AZ EN RU

Polad izlərlə, böyük qayıdışa doğru

    44 günlük Vətən müharibəsinin mütləq şəkildə qələbəmizlə yekunlaşması dəmir siyasi iradə, dövlət-xalq həmrəyliyi, Prezidentə inam və orduya mənəvi dəstək fonunda Azərbaycan xalqının nə qədər qüdrətli olduğunun əyani sübutudur. Bu qələbə nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu, Vətən torpaqları işğaldan azad edilərək tarixi ədalət bərpa olundu. Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan özü üzərinə düşən vəzifələri qələbədən sonra da icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək. Vətən müharibəsində qazanılan qələbə həm də Zəngəzur dəhlizinin yenidən açılmasını təmin edib. Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək, bura Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

    1991-ci ildə sonuncu qatarı Bakı-Şərur olan Zəngəzur dəhlizinin açılması ilə bağlı hazırda müəyyən işlər aparılır. Sonuncu qatarın izinə düşüb məhz həmin illərdə bu qatarlarda işləyən insanların fikirlərini öyrənməyə çalışdıq. Onlar da yenidən bu yolu gedəcəklərinə inanırlar. Hətta bir zamanlar burada çalışanlar uzun illər işlədikləri qatarlarla ora getməyi, yenidən bu işdə fəal iştirak etməyi özlərinə borc bilirlər. Həmin dövrdə erməni vandalizminin canlı şahidi olan Ramazan Məmmədov deyir ki, 1985-ci ildən çalışdığı bu yolda ermənilərin saysız-hesabsız vəhşilikləri ilə qarşılaşıb. Maşinist kimi fəaliyyət göstərən həmsöhbətimin yaddaşından silinməyən bir hadisə isə vətəndaşlarımızın həmin illərdə ermənilər tərəfindən vəhşiliklərlə yollara atılmasıdır: – Ermənilər yük maşınları ilə azərbaycanlıların əşyalarını, ailə və uşaqları dəmir yolunun kənarına qoyub buranı tərk etmələri üçün əziyyət verirdilər. Biz də qatarı saxlayıb həmin insanların əşyalarını daşıyırdıq və özlərini qatara mindirib Mincivana qədər aparırdıq. Ermənilər dəmir yolu relslərinin sıradan çıxması üçün daş tökürdülər. Mülki əhalini qatarın qarşısına qoyaraq qatarları saxlayırdılar. Lokomotivləri yoxlayıb istədiklərini qatardan götürürdülər.
    Ramazan Məmmədov deyir ki, bu hadisələr 1988-ci ildən etibarən başlayıb: – O illərdə qatarları partladıb terror əməliyyatları törədirdilər. Bizi həmin vaxtlarda qorxudurdular ki, qatarlar işləməsin. Ermənilərin əsas məqsədi qatarların fəaliyyətini dayandırmaq idi. Sonda 1992-ci ilin aprel ayından qatar yolu tamamilə bağlandı. 90-cı ilin əvvəllərində insanların Naxçıvana qayıtmasında bu qatarlardan istifadə olunub. Sərnişin qatarlarının gedişi dayansa da, yük qatarları işləyirdi. Avtomobillərin gedişi çətinləşmişdi, dəmir yolu vasitəsilə avtomobilləri daşıyırdıq. Dəmir yolunda işlədiyim müddətdə yerli əhaliyə, qatar işçilərinə qarşı erməni vəhşiliyinin yaxından şahidi oldum. Bizlər hər dəfə oradan keçəndə güllə atırdılar, teplovozlarımızın şüşələrindən keçən güllələr hələ də qalır. Məqsəd işi dayandırıb, işləməyimizin qarşısını almaq idi. Neçə dəfə qatarı partladıb sərnişinləri yerə töküblər, qatarı üz-üzə göndərib böyük qəzalar törədiblər. Bu qəzada neçə işçimiz vəfat edib. İnanıram ki, bir vaxtlar olduğu kimi, gediş-gəliş yenidən tez bir zamanda bərpa olunacaq, bu yollara olan həsrət sona yetəcək. Çox xoşbəxtəm ki, ölmədən o yolları yenidən görəcəyəm.
    Bir vaxtlar Zəngəzur dəhlizində yol ustası kimi çalışan Kərəm Qəşəmov deyir: – Ermənilər o zaman qatarı saxlayaraq 12 həmyerlimizi girov götürmüşdülər. Onlardan 3-ü Zəngilan, 9-u isə Ordubad rayon sakini idi. O zaman Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində həmin insanlar girovluqdan azad edildi. Bu işləri görməkdə ermənilərin məqsədi Naxçıvanı blokadaya almaq, təxribatlara əl atmaq idi. Buna görə böyük qaya parçalarını dəmir yollarının üzərinə tökür, Arazdəyən istiqamətində atəş açıb xalqın rahat yaşamasına imkan vermirdilər.
