sonra Brüsseldə verilən vədlərə arxalanıb işləri (məlum kəndlərin geri verilməsi, delimitasiya) uzadarsa, yəqin ki, Ermənistanın Ukraynalaşması da uzun çəkməz.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 04.04.2024 14:36