AZ EN RU

Poladürəkli ölməz qəhrəman

    Xalqımızın mənəvi birlik və bərabərliyi, qəhrəman oğullarımızın müqəddəs amal uğrunda doğma torpağa sədaqəti 44 günlük Vətən müharibəsində də özünü bariz şəkildə göstərdi. İgidlik və mübarizliyi xalqından miras alan oğullarımız Vətənimizin milli ləyaqətini öz canlarından,  qanlarından üstün tutdular, əsl hünər, qorxmazlıq və cəsarət nümayiş etdirdilər, şəhidlik zirvəsinə ucaldılar. Bəli, bu mübarizədə şəhidlərimiz də oldu, qazilərimiz də... Amma belə bir deyim var ki, torpaq yalnız qanla qarışanda Vətən olur, Vətən qoxur! 
    Belə igid oğullarımız sayəsində bu gün artıq torpaqlarımızda yağı düşmənlərimizin yox, onlara döyüş meydanında dərs verən Azərbaycan əsgərinin isti nəfəsi, xoş sədaları var. Bu yazımızda onlardan biri, şəhid general Polad Həşimovun taborunda xidmət edən, ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canla-başla vuruşan və düşmənlə ağır döyüşlərdə şəhid olan baş leytenant Sahil Məmmədov haqqında danışacağıq. Sahil Məmmədov 1995-ci ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində, sadə, zəhmətkeş bir ailədə anadan olmuşdu. O, 2001-2005-ci illərdə Qaraçuq, 2005-2009-cu illərdə Heydər Əliyev adına tam orta məktəblərində təhsil almış, 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu. Sahilin Vətənə sevgisi onun həyat yolunu çoxdan cızmışdı. Yurd eşqi, vətənpərvərlik hissi ilə  ordu sıralarına getmişdi... Sahilin  həyat yoldaşı Turanə xanım öz kədərini, qəmini  nə qədər gizlətmək istəsə də, onsuz keçən illərin ağrı-acısı sözlərindən hiss olunur. Hər sözünün əvvəlində “Vətən sağ olsun!” – deyir və bizə Azərbaycan qadınının necə güclü varlıq olduğunu göstərir: – Onun gözəl rəssamlıq qabiliyyəti, xarici dil bacarığı olsa da, Vətənin azadlığını, müstəqilliyini seçdi. Yurdumuzun ərazi bütövlüyünü öz canından, ailəsindən üstün tutdu. Turanə xanım deyir ki, şəhidimizdən geriyə qalan Şəms adlı qızlarının  hazırda 5 yaşı var. Bir çox Vətən övladı kimi bizə əmanət olan balaca balamızın da tək arzusu işğaldan azad olunmuş torpaqlarımıza getmək, o yerləri görməkdir. 
    Turanə xanım Sahil Məmmədovun döyüş yolu barədə də danışır bizə: – Ordu sıralarında zabit kimi şəhid generalımızın taborunda xidmət edirdi. Polad Həşimovu tanıyan bütün əsgər və zabitlər kimi  Sahil də komandirini çox sevirdi. 2020-ci il 14 iyul tarixində general-mayor Polad Həşimovun və onunla bərabər bir neçə əsgər və zabitimizin şəhidlik xəbəri gələn zaman çox təsirlənmişdi. Hər zaman şəhid generalımızla bağlı xatirələrini bölüşəndə deyirdi ki, Polad Həşimov tabeliyində olan bütün əsgərlərə, hərbçilərə söyləyirmiş ki, nə vaxt düşmən torpaqlarımıza ayaq basarsa, geriyə baxmadan hər şeyi buraxın, silahınızı götürün və şücaətlə vuruşun.  Sahil sanki şəhidlik əmrini şəhid komandirindən almışdı. Bu müqəddəs əmrə ömrünün sonuna qədər sadiq qaldı. 
    Turanə xanım deyir ki, Vətən müharibəsi başladığı  bir neçə gün ərzində igid eloğullarımızın qəhrəmanlığı bütün Azərbaycan xalqında  böyük qələbəyə ümid yaratmışdı. Hər dəfə Sahildən bu barədə nə isə soruşanda cavab verməzdi. Hərbi sirr hərbçidə də qalmalıdır, – deyirdi. Öz peşəsi ondan nə qədər ciddiyyət tələb etsə də, o, ailədə həmişə mülayim rəftarı, gülərüzlüyü ilə yadımızda qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq nəsib etsin. Mən hər zaman fəxr etmişəm Sahillə. Yalnız onunla yox, elə bütün şəhid qardaşlarımla qürur duymuşam. Bu gün onların ruhu şaddır. Çünki onların arzuları yerinə yetib – Vətənimiz azad olub. 
    Sahil Məmmədov mənfur düşmənin açdığı snayper gülləsi nəticəsində ağır yaralanıb, şəhadətə qovuşub. 68 gün neytral zonada qalıb, yalnız dekabrın əvvəllərində nəşi ordumuza təhvil verilib və doğulduğu kənddə dəfn olunub. 
    İgid şəhidimizin Vətənimiz qarşısındakı şücaəti əvəzsiz qalmayıb. O, 26 İyun – Silahlı Qüvvələr Günündə “Azərbaycan Ordusunun 100 illiyi münasibətilə 1918-2018” yubiley medalına layiq görülüb. Ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına  görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub.
       Biz də Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik. 

Bülbül Quliyeva

Nəşr edilib : 24.10.2023 19:30