AZ EN RU

Prezident cənab İlham Əliyev: “...bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır”

    Ötən həftə regionun ictimai-siyasi həyatında yaddaqalan hadisələrdən ən mühümü “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu oldu. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər. İyulun 21-də forumun açılış mərasimində iştirak edən ölkəmizin başçısı cənab İlham Əliyev yerli və beynəlxalq jurnalistlərin suallarını cavablandırdı, dünya siyasi arenasında cərəyan edən hadisələrin fonunda ölkəmizin daxili, xarici siyasətinin müxtəlif aspektlərinə toxundu, regionun iqtisadi mənzərəsini dəyişdirən layihələrin əhəmiyyətindən, ölkələrarası perspektiv əməkdaşlıq əlaqələrindən danışdı...

    Prezidentə rusiyalı politoloq Sergey Markovun ünvanladığı Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması, sülh danışıq formatları, vasitəçilərin fəaliyyəti barədə sual siyasi gündəmin əsas mövzusunun təhlili, müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçısının müqayisəli şəkildə mövcud vəziyyəti analiz edərək verdiyi cavabda bir sıra məqamlar xüsusilə diqqət çəkdi. Birincisi, ATƏT-in Minsk qrupu və digər danışıq formatları ilə bağlıdır. Minsk qrupu deyilən kimi, ilk ağıla gələn fikir, heç şübhəsiz, ermənipərəst Fransanın da yer aldığı həmin qurumun 30 illik fəaliyyətsizliyi ilə bağlı olur. Bu baxımdan I, II Qarabağ müharibələri arasındakı dövrdə və son 3 ilə yaxın müddətdə aparılan danışıqları müqayisə etdikdə fərqlər açıq-aşkar görünür. Bu fərqi yaradan təkcə qismən dəyişilən vasitəçilərin məsələyə daha ciddi, obyektiv yanaşması deyil, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində geosiyasi vəziyyəti dəyişdirməsi və beləliklə, diktə edən tərəfə çevrilməsidir. Digər tərəfdən, ölkəmizin ortaya qoyduğu haqlı mövqe beynəlxalq hüquqa əsaslanır və nüfuzlu təşkilatlar da bunun fərqindədirlər, dəstəkləməkdən başqa çıxış yolları yoxdur... Ölkə başçısının da qeyd etdiyi kimi, bu gün sülhün əldə olunması üçün birbaşa vasitəçi dünyanın iki nəhəng dövləti ABŞ və Rusiyadır. Eyni zamanda sülhə dəstək mexanizmini yerinə yetirən, qeyri-rəsmi Brüssel formatı da vardır. Bu xüsusda vurğulamaq yerinə düşər ki, iyulun 15-də sayca 6-cı dəfə baş tutan Brüssel görüşünün nəticələri ilə bağlı bəyanatda sülhə gedən yolda artıq müəyyən qədər irəliləyişin olduğunu, eyni zamanda xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılan rəsmi danışıqların yekun mərhələyə doğru irəlilədiyi vurğulandı. ATƏT-in Minsk qrupuna gəldikdə isə qurumun 30 il ərzində bir tək nəzərəçarpan addımı 2009-cu ildə irəli sürdüyü, Ermənistan tərəfindən işğal olunmuş rayonların mərhələli şəkildə qaytarılmasını nəzərdə tutan “Madrid prinsipləri”dir ki, o da, 11 il kağız üzərində qaldı və həmin prinsiplərin müddəalarının bir çoxunu dövlətimiz hərbi-siyasi yolla yerinə yetirdi. Ölkə Prezidenti rusiyalı politoloqun sualına cavabında həmin danışıq formatının effektivsizliyini diqqətə çatdıraraq bu amili xüsusi vurğuladı: “Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər. Yəni İkinci Qarabağ müharibəsindən sonra onlar da özlərinə sual verməyə başladılar ki, növbəti hansı addımlar atmalıdırlar. Bizimlə təmas quranda mən qeyd etdim ki, münaqişə artıq bitib. “Madrid prinsipləri” adlandırılan sənədin bir çox müddəaları artıq həll edilibdir”.
    Suala tam mahiyyəti ilə dərindən yanaşan dövlət başçısı İkinci Qarabağ müharibəsinin sonunda imzalanan 10 noyabr Bəyanatında yer alan iki müddəaya da toxundu. Birincisi qeyri-qanuni erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, ikincisi isə Naxçıvanla Azərbaycanın digər bölgələrinin kommunikasiya əlaqəsinin təmin edilməsidir. Bəli, çox təəssüf ki, namərd qonşularımız kapitulyasiyanı həzm etməkdə çətinlik çəkir, müddəalara əməl etməməkdən ötrü bütün yolları mübah bilirlər. Ya danışıqların getdiyi bir vaxtda sərhəddə, qanunsuz məskunlaşdıqları ərazidə təxribata əl atır, ya da müxtəlif cəfəng bəyanatlarla, qondarma status iddiaları ilə sülh ab-havasını korlamağa çalışırlar. Qalib Lider isə hər zaman qətiyyətlə bildirir ki, bəyanatın müddəaları sözsüz yerinə yetirilməlidir, qondarma hərbi birləşmələr dərhal ərazidən çıxmalı, Qarabağda yaşayan ermənilər ya Azərbaycan Bayrağı altında, Konstitusiyamıza, qanunlarımıza uyğun bərabər hüquq çərçivəsində yaşamalı, ya da ərazimizi tərk etməlidirlər. Ancaq görünən odur ki, ermənilər  təkcə Laçın yolundan istifadə etməkdə israrlıdır, son Brüssel görüşündə irəli sürülən təklifdən, yəni, humanitar məqsədlər üçün Ağdam yolundan istifadədən imtina edir, yolu bağlamağa, məsələni siyasiləşdirməyə çalışır. Dövlət rəsmimizin də vurğuladığı kimi, Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir.Başqa yol yoxdur! Oyun bitdi! Digər tərəfdən, əgər milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər qaldırılırsa, bu hər iki ölkəyə aiddir. