AZ EN RU

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğuladı.

Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd etdi, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.

İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu dedi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırdı.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışdı.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.

Nəşr edilib : 05.07.2023 14:07