    Ermənilərin bu təxribatlara hər zaman əl atdığını, hadisələrin 1989-cu ildən başlayaraq daha da şiddətli vəziyyət aldığını qeyd edən Kərəm Qəşəmov, xüsusilə həmin dövrdə insanların qatarlardan necə düşürüldüyünü xatırlayaraq əlavə edir: – Bədnam qonşularımızın sərnişin qatarını saxlayıb insanları girov götürmələri indiyədək yadımdadır. Həmin vaxt qatarda insanların çoxu infarkt keçirdi, uşaqlar qorxu içində idi. Yenə də Ulu Öndərimizin təşəbbüsü ilə girov olan sərnişinlər Naxçıvana qaytarıldı. Naxçıvan əhalisinə hədə-qorxu gəlirdilər, burada insanlarımıza böyük çətinlik yaradılırdı. Mən də bu təxribatların canlı şahidi olmuşam. Belə ki, maşinistlərlə birlikdə gələrkən Zəngilandan keçdikdən sonra Mehri stansiyasında ermənilər maşinistlərdən birinə yaxınlaşaraq dedi ki, üçüncü adamı burada görsək, sizləri həbs edəcəyik. Mən də arxa vaqonda motorların yanında gizləndim ki, orada olan növbətçilər məni görməsin. İki saatdan çox orada qaldım və səs-küydən sonra danışıqlar aparıldı, nəhayət, qatarın getməsinə icazə verdilər. Mən bir dəmir yolu işçisi kimi Zəngəzur dəhlizi açıldıqdan sonra yenidən orada fəaliyyət göstərməyə məmnuniyyətlə hazıram.
    İndi bu yollar yenidən öz gələcək qonaqlarını gözləyir. Bəs “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti Zəngəzur dəhlizi açılana kimi hansı işləri görür? “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat işləri üzrə mütəxəssisi Həmid Quliyev məsələ ilə bağlı dedi ki, bu günə qədər muxtar respublikada “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazasının gücləndirilməsi yönündə Ordubad, Culfa, Naxçıvan, Şahtaxtı və Şərur stansiyalarının sərnişin vağzalları və idarəetmə mərkəzlərində əsaslı yenidənqurma və təmir-bərpa işlərinin aparılması, infrastruktur və Yük və Sərnişin Daşımaları idarələrinin inzibati binalarının, həmçinin yol sahəsinin, təmir sexinin, briqada evinin, orta və irihəcmli anbar binalarının və onlarla digər struktur binaların əsaslı təmiri və yenidən qurulması işləri aparılıb. Həmçinin ötən illər ərzində infrastruktur qorunub, yerli yük və sərnişin daşımaları həyata keçirilib. Görülən bu işlər Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına qədər Naxçıvanda dəmir yolu sahəsinin qismən hazır olmasına şərait yaratmış olacaq. Çünki dəhliz açıldıqdan sonra yol təsərrüfatı və infrastrukturun əsaslı şəkildə yenilənməsinə ehtiyac duyulacaqdır.
    Həmid Quliyev, eyni zamanda qeyd etdi ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və bu Sərəncamdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi də qurumun əsas fəaliyyət istiqamətlərindən biridir. Naxçıvan dəmir yolu şəbəkəsində dəmir yolu xətlərinin, elektrik təchizatı, rabitə-işarəvermə sisteminin yenidən qurulması, müasir infrastrukturun yaradılması, həmçinin inzibati və texniki binaların yenidən qurulması, əsaslı təmiri və zəruri hallarda yeni binaların tikilməsi, eləcə də əsaslı təmir işlərinin aparılması üçün zəruri avadanlıqların və maşın-mexanizmlərin alınması və “Qəza-bərpa qatarı”nın madditexniki bazasının yaradılması Dövlət Proqramının tələblərinə uyğun şəkildə ardıcıl və planlı mərhələlərlə həyata keçirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Onu da qeyd edim ki, bütün bu tədbirlərin Zəngəzur dəhlizinin reallaşdırılması prosesi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
    Sonda Həmid müəllim cari ilin 8 ayı ərzində görülən işlər barədə məlumat verərək bildirdi ki, muxtar respublikada 141 vaqonda, ümumilikdə, 8 min 330 ton yük daşınıb. Sərnişindaşımada bu rəqəm 40 min 322 nəfər təşkil edir. 
    Yük və Sərnişindaşıma İdarəsinin rəisi Mübariz Allahverdiyev isə dedi: – Culfa lokomotiv zavodunda elektrovoz-teplovozlar təmir olunur. Hazırda qatarlarda təmirə gündəlik nəzarət edilir. Zəngəzur dəhlizi, inşallah, tezliklə açılar, Naxçıvan sakinləri Azərbaycanın digər bölgələrinə rahat və maneəsiz şəkildə hərəkət etmək imkanı qazanar. Sərnişin qatarlarımız, yəqin ki, Bakıdan gələcək, yük qatarlarının isə Bakıya aparılaraq yenidən təmir olunması nəzərdə tutulur, yollarımız təmir ediləcək. Biz də çalışırıq ki, lokomotiv deposunda olan texnikaları imkan daxilində hazır vəziyyətdə saxlayaq ki, yol açılan zaman onlardan Zəngəzur dəhlizində istifadə etmək imkanımız olsun.
    Prezident cənab İlham Əliyev xalqa müraciəti zamanı Naxçıvan dəmir yolunun bərpasının müjdəsini verərək demişdir: “Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar ilkin göstərişlər verilmişdir”. 
    İndi muxtar respublikada dəmir yolçuları qarşısında daha böyük öhdəliklər, vəzifələr durur. Şübhəsiz ki, yaxın gələcəkdə Naxçıvan da Beynəlxalq dəmir yolu şəbəkəsinə qoşularaq Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək.

Ceyhun MƏMMƏDOV
Bülbül Quliyeva

Nəşr edilib : 12.09.2023 19:52