AZ EN RU

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri ilə hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi

Nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar. 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

Samir Nuriyev vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi.

Nəşr edilib : 14.10.2023 12:21