AZ EN RU

Prezident naxçıvanlı idmançını mənzillə təmin edib

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Prezident tərəfindən mənzil orderi ilə mükafatlandırılan idmançılardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev olub.

Qeyd edək ki, Tayfur Əliyev 1 yanvar 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. Hələ uşaq ikən qardaşı Sərxanla bərabər əvvəlcə Cavanşir Salayevin başçılıq etdiyi boks məşğələlərinə qoşulub, sonra isə mərhum Məmmədəli Eyvazovun məşqçiliyi ilə peşəkar karyerasına start verib, çoxsaylı uğurlara imza atıb. Hazırda atası Nəriman Əliyevin şəxsi məşqçiliyi ilə karyerasını davam etdirir.

İlk böyük uğuruna 2011-ci ildə Rusiyanın Qroznı şəhərində məktəblilərin avropa çempionu kimi nail olub. Qitə çempionatlarındakı növbəti cəhdində isə gənclər arasında gümüş medala layiq görülüb. Yeniyetmə və gənclər arasında keçirilən ölkə çempionatları, eləcə də beynəlxalq turnirlərdəki ardıcıl nailiyyətləri sayəsində milli komandanın heyətinə cəlb olunan Tayfur 2015-ci ildə dünya çempionatında debüt edib, Bakı-2015 Avropa Oyunlarında isə bürünc medal qazanaraq mükafatçılar sırasına düşüb. Həmin il I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. Bundan sonrakı dövrlərdə davamlı olaraq yığma komandanın heyətində təlim-məşq toplanışları və yarışlarda iştirak edən idmançı Rio 2016 və Tokio 2020 Yay Olimpiya Oyunlarına qatılmaqla dünyanın ən nüfuzlu idman hadisələrində çıxış etmək şansı əldə edib. Bakının 2017-ci ildə ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında bürünc, 2018-ci il gənclərin Avropa çempionatında isə gümüş mükafatçı olub. Son dövrlərdəki ən böyük uğuru hərbçilər arasında keçirilən 2021-ci ilin dünya çempionatında qazandığı bürünc medaldır. 2022-ci ildə keçirilən Azərbaycan çempionatındakı birinciliyi ilə ölkə çempionatlarında qazandığı qızıl medal sayını 13-ə yüksəldib. Sonuncu dəfə Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla tamamlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.01.2023 16:36