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, o zaman Zəngəzurda, Göyçədə, İrəvanda da azərbaycanlıların hüquqlarını təmin etməlidir. Artıq Avropa səviyyəsində də qarşı tərəfin irəli sürdüyü təkliflər, bu istər Minsk qrupunun yenidən danışıqlar masasına çəkilməsi, qanunsuz status tələbi, istərsə də delimitasiyanın heç bir hüquqi əsası olmayan 1975-ci ilin xəritələri əsasında müəyyənləşdirilməsi olsun, özünə yer edə bilməyib. Əvəzində son Brüssel görüşündə bir daha Ermənistan tərəfi 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirib, Qərbi Azərbaycan icması və onların öz torpaqlarına qayıdışı məsələsi müzakirə olunub... Prezidentin qeyd etdiyi üçtərəfli bəyanatın ikinci müddəası isə nəinki Azərbaycanın, bütün region ölkələrinin, dünya siyasi güclərinin marağında olan Zəngəzur dəhlizi məsələsi ilə bağlıdır ki, bu baxımdan da Ermənistan üçün ssenari eynidir: vəziyyəti dondurmaq, mənasız yerə vaxt uzatmaq. Ancaq dövlətimizin başçısı dəfələrlə qətiyyətli şəkildə vurğulayıb ki, Zəngəzur dəhlizi açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Naxçıvanın Azərbaycanın qərb rayonları ilə iqtisadi-ticarət əlaqələri bərpa ediləcək və bu istiqamətdə bir sıra irimiqyaslı layihələr icra olunacaq, hansılar ki “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb...
    Rusiyalı politoloq Sergey Markovun ünvanladığı suala əhatəli şəkildə, faktlar əsasında müfəssəl cavab verən Prezident cənab İlham Əliyev dövlət başçısı kimi həm işğal dövründə, həm müharibə zamanı, həm də müharibədən sonrakı mərhələdə həssaslıqla, ciddi yanaşdığı ən vacib məsələni də diqqətə çatdırdı. Dünya siyasi gedişatı çərçivəsində ölkəmizin maraqlarına uyğun addımların vaxtında atıldığını vurğulayan Liderimiz bunun nəticəsində Azərbaycanın böyük güclərin rəqabət meydanına çevrilmədiyini diqqətə çatdırdı. “Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir. Biz bu gün görürük ki, məhz bu, Ermənistanda baş verir. Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər...”  Bəli, biz danışıqlar fonunda artıq bir neçə ildir, Ermənistanın rəqabət meydanına çevrildiyini açıq-aşkar görə bilirik. Bu amil özünü bu ölkədə təşkil edilən çevrilişdə böyük rolu olan Corc Sorosun Ermənistanın baş naziri Nikol Paşinyan vasitəsilə orada təsir dairəsini saxlamaq cəhdlərində, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin Ermənistana səfərində, Fransanın təxribata dəstək verən bəyanatlarında göstərir. Sözügedən məsələ ilə bağlı kifayət qədər fakt qeyd etmək, nümunə çəkmək olar... Elə iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də Ermənistanda ziddiyyətli hadisələrin cərəyan etdiyini göstərir. Belə ki, nazirliyin əməkdaşı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksək qiymətləndirilməsi haqqında fikirlərini bölüşdüyünü vurğuladığı halda, Avropa İttifaqının Ermənistandakı missiyasının Bakı-İrəvan münasibətlərinin normallaşmasına töhfə vermədiyini diqqətə çatdırıb...
    Siyasi vəziyyətlər göstərir ki, dövlət idarəçiliyində heç bir effektivlik nümayiş etdirə bilməyən, təxribatçı qüvvələri ölkəsinə cəlb edən, böyük güclər, beynəlxalq təşkilatlar arası qarşıdurmaya ev sahibliyi edən Ermənistanın xunta rejimindən fərqli olaraq xalq-iqtidar birliyinə, dost ölkələrin mənəvi gücünə arxalanan Azərbaycan hakimiyyətinin siyasi iradəsi nəticəsində ölkəmiz əsl sülhsevər zonaya, beynəlxalq hüququn tənzimləndiyi, əməkdaşlıqların qurulduğu məkana çevrilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Nümunə üçün, 2017-ci il sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimovun, 2020-ci il fevralın 6-da NATO-nun Avropadakı Ali Komandanı Tod D. Wolters və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşlərini qeyd etmək olar. Həmin görüşlərdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik, böhranlı regionlardakı vəziyyət və strateji sabitlik məsələləri müzakirə olunub, tərəflər hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin qarşısının alınması üçün birgə addımlar atmağa, kontaktları davam etdirməyə qərar veriblər... Bütün bu və digər faktlar ölkə başçısının Şuşa Qlobal Media Forumunda rusiyalı politoloq Sergey Markovun sualına cavabında səsləndirdiyi devizin əməli təsdiqidir: “...bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır...”

Nail ƏSGƏROV

Nəşr edilib : 27.07.2023 11:47