AZ EN RU

Postmüharibə mərhələsində sülh prosesinə aparan yol

və ya Azərbaycan Prezidentinin diplomatik məharəti

Azərbaycan regionda hər zaman sülhsevər və xoş niyyəti ilə tanınıb. Hələ I Qarabağ müharibəsindən sonrakı 30 ildə dövlətimiz tərəfindən münaqişənin həlli ilə bağlı bütün sülh variantlarına, beynəlxalq təşkilatların çağırışlarına müsbət yanaşma ortaya qoyuldu. Məqsəd o idi ki, qan tökülməsin, müharibə, tələfat, dağıntı olmasın. Amma bütün bunların fonunda Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olsa da, təfəkkürdə, düşüncədə yenilik olmadı. Hələ 2018-ci ilə qədər İrəvan küçələrində şou göstərib hakimiyyətə gəlmək eşqi ilə çırpınan Nikol Paşinyan ilk vaxtlar Qarabağ probleminin Ermənistanın boynundan asılan böyük bir yük kimi qiymətləndirsə də, baş nazir postuna gələn kimi qeyri-səmimi, destruktiv mövqe nümayiş etdirdi. Hadisələrin xronoloji ardıcıllığı da onu göstərirdi ki, Nikolun işi və əməli düz gətirmir. Azərbaycanın tarixi şəhəri Şuşada sərxoş vəziyyətdə yallı gedən, Xankəndidəki qondarma rejimi dəstəkləyən, onları separatçılığa sövq edən erməni baş nazir bu spekulyativ addımdan sonra “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə, demək olar ki, bütün sülh danışıqlarının üstündən qalın bir xətt çəkdi. “Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan bir qövmün nümayəndəsindən bundan artığını gözləmək də, yəqin ki, sadəlövhlük olardı.
Sonrakı proseslərdən isə hər kəs xəbərdadır. 44 günlük Vətən müharibəsi, döyüş meydanındakı rəzil məğlubiyyət, təslimolma aktının imzalanması və nəticədə, “Qarabağ Azərbaycandır və nida” reallığının təntənəsi... Bütün bunları ona görə yada salırıq ki, sülhə nail olmaq, Qarabağ münaqişəsinin qan tökülmədən həlli məsələsi Azərbaycan üçün prioritet olsa da, eyni münasibəti qarşı tərəfdən görmədik. Vətən müharibəsindən sonra beynəlxalq təşkilat və qurumların təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin Praqa, Brüssel və Moskvada keçirilən çoxsaylı görüşləri zamanı Azərbaycan Prezidentinin əldə etdiyi ən böyük uğur ərazi bütövlüyümüzün tanınması məsələsi oldu. Praqada keçirilən görüşdə erməni baş nazir Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etsə də, bunu kağız üzərində rəsmiləşdirməkdən, sülh müqaviləsi imzalamaqdan imtina etdi. Burada diqqətçəkən ən mühüm məqam Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun guya sülh prosesində tərəf-müqabili kimi iştirak etməsi idi. Cənab Makron bu görüşdən sonra Azərbaycana qarşı açıq təhdid ritorikasından istifadə etməklə qalmadı, sonrakı illərdə Ermənistandakı revanşist meyilləri alovlandırmaq, Cənubi Qafqazı müharibə meydanına, bölgəni Afrika qitəsindəki müstəmləkələrinə çevirmək məqsədilə İrəvana davamlı silah-sursat göndərdi.
