AZ EN RU

Prezident İlham Əliyevin SPECA-nın Zirvə görüşündə səsləndirdiyi fikirlər Rusiya mediası tərəfindən işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı Rusiya mətbuatında geniş işıqlandırılıb.

“Moskovskiy komsomolets” qəzeti Azərbaycan Liderinin çıxışına istinadla 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura 140 minədək qaçqın və məcburi köçkünün doğma yurduna qayıdacağını bildirib. Qəzet azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin inşa olduğunu diqqətə çatdırıb.

TASS agentliyi Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 100 yaşayış məntəqəsinin bərpa olunacağını bəyan etdiyini bildirib. Agentlik xatırladıb ki, Prezident İlham Əliyev bir müddət əvvəl 2024-cü ildə Qarabağda bərpa işlərinə büdcədən 2,4 milyard dollar ayrılacağını vurğulamışdı.

Bu ölkənin “Arqumentı i faktı”, “News.ru”, “Lenta.ru”, “Profile.ru” nəşrlərində, telekanallarında və radiolarından yayımlanan informasiyalarında da Azərbaycan Prezidentinin Zirvə görüşündə səsləndirdiyi fikirlərə geniş yer verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Nəşr edilib : 24.11.2023 19:02