AZ EN RU

Prezident cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə muxtar respublikaya 16 dəfə səfər edib

100 yaşlı muxtar respublikanın inkişaf mənzərəsi 
(“Şərq qapısı” qəzetinin materialları əsasında)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illər ərzində  müstəqilliyimizin banisi, Ümummilli Liderimiz Heydər Əliyevin doğulduğu Nuhun diyarı, Şərqin qapısı Naxçıvana dəfələrlə səfərlər edib, muxtar respublikanın inkişafını daim diqqət mərkəzində saxlayıb. 103 yaşlı “Şərq qapısı” qəzetinin arxivi vasitəsilə ötən illər ərzində ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində onun ümumi inkişaf mənzərəsinə nəzər salaq. 
Ümummilli Liderimiz Heydər Əliyevin prezident kimi 1996-2002-ci illər arasında Naxçıvana səfərlərində cənab İlham Əliyev də iştirak edib. Belə ki,  1999-cu il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümünündə milli memarlığımızın möhtəşəm abidəsi Möminə xatın türbəsini birgə ziyarət etmiş, 2002-ci ilin 15 iyununda Naxçıvanda Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdilər.  
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında arzularını, planlarını reallığa çevirən cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra 2004-2023-cü illər ərzində Naxçıvana 16 dəfə səfər etməklə bir sıra əhəmiyyətli tədbirlərin  iştirakçısı olub.
Ölkə başçısı 2004-cü il mayın 12-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yeni korpusunun təntənəli açılışına həsr olunmuş mərasimdə demişdir: “Naxçıvan bizim hamımız üçün doğma diyardır, əziz vətəndir. Mənim atamın vətənidir. Demək, mənim də vətənimdir. Hər bir azərbaycanlının vətənidir”. Həmin gün Prezident cənab İlham Əliyevin iştirakı ilə müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, Azərbaycanın digər hissəsindən təcrid olunmuş, çətin blokada şəraitində yaşayan Naxçıvanda sərnişinlər üçün yeganə rabitə vasitəsi olan Naxçıvan Beynəlxalq Hava Limanının təntənəli açılışı olmuşdur. Mayın 13-də ölkə Prezidentinin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müşavirəsində sürətli inkişafına görə Naxçıvan Azərbaycanda lider hesab edilmişdir. Mayın 14-də isə Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Prezident cənab İlham Əliyev nitqində naxçıvanlıları belə xarakterizə etmişdir: “Heydər Əliyev demişkən, naxçıvanlılar çox cəsarətli insanlardır. Onlarda milli qürur, milli şüur hissi çox yüksəkdir. Naxçıvan Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmişdir. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın Ümummilli Lideri Heydər Əliyevi bəxş etmişdir”. 
Dövlətimizin başçısı 2005-ci il dekabrın 19-da Naxçıvana növbəti dəfə səfərə gəlmişdir. Həmin gün Prezidentin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, Naxçıvanda gedən inkişaf proseslərinə nəzər salınmışdır. Dekabrın 20-də Naxçıvana təbii qazın verilməsinə dair Azərbaycan və İran prezidentləri tərəfindən sənədlərin imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirilmiş, burada 15 ildən sonra Naxçıvana təbii qazın verilməsi tarixi hadisə kimi qiymətləndirilmiş, gələcəkdə ölkələrimiz arasında sıx əməkdaşlığın davam etdiriləcəyi qeyd edilmişdir. 

