AZ EN RU

Politoloq: Ölkəmizin həm Türkiyə, həm də Pakistanla müttəfiqlik əlaqələrini möhkəmləndirməsi bəzilərini narahat edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlməsi kifayət qədər önəmli hadisələrdir. Həm Türkiyə, həm də Pakistanla müttəfiqlik əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Aytən Qurbanova söyləyib.

Politoloq bildirib ki, 2021-ci il iyunun 15-də Türkiyə və Azərbaycanın imzaladıqları Şuşa Bəyannaməsi ilə dövlətlərarası münasibətlərdə yol xəritəsinin əsas istiqamətləri aydın şəkildə ifadə olunub. Paralel olaraq Pakistanla siyasi, iqtisadi, mədəni və sosial sahələr üzrə müttəfiqlik əlaqələri mütəmadi şəkildə inkişaf etdirilir.

“Xüsusilə yaxın keçmişə nəzər saldıqda, hər iki dövlətin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara münasibətdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi və ədalətli çıxışları dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadı və strateji tərəfdaşlığı möhkəmləndirən əsas faktorlar kimi dəyərləndirilə bilər. Dünyanın ən güclü hərbi alyansının - NATO-nun üzvü və beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından biri olan Türkiyə, eyni zamanda, nüvə silahına sahib yeganə müsəlman ölkəsi kimi kifayət qədər güclü hərbi potensiala sahib Pakistanla möhkəm müttəfiqlik əlaqələri, onların Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, heç şübhəsiz, Ermənistanın və onu himayə edən siyasi dairələrin narahatlığını göstərən amillərdir”, - deyə A.Qurbanova diqqətə çatdırıb.

Politoloqun fikrincə, hər iki dövlətin İslam dünyasını təmsil edən güclü aktorlar olduğunu da nəzərə alsaq, Ermənistanla yanaşı, cənub qonşumuzun da narahatlığı ilə bağlı məsələlər də başadüşüləndir. Amma təəssüf olsun ki, özünü İslam həmrəyliyinin “birləşdirici gücü” olaraq təqdim etməyə çalışan İranın qərəzli anti-Azərbaycan çıxışlarına cavab olaraq Türkiyə, Pakistan və İslam dünyasının əksər dövlətlərinin ərazi bütövlüyü prinsipinə münasibətdə ədalətli mövqe nümayiş etdirməsi, səsləndirilən bəyanatlar da Tehrana öz dini kimliyindən irəli gələn ədalət anlayışını xatırlatmaq üçün yetərli olmayıb.

Nəşr edilib : 16.06.2023 19:18