AZ EN RU

Prezident hədəfi açıqladı: Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var

Azərbaycan Respublikası Prezidentinin Almaniyaya səfərində diqqətçəkən məqamlardan biri də, əvvəldən gözlənildiyi kimi, aparıcı alman şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Məlum olduğu kimi Almaniya Avropa İttifaqınıın aparıcı ölkələrindəndir və bu ölkə ümumi daxili məhsulun həcminə görə (3,85 trilyon dollar) dünya dördüncüsüdür. Köhnə qitənin ən böyük iqtisadi gücü sayılan Almaniyanın son iki il ərzində Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi də böyük dərəcədə (54 faizə yaxın) artıb. Ölkə başçısının alman iş adamları ilə görüşündə səsləndirdiyi fikirlərdən bir daha məlum oldu ki, Azərbaycan bu ölkə ilə iqtisadi əlaqələrin inkişafında, o cümlədən qarşılıqlı investisiya qoyuluşlarında maraqlıdır. Cənab İlham Əliyevin Azərbaycanın iqtisadi potensialı və gələcək hədəfləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verməsi də elə buna əsaslanırdı. Xüsusilə dövlət başçısının Azərbaycanın yaşıl enerji potensialı haqqında açıqlamaları, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarından bəhs etməsi bu sahədə ixtisaslaşan alman şirkətləri üçün yaxşı fürsət sayıla bilər. Sitat: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

          Qeyd etmək lazımdır ki, muxtar respublikanın enerji potensialından, xüsusilə yaşıl enerji imkanlarından istifadə son illərdə aktuallığını daha da artırıb. İndiyədək Babək rayonunda 22 meqavat,  Kəngərli və Şərur rayonlarının hər birində 5 meqavat gücündə Günəş,  həmçinin muxtar respublikada ilk dəfə olaraq Culfa rayonunda Külək Elektrik stansiyalarının istifadəyə verilməsi bu istiqamətdə atılan ilkin addımlar kimi dəyərləndirilə bilər. Naxçıvanda yaşıl enerji layihələrinin reallaşdırılması və elektrik enerjisinin muxtar respublika üzərindən ixracı məsələlərinə diqqətin artırılmasının nəticısidir ki, bu ilin fevral ayında Naxçıvanda enerji layihələri üzrə perspektivlər müzakirə edilib, dövlət başçısının da dediyi kimi, muxtar respublikada 500 meqavat gücə malik günəş elektrik stansiyasının tikilməsi imkanları dəyərləndirilib.

          Prezidentin alman iş adamları ilə görüşündə ölkəmizin, eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvanın enerji potensialı haqqında detallı məlumatlar verməsi həm də ona hesablanıb ki, Azərbaycan yaxın gələcəkdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır. Artıq bu sahədə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan şaxələndirilmiş enerji idxalına böyük ehtiyac duyan Almaniya üçün də mühüm fürsətlərdən sayılır.

Səbuhi HƏSƏNOV 

Nəşr edilib : 14.03.2023 15:08