Biz ötən dövr ərzində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən çoxsaylı görüşləri də yaxşı xatırlayırıq. Amma bunu da yaxşı bilirik ki, həmin görüşlərdə elə də ciddi nəticəyə nail olunmadı. Yalnız bu məsələdə Azərbaycan Prezidenti, uzaqgörən lider, siyasi prosesləri ən yaxşı səviyyədə təhlil etmiyi bacaran ŞƏXSin – cənab İlham Əliyevin proqnozları özünü doğrultdu. O, postmüharibə dövründə keçirdiyi bütün görüşlərdə, verdiyi bütün müsahibələrdə bu fikri açıq dillə bəyan etmişdi ki, Azərbaycan və Ermənistan Cənubi Qafqazın iki qonşu dövləti kimi özləri sülh prosesinə yaxınlaşmalı və masa üzərindəki məsələləri həll etməlidir. Yəni burada hansısa üçüncü bir qüvvənin iştirakına, ağıl verməsinə ehtiyac yoxdur. Çünki böyük güclərin məqsədi heç də regionda siyasi sabitlik və rifah yaratmaq deyil. Fransa kimi dövlətin timsalında bir çox hallarda Ermənistanı sülh gündəliyindən uzaq tutmağa çalışan ölkə və diaspor təşkilatları münaqişə alovunu həmişə isti tutmağa çalışırdılar. Eyfelin ən yüksək mərtəbəsində kef çəkən hansısa milyarder ermənini, yaxud Qərb dövlətini müharibə meydanında məhv edilən erməni maraqlandırmır. Boğazdan yuxarı “vətənsevərlik” eşqinə düşən bu zadəganlar ancaq revanşizm duyğusundan qidalanırlar. Yəni İrəvana pulu göndər, özün çəkil dur kənarda. Təki sülh olmasın. 
Qarabağ məsələsi ilə bağlı bütün xarici arzu və istəklər isə cənab İlham Əliyevin dəmir iradəsinə tuş gəldi. Azərbaycan Prezidenti müharibədən sonra qarşısına qoyduğu bütün hədəflərə nail oldu. Doğma xalqı qarşısında verdiyi bütün vədlərə bir-bir əməl etdi. Yağının ayağını torpaqlarımızdan birdəfəlik kəsdi, Xankəndidəki separatçı meyillərin kökünü qazıdı, qondarma rejimin tabutuna mismar vurub dəfn etdi, terroristbaşı şəxsləri isə Bakı təcridxanalarına gətirib çıxartdı. 
İndi isə Ermənistanı sülhə məcburetmə prosesini uğurla reallaşdırır. Artıq bu istiqamətdə ilkin işlər həyata keçirilməkdədir. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması, işçi qrupun fəaliyyətində müsbət meyillərin qeydə alınması, son günlərdə isə ilk sərhəd dirəklərinin basdırılması, Qazax rayonunun işğal altında olan 4 kəndinin bir güllə belə atılmadan, Azərbaycan Prezidentinin uzaqgörənliyi sayəsində geri qaytarılması məsələsi cənab İlham Əliyevin siyasi qətiyyətinin, diplomatik məharət və bacarığının nümayişidir. Həmin kəndlərdə uzun illərdir, qanunsuz yaşayan ermənilər yenə də xarici diaspor təşkilatlarının fitnəsinə uyub nümayiş təşkil edir, yol bağlayır, din xadimləri xalqı genişmiqyaslı mitinqə çağırırlar. Guya N.Paşinyan 4 kəndi Azərbaycana qaytarmaqla xalqa xəyanət edir. Halbuki bu, sülh müqaviləsinin imzalanmasına doğru gedən çox düzgün bir ideyadır. Bu ideyanın müəllifi isə Azərbaycan Prezidentidir... Deməli, hər hansı bir vasitəçi, daha doğrusu, araqarışdıran, Qərbin məsləhəti olmadan da sülhə doğru yaxınlaşmaq, müsbət tendensiyaya varmaq olarmış. 
Cənubi Qafqaza sülh, sabitlik və davamlı inkişaf gələcəksə, xalqların birgə yaşayışı təmin olunacaqsa, bu, cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşacaq. Hərbi və siyasi təxribatlara uymaq, sərhəddə hər hansı bir gərginlik yaratmaq, böyük güclərdən silah-sursat umub qisas xəyalları qurmaq əvəzinə, Azərbaycan Liderinin diplomatik gedişlərini izləmək Ermənistan üçün daha faydalı olar. Çünki sülhdən başqa yol yoxdur. Ölkə başçısının bu il mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında dediyi kimi: “Münaqişədən sonrakı vəziyyətə gəldikdə bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı”.

Muxtar Rzazadə

Nəşr edilib : 20.05.2024 16:07