AZ EN RU

Prezident cənab İlham Əliyev: “Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik...”

“Sülh yol kəsişməsi” nəqliyyat layihəsi piar aksiyadır.  Bu barədə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. “Zəngəzur dəhlizi” sözü onları çox  qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, – Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, – amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”, – deyə ölkə başçısı bildirib.

Ölkə başçısının sözlərinə görə, Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu onların öhdəliyidir”.

“Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan  keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir”, – deyə cənab Prezident bildirib.

Ölkə başçısı Azərbaycanın Zəngəzur dəhlizini güc tətbiq edərək açmaq niyyətində olduğu haqqında iddiaları təkzib edib.

“Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün  inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq”, – deyə Prezident cənab İlham Əliyev sözünə davam edib.

Daha sonra dövlət başçısı ABŞ-ın Bakının İrandan yol tikmək qərarını pisləməsi ilə bağlı fikirlərini ifadə edib. “Siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq”, – deyə Prezident cənab İlham Əliyev bildirib.

“Amerika “biz buna imkan verməyəcəyik” deyəndə, nəyi nəzərdə tutur?  Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində?” – deyə ölkə başçısı sözünə davam edib.

Zəngəzur dəhlizi açılmasa, “Ermənistan əbədi dalan kimi qalacaq və biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”, – deyə Prezident cənab İlham Əliyev  qeyd edib.

Nəşr edilib : 11.01.2024 16:35