Ölkə başçısı Naxçıvana səfərləri zamanı digər sahələr kimi, təhsil sahəsində də  görülən işlərlə maraqlanmış, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. 2006-cı ildə Naxçıvana səfər edən cənab Prezident dekabrın 21-də Ordubad internat-məktəb kompleksinin açılışında, 2007-ci il oktyabrın 17-də  Naxçıvan Dövlət Universiteti konservatoriyasının binasının açılış mərasimində iştirak etmiş, universitetin fəaliyyəti barədə demişdir: “Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir. Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcəkdir”. Bu gün bu ali təhsil müəssisəsi dünya universitetləri sırasında öz nüfuzu ilə seçilir.
2008-ci il iyunun 4-də Prezident cənab İlham Əliyev və Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlər keçirilmiş, ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra Prezident cənab İlham Əliyev ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyənin ovaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirmişdir. Konfrans zamanı ölkə başçısı Naxçıvanda keçirilən görüşün əhəmiyyətini vurğulamışdır: “...Bunun çox böyük siyasi mənası var. Naxçıvan o yerdir, o şəhərdir, o respublikadır ki, Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd buradadır. Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə, Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır. Bu gün isə bizim ölkələr arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir”. 
2009-cu il  avqustun 4-də ölkə başçısı Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə, həmin il oktyabrın 3-də isə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvanda keçirilən IX Zirvə Görüşündə iştirak etmişdir. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavininin iştirakı ilə keçirilmiş görüş zamanı bir çox sahələrdə türkdilli ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunmuş, TÜRKSOY Fondunun yaradılması təklif edilmiş, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi müzakirə olunmuşdur. 
Prezident cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də Naxçıvana növbəti səfəri çərçivəsində 594 şagird yeri olan 2 nömrəli Sədərək kənd tam orta məktəbin yeni binasının açılışında iştirak etmiş və  naxçıvanlıların qəhrəmanlığını belə ifadə etmişdir: “Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular”. 
Dövlət başçısı 2012-ci il mayın 30-da, 2014-cü il  aprelin 7-də Naxçıvana səfərə gəlmiş, aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısı əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsini böyük ədalətsizlik hesab etmiş, eyni zamanda bu qərarla Azərbaycanın coğrafi baxımdan iki yerə bölündüyünü diqqətə çatdırmış və tam əminliyini bildirmişdir ki, vaxt gələcək bütün tarixi torpaqlarımıza qayıdacağıq. Bu gün qürurluyuq ki, doğma torpaqlarımız azaddır və o torpaqlarda üçrəngli bayrağımız qürurla dalğalanır. Məhz bütün cəhdlərə baxmayaraq, sarsılmaz iradə, güc, birlik hesabına buna  nail olmuşuq.
Muxtar respublikaya 2015-ci il  dekabrın 1-dəki səfəri çərçivəsində ölkə başçısı Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışını etmiş, 2017-ci il yanvarın 11-də ölkə başçısının iştirakı ilə Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası, Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binası, Əlahiddə Ümumqoşun Ordunun “N”  hərbi hissəsindəki əsgər yataqxanası və əsgəri-məişət kompleksinin açılışı olub. 2018-ci il  mayın 16-da ölkə başçısının muxtar respublikaya növbəti səfəri zamanı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan Şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 nömrəli tam orta məktəbin açılışında, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. 
Prezident cənab İlham Əliyevin Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri xüsusilə yaddaqalan olmuşdur. Həmin gün Prezident Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromu, “Azərxalça” ASC-nin Naxçıvan filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı və Naxçıvanda Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında iştirak etmişdir. Ölkə başçısı həmin gün Ordubadda Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşərək demişdir: “Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.  
Prezident cənab İlham Əliyevin 2022-ci il 22 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması muxtar respublikanın inkişafında yeni mərhələ təşkil edir. 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri böyük maraqla qarşılandı. Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Dövlətimizin başçısı çıxışı zamanı dedi: “İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”. Həmin gün hər iki dövlət başçısının iştirakı ilə Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı, bir sıra sahələrdə Azərbaycan-Türkiyə sənədlərinin, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanması müxtəlif sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin növbəti mərhələsinin müəyyənləşdirilməsində mühüm idi.  
Dövlətimizin başçısının Naxçıvana səfərlərini təhlil edərəkən bir daha aydın olur ki, ötən 20 ildən artıq bir dövrdə muxtar respublikamızda hər bir sahədə inkişaf, irəliləyiş əldə olunub. Bütün bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyev yolunun layiqincə, uğurla davam etdirilməsi dayanır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir... Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır”. 


Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.02.2024 17:38