AZ EN RU

Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və muxtar respublika Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev “İlham Əliyev və ölkə iqtisadiyyatı” mövzusunda çıxış edərək bildirib ki, dünya iqtisadiyyatında tənəzzül və resessiya proseslərinin dərinləşməsinə baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə Azərbaycan iqtisadiyyatı yüksək artım templəri nümayiş etdirib. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara 104 milyard manat investisiya yatırılıb. Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyüyüb. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft sənayesində 4,7 dəfə, turizmdə 19 dəfə, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfə böyüyüb. Ötən 20 ildə qeyri-neft məhsullarının ixracı 12 dəfə artaraq, müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.

Nazir vurğulayıb ki, muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənəddə iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması və digər sahələri əhatə edən 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsi nəzərdə tutulub. Naxçıvanda Azad İqtisadi Zonasının yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. Regionun xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla bölgədə vergi və gömrük güzəştləri müəyyən ediləcək və rəqabətqabiliyyətli ticarət qovşağı yaradılacaqdır.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Vüqar Abbasov “Prezident İlham Əliyevin iqtisadi strategiyasında sahibkarlığın inkişafı” mövzusunda çıxışında bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbədən sonra Naxçıvanın inkişafı üçün şərait köklü şəkildə dəyişildi. Naxçıvanın blokadadan tamamilə çıxması üçün bütün obyektiv şərait yaradılıb. Buna Zəngəzur dəhlizinin konsepsiyasının reallaşdırılması da kömək edəcək. Bu dəhlizin də mühüm hissəsi muxtar respublika ərazisindən keçəcək. Beləliklə Naxçıvanın bütün regionun mühüm inteqral qovşağına çevrilməsi üçün əlverişli şərait yaradılacaq. Əlbəttə bunun faydasını hər bir sakin, xüsusilə də sahibkarlar hiss edəcəklər.

Vüqar Abbasov çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası, naxçıvanlı sahibkarlar adından hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə ölkə başçısına təbrik məktubu ünvanlayacaqlarını diqqətə çatdırıb.

Sonra “İlham” sənədli filmi nümayiş etirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.10.2023 17:12