AZ EN RU

Prezident İlham Əliyev: “İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var”

     Ötən həftə Cənubi Qafqazın siyasi elitasının əsas diqqəti Almaniyaya yönəlmişdi, bu ölkədə keçirilən Münxen Təhlükəsizlik Konfransı adından məlum olduğu kimi, sülhə, tərəfdaşlığa, təhlükəsizliyə önəm verən region ölkələri, o cümlədən də Azərbaycan üçün gələcək əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, bölgədə əmin-amanlığın təmini baxımından bir sıra hadisələrlə yadda qaldı.
    Politoloqların əsas müzakirə predmeti kimi, heç şübhəsiz, konfransın sədri Kristof Heusgenin moderatorluq etdiyi, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirakı ilə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası vurğulamaq lazımdır. İclasda tarixi faktlarla işğalçı Ermənistanın çirkin planlarını bir daha bütün dünyanın gözü önündə ifşa edən qalib ölkənin lideri cənab İlham Əliyevin diplomatik şillələri qarşısında başı gicəllənən Nikol Paşinyan heç bir əsası olmayan sərsəm bəyanatlar səsləndirərək növbəti dəfə özünü rüsvayçı vəziyyətə saldı. Konfransın ümumi detalları belə deməyə əsas verir ki, kiçik düşüncənin qavramaqda çətinlik çəkdiyi böyük siyasət meydanında ölkə başçısı cənab İlham Əliyev anti-Azərbaycan mövqeyindən yanaşan qüvvələri yenə oyundan kənar vəziyyətə salmağı müfəssəl şəkildə bacardı...
    Ölkə Prezidenti plenar iclaslarla yanaşı, konfrans çərçivəsində bir sıra rəsmi görüşlər də keçirdi ki, onlar arasında dünya siyasi arenasında ən çox rezonans doğuranı İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüş idi. Görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan Regionu arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı. Bu məqamda Prezident cənab İlham Əliyevin hələ bir neçə il əvvəl, daha dəqiq desək, 2017-ci ildə Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşünü də xatırlatmaq yerinə düşər. Həmin görüşdə də Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilmiş, qarşı tərəf Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirmiş, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulamışdı. Məhz “Bu yaxınlığa rəvac verən nədir?” sualına tarixi aspektdən yanaşanda isə cavab gün kimi aydın olur: Ortaq düşmən. Bəli, tarixə nəzər salanda görürük ki, həm kürdlər, həm də azərbaycanlılar tarixin müxtəlif dönəmlərində eyni düşməndən ciddi zərbələr alıblar. 1918-ci il 31 martda, 1992-ci il 17, 26 fevral tarixlərdə azərbaycanlıları soyqırımılara və eləcə də müxtəlif dövrlərdə faciələrə, deportasiyalara məruz qoyan ermənilər eyni aqibəti kürdlərə də yaşadıblar. Tarixi vərəqləyib bir-iki fakta diqqət yetirmək kifayətdir ki, bədxah qonşumuzun kürdlərə qarşı nifrətini sezmək mümkün olsun. Belə ki, bu barədə kiçik araşdırma apardıqda Türkiyənin Van vilayətindəki vitse-konsulu mayor Vilyamsın 15 may 1896-cı il tarixli raportunda ermənilərin kürdləri qətlə yetirmələri barədə yazıldığını öyrəndik: “Çatdırmağı özümə şərəf bilirəm ki, bu vilayətdə vəziyyət heç bir cəhətdən qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüş və ikisi yaralanmış, ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür. Təsdiqlənmişdir ki, hər iki halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır” (Viscount Bryce-Arnold Toynbee, The Treatment of Armenians in the Ottoman Empire 1915-16, Documents presented to Viscount Grey of Fallodon, Secretary of State for Foreign Affairs, with a preface by Viscount Bryce, London, 1916.7-22). İran generalı, səfiri Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (Həsən xan Ərfə kimi tanınır) isə yazır ki, 1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə Qafqaz və Türkiyə ermənilərindən təşkil olunmuş 130 könüllü dəstə irəlidə gəlirdi. Bunlardan birisinə qana susamış Andronik adlı birisi komandanlıq edirdi. Bu ermənilər 1915-1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600 000- dən çox kürdü qətlə yetirdilər.
     Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşünün detalları isə oxşar acı tarixi həqiqəti yaşayan xalqların yaxınlığından, İraqın Kürdüstan Regionu ilə Azərbaycanın gələcək əməkdaşlıq əlaqələrinin qurulacağından xəbər verir. İraqın  geosiyasi reallığına nəzər yetirəndə aydın olur ki, artıq Kürdüstan Regionu müstəqil dövlət atributlarına malikdir. Bu regionun bayrağı, gerbi, ordusu, xarici siyasəti – bir sözlə, müstəqil dövləti şərtləndirən bütün atributları, eyni zamanda qarşılıqlı əməkdaşlığın inkişafına yol açan güclü iqtisadi potensialı, zəngin yeraltı sərvəti vardır. Belə ki,  İraq Kürdüstanının sübut olunmuş neft yağları 45 milyard barelldir, amma ehtiyatda olan potensial yataqları nəzərə alsaq, bu rəqəm 115 milyard barellə qədər gedib çıxır. Son illər həmin ərazidə aparılan geoloji axtarışlar nəticəsində 3 trilyon kubmetr qaz ehtiyatları da aşkar olunub. Bu da, ümumilikdə, İraqın qaz ehtiyatlarının 90 faizi deməkdir. 
    Bəhs olunan görüşdə əsas diqqətçəkən məsələ Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu arasında üçtərəli əlaqələrin əsas müzakirə predmetinə çevrilməsi idi. Neçirvan Bərzani diqqətə çatdırdı ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər. Qeyd olunduğu kimi, Kürdüstan Azərbaycana qardaş ölkə sayılan Türkiyə ilə çox yaxşı əlaqələrə malikdir, iki tərəfin siyasi rəhbərliyi arasında yaxın münasibətlər və sıx dialoq var, mütəmadi görüşlər keçirilir. Prezident cənab İlham Əliyev də bu faktora diqqət çəkərək Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu, bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini dedi. 
    Aradakı ticarət dövriyyəsinin 12 milyard dollar təşkil etdiyini nəzərə alsaq, iqtisadi  əlaqələr baxımından Kürdüstan Türkiyənin yaxın tərəfdaşı olduğunu əminliklə deyə bilərik. Həm bu baxımdan, həm də regionda qarışıqlıq yaratmağa çalışan Ermənistan və ona dəstək verən dövlətlərə qarşı münasibətdə də İraqın Kürdüstan Regionu ilə Azərbaycanın maraqları üst-üstə düşür. Məhz anti-Azərbaycan siyasəti yeridən qonşu İrandakı molla rejimi tərəfindən ən çox diskriminasiyaya uğrayan xalqlar sırasında Azərbaycan və kürdlər öndə gəlir. İranın Kürdüstanla sərhəddə tez-tez hərbi əməliyyatlar keçirməsi, kürdlərin yaşadıqları əraziləri ağır silahlardan atəşə tutması, çoxsaylı insan tələfatına səbəb olan əməliyyatlar reallaşdırılması da buna əyani sübutdur. Məsələyə hər iki tərəfin vətəndaşları mövqeyindən yanaşanda Münxen görüşündə Neçirvan Bərzaninin İraqın Kürdüstan Regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd etməsi də gələcək əməkdaşlıq əlaqələrinin qurulmasının təkcə dövlətin deyil, eyni zamanda yerli kürd əhalisinin də marağında olduğunu sezmək çətin deyil.
    Beləliklə, fevralın 18-də Münxen görüşünün yüksək səviyyədə keçməsi, gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsi, sonda Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etməklə Prezident cənab İlham Əliyev əvvəllər İraq Kürdüstanını Azərbaycana qarşı çıxarmağa, millətlərarası konflikt yaratmağa cəhd edən Ermənistan və düşmən mövqedə dayanan bir sıra qüvvələrin məkrli planını fiyaskoya uğratdı. İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar deməklə, gələcək qarşılıqlı əlaqələrin ilkin siyasi konturlarını müəyyənləşdirdi. 

Nail ƏSGƏROV
 

Nəşr edilib : 20.02.2023 16:03