AZ EN RU

Postmüharibə dövrünün müharibəsi

Bu müharibədən qalib çıxmaq hələ uzun illər sürəcək

    Bu yaxınlarda Şuşa Qlobal Media Forumunda dövlət başçısı cənab İlham Əliyev misirli jurnalistin minalarla bağlı ünvanladığı suala cavabında çox maraqlı faktlara toxundu. Ölkə rəhbəri bildirdi ki, müharibə bitəndən sonra minalar Azərbaycanda üç yüzdən çox insanın həyatına son qoyub və bu minaların partlaması işğaldan azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir. Azərbaycan ərazilərində hesablamalara görə bir milyondan çox minanın basdırıldığını qeyd edən dövlət başçısı Ermənistanın verdiyi mina xəritələrini mənasız xəritələr adlandıraraq onların heç 25 faizinin də dəqiq olmadığını xarici media nümayəndələrinin diqqətinə çatdırdı. Əslində isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cür vəziyyətin yaradılmasında 30 il ərzində oynadığı rol Azərbaycanın XXI əsrdə necə bir mina terroru ilə üz-üzə qaldığını bütün dünyaya göstərir.
    İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minalar, əsasən, tamamilə dağıdılmış, yer üzündən silinmiş şəhər, qəsəbə və kəndlərdə, müdafiə xətlərində, Azərbaycan hərbçilərinin hücum ehtimalı hesab olunan yol və keçidlərdə, eləcə də digər yerlərdə qeydə alınmışdır. Nəzərə alsaq ki, bura həm də otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də aiddir, o zaman minalı sahələrin miqyasını təsəvvür etmək çətin deyil. Hətta təmizlənən sahələrdə 2021-ci ildə – müharibədən sonrakı dövrdə Ermənistanda istehsal edilmiş minalara da rast gəlinib ki, bu da həmin minaların Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında ərazilərimizə keçirildiyinin isbatıdır. 
    Minalar müharibə dövründə və ya şəraitində düşmənə qarşı istifadə olunan ən təsirli savaş metodlarından biridir. Əsasən, düşmən hücumlarının qarşısını almaq və ya gecikdirmək, müdafiə olunmaq kimi taktiki vasitələri özündə cəmləşdirən bu üsul indiyədək əksər müharibələrdə istifadə edilib. Birinci Qarabağ müharibəsindən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirməsi Azərbaycanı dünyada minalarla çirklənmiş ən qabaqcıl ölkələr sırasına çıxarıb. Hətta həmin ərazilərdə 2021-ci ildə – müharibədən sonrakı dövrdə istehsal edilmiş minalara da rast gəlinib ki, bu da Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya Sülhməramlı Qüvvələrinin   nəzarəti altında keçirildiyinin isbatıdır. BMT-nin hesablamalarına bu gün dünya üzrə 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon arasındadır. 1996-cı ildə BMT-nin təşəbbüsü ilə hazırlanmış minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlarda ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələb belədir: 20 santimetrədək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır. Minaların təmizlənməsi isə, forumda da deyildiyi kimi, çox bahalı prosesdir. Məsələn, mütəxəssislərin fikrincə, bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.
    Ərazilərin minalardan təmizlənməsi bir sıra şərtlərdən də asılıdır. Bura sahələrin relyefi, hava şəraiti, ərazilərin çirklilik səviyyəsi və sair daxildir. İşğaldan azad olunmuş yaşayış məntəqələrində minaların təmizlənməsinə ərazinin metal qırıntıları ilə çirklənməsinin də böyük təsiri var. Belə ki, mina axtaranların detektorları hər bir metal qırıntısına reaksiya verir və mina təmizləyən buna adekvat reaksiya verməlidir. Beləliklə, metal qırıntılarının çox olması mina təmizləmənin sürətini çox aşağı salır.
    Digər bir məsələ isə minaların təmizlənməsinə sərf olunan vaxtdır. Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə, minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən, təxminən, 5 dəfə çox olur. Misal üçün, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə başa gəlib, Mozambikdə isə bu işə 23 il sərf olunub. 
    Bu gün ölkəmizdə minalı ərazilərin təmizlənməsində xüsusi təlim görmüş itlərdən, robotlardan, dronlardan, eyni zamanda minatəmizləyən texnikalardan istifadə olunur. Artıq Azərbaycanda da, dövlət başçısının dediyi kimi, bu sahədə yeni şirkətlər yaradılıb. Ancaq reallıq ondadır ki, əvvəldə də dediyimiz kimi, əlimizdə dəqiq mina xəritələri olmadığınan görülən bu işlər uzun müddət vaxtımızı alacaq. Bu isə, eyni zamanda böyük maliyyə vəsaiti deməkdir. Buna görə də, bu sahədə hələ uzun illər bizi təhlükə gözləyir. Ona görə də Prezident cənab İlham Əliyev forumda bir daha ölkə vətəndaşlarına müraciət edərək işğaldan azad olunmuş ərazilərdə ehtiyatlı olmağa, gedilməsi məhdudlaşdırılan sahələrə getməməyi tövsiyə etdi. Ölkə başçısının minalarla bağlı suala verdiyi cavablar həm də media mənsubları üçün bir istiqamət idi. Buradan o nəticə ortaya çıxır ki, Azərbaycanla Ermənistan arasında yaxın gələcəkdə sülh müqaviləsi bağlansa da, xalqımız uzun müddət mina çirkliliyindən əziyyət çəkəcək. Buna görə də Azərbaycan mediası daim bu məsələni diqqətdə saxlamalı, mövcud vəziyyət və işlərin gedişi ilə bağlı beynəlxalq media qurumları və təşkilatlar mütəmadi məlumatlandırılmalı, Ermənistana davamlı olaraq bu sahədə pressinq tətbiq edilməlidir. Çünki bu müharibədən qalib çıxmaq hələ uzun illər sürəcək. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 31.07.2023 18:15