AZ EN RU

Prezident seçkiləri Azərbaycanı yeni hədəflərə istiqamətləndirəcək

    Son illərdə Azərbaycan o qədər mühüm tarixi proseslərə müəlliflik edir ki, ölkəmizdə baş verən istənilən yenilik anında beynəlxalq müstəvidə də müzakirə olunur. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Tarixi Qələbənin qazanılması, bu ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatlarından sonra suverenliyimizin təminatı Azərbaycanın özü tərəfindən yaradılan reallıqların yeni istiqamətlərini müəyyən edir. Bir neçə gün bundan əvvəl dövlət başçısı tərəfindən ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında imzalanan Sərəncam da müvafiq istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin qətiyyətlə və uğurla yerinə yetiriləcəyinin siqnalı sayıla bilər. Sərəncama əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. 

    Doğrusu, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının konturlarının cızıldığı, iki ölkə arasında sərhəd xətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında kommunikasiya xətlərinin bərpası ilə bağlı müxtəlif yanaşmaların ortaya qoyulduğu bir dövrdə heç kim növbədənkənar prezident seçkilərinin anonsunu gözləmirdi. Məhz Sərəncamdan sonra ilk dəfə  Milli Məclisin payız sessiyasının növbəti iclasında sədr Sahibə Qafarova  bildirdi ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin  bütün ərazisində keçiriləcək. Milli Məclisin sədri növbədənkənar prezident seçkilərini həm də “Zəfər seçkiləri” adlandıraraq  Prezident cənab İlham Əliyevin xalqa verdiyi bütün vədləri tam yerinə yetirdiyini bir daha yüksək tribunadan bildirdi. 
    Bəli, prezident seçkiləri istənilən ölkənin gələcək perspektivlərini dəyərləndirmək baxımından mühüm hadisə hesab olunur. Digər tərəfdən, seçkilərin müxtəlif vəziyyətlərdə təxirə salınması və ya vaxtından əvvəl (növbədənkənar) keçirilməsi dünya təcrübəsində çox rast gəlinən haldır. Azərbaycanda növbəti prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinə isə  bir çox tərəflərdən baxmaq mümkündür. 
    İlk olaraq vurğulanmalıdır ki, dövlət başçısı tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı cənab İlham Əliyevin həm Prezident, həm də Ali Baş Komandan kimi özünəinamın, xalq tərəfindən qətiyyətlə dəstəklənəcəyinə əminliyinin göstəricisidir. Bu əminlik isə oradan qaynaqlanır ki, cənab İlham Əliyev ötən 20 il ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirib. Ən əsası isə ilk dəfə prezident seçildikdən sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə söz verərək, bu böyük vədini ən mürəkkəb və çətin geosiyasi vəziyyətdə yerinə yetirərək dünya tarixində misilsiz bir qalibiyyətə və qabiliyyətə imza atıb. Bu fakt isə dövlət başçısının növbəti seçkidə xalq tərəfindən daha çox dəstək görməsinə imkan verəcək. 
    Digər tərəfdən, bu seçkilər potensialı və elektoratı olan siyasi qüvvələr üçün yeni bir fürsət olacaq. Radikal müxalifətin indiyədək iqtidarın fəaliyyətini daha çox Qarabağ problemi üzərindən manipulyasiya etmək imkanı var idisə, artıq bundan sonra bu imkan da əldən çıxmış olur. Odur ki, ölkədə ədalətli rəqabət mühitinin təmin ediləcəyi növbəti seçkilərdə istənilən narazıçılıq qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndiriləcək.  
    Növbəti prezidentlik dövründə isə cənab Əliyev 30 il işğal altında qalan Xankəndini, Şuşanı, Xocalını, Zəngilanı, Füzulini və digər bölgələri XXI əsrin  müasir yaşayış məntəqələrinə, həmçinin dünyaya innovativ məhsul və xidmətlər təklif edən şəhər və rayonlara çevirəcək. Eyni zamanda növbəti dövrdə Azərbaycanın Şimal-Cənub və Şərqlə-Qərb arasında mövqeyi daha da güclənəcək. Azərbaycan hər iki istiqamət üzrə ən etibarlı logistik qovşağa çevriləcək. Buna görə də bu seçki həm də regionda Azərbaycanın tam müstəqilliyini həzm edə bilməyən qüvvələr üçün ciddi siqnaldır. Yəni yaxşı eşidin, hələ uzun illər “ipə-sapa yatmayan” Azərbaycan və onun müdrik rəhbəri ilə işləməli olacaqsınız.
    Bir sözlə, Azərbaycan növbəti prezident seçkilərindən sonra yeni bir mərhələyə qədəm qoyacaqdır. Qarşıda mühüm hədəflər var…

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.12.2023 17:45