AZ EN RU

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Prezident İlham Əliyevdən ölkədaxili, regional və qlobal məsələlərlə bağlı müsahibələr, açıqlamalar götürməkdə son dərəcə maraqlı olan dünyanın nüfuzlu media orqanları üçün dövlətimizin başçısı ilə görüşmək xüsusi avantaj hesab olunur. Beynəlxalq səviyyəli hər bir media subyekti müharibədə müasir hərbi texnologiyalarla qalib gəlmiş, yüksək peşəkarlıqla və ləyaqətlə döyüş apararaq Zəfər qazanmış bir ölkənin prezidentindən müsahibə götürməkdə son dərəcə maraqlıdır. Neft və qazla zəngin olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu gün də diqqət mərkəzindədir. Bu mənada, Avropanın ən tanınmış televiziya kanallarından olan “Euronews”un Prezident İlham Əliyevə müsahibə üçün müraciət etməsi, müsahibədə bir sıra fundamental məsələlərə aydınlıq gətirilməsi xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının beynəlxalq məsələlərlə bağlı şərhləri nüfuzlu media orqanlarının manşetlərində yer alır.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri zamanı “Euronews”a müsahibəsi ilə bağlı AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

Politoloq bildirib: “Hər şeydən əvvəl bildirək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgilər enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Artıq 30 ildir keçirilən bu tədbirin builki konfranslarına 37-dən artıq ölkədən 300-dək şirkət qatılıb. Dövlətimizin başçısının müsahibəsində dünya ölkələrinin enerjiyə olan tələbatı məsələsinə, Azərbaycanın bu prosesdə roluna aydınlıq gətirildi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Bərpaolunan enerji mənbələrimizin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycanın strateji tərəfdaşı olan “Masdar”, “ACWA Power” və BP sərmayədarlarımız sırasındadırlar. Azərbaycanın hədəfi ixrac potensialını gücləndirməkdir. Ötürülmə xətlərinin təmin edilməsi üçün biz qonşu ölkələrlə sıx əməkdaşlıq edirik. Ölkəmizdə bərpaolunan energetika sahəsinin inkişafı, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib”.

O qeyd edib ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın hərbi, diplomatiya sahələrindəki qələbələri iqtisadi sferada da davam etdirilir. “Önəmli məqamlardan biri də odur ki, ölkəmiz etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev də qeyd etdi ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri dünyada birlik və həmrəylik yaratmaqdır. Azərbaycan elə bir müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə sıx, həvəslə əməkdaşlıq etsinlər, planetin qorunması bütün maraqların fövqündə dayansın. Bərpaolunan enerjidən düşünülmüş şəkildə istifadə olunmalıdır”, - deyən R. Alıyevin sözlərinə görə, elektrik enerjisinin maksimum istehsalı ilə təbii qaza qənaət edə bilərik. Bu zaman Avropa ölkələrinin “mavi yanacağa” olan tələbatını müəyyən qədər ödəmək mümkündür. Dövlətimizin başçısının dediyi kimi, qarşılıqlı iddiaları kənara qoymaq, əsas məsələlərə diqqət yetirmək günümüzün əsas tələblərindən biridir. Bundan əlavə, ABŞ Prezidenti Cozef Baydenin tədbir iştirakçılarına müraciəti Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətini artırmış oldu.

Nəşr edilib : 24.06.2024 16:41