AZ EN RU

Preventiv mexanizm fəaliyyəti çərçivəsində işlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən cari ilin dekabr ayının birinci yarısında Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil və Səhiyyə nazirliklərinin tabeliklərindəki müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

    Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə və 1 nömrəli Polis Bölməsinə, Babək Rayon Polis İdarəsinə və Cəhri Polis Bölməsinə, həmçinin nazirliyin Müvəqqəti saxlama yerinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin edilməsi vəziyyəti monitorinq olunub.
    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1, Ümumi rejim-2, Ciddi rejim və Qadınlar bölmələrinə həyata keçirilmiş başçəkmələr zamanı saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələri, ailə üzvləri ilə görüş, müraciət etmək hüququ və məlumat əldə etmək imkanları araşdırılıb.
    Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı məktəbin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.
    Bundan başqa, Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində də olub. Başçəkmə zamanı Preventiv qrup tərəfindən dispanserdə müalicə alan şəxslərin saxlanma şəraitinin monitorinqi məqsədilə müəssisənin palata və şöbələrinə, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib, qidalanma və sənədləşmə araşdırılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan 
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 
mətbuat xidməti

Nəşr edilib : 15.12.2022 20:38