AZ EN RU

Poçt sistemi müasir tələblər səviyyəsində qurulub

    Ölkəmizdə rabitə və poçt sisteminin sürətli inkişafının təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sürətli inkişaf yolu keçmişdir. 

    Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmiş, poçt xidmətlərinin keyfiyyəti mərhələli şəkildə yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir bina və texnoloji avadanlıqlarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli Sərəncamı ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması bu sahədə xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 fevral tarixli Qərarı ilə isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin yeni ştat cədvəli təsdiq olunmuş, poçt işçilərinin əməkhaqları artırılmışdır.
    Muxtar respublikada son illər rabitə sahəsində əldə edilən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Muxtar respublika ərazisində son beş ildə “Naxçıvanpoçt” publik hüquqi şəxsin 2 rayon filialı və 32 kənd poçt bölməsi müasir avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir. Hazırda                1 mərkəzi poçt, 7 rayon filialı və 187 poçt bölməsi fəaliyyət göstərir. Mövcud 4 poçt bölməsinin yerləşdiyi binalarda yenidənqurma işləri davam etdirilir. Ordubad rayonunun Azadkənd, Pəzməri, Unus və Kələki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üçün tikilən yeni inzibati binalarda isə 4 poçt bölməsinin yaradılması nəzərdə tutulur. 
    Bu gün poçt məntəqələrində ənənəvi poçt xidməti ilə yanaşı, telefon haqlarının, internet ödənişlərinin, kredit ödənişlərinin, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fondunun və bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və digər təşkilatların ödənişlərinin qəbulunun poçt məntəqələrində həyata keçirilməsi təmin olunmuşdur. Bunlarla yanaşı, “Naxtel” 4G mobil operatoru ilə müqavilə bağlanılmış, nömrələrin və danışıq kartlarının satışının poçt şöbə və bölmələri tərəfindən həyata keçirilməsi təşkil olunmuşdur. Həmçinin əhalinin həssas təbəqəsi sayılan pensiyaçıların öz pensiyalarını əlavə vaxt sərf etmədən yaşadıqları ərazilərdəki poçt bölmələrindən alması təmin olunmuşdur. Hazırda 800-ə yaxın pensiyaçı öz pensiyasını poçt bölmələri vasitəsilə alır. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 185 POS-terminal qoyulmuşdur.
    “Naxçıvanpoçt”un “İtmiş əşyaların sahibinə çatdırılması xidməti” və “225” qaynar xətti fəaliyyət göstərir. Bu xidmət rüsum tələb edilmədən humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt”un www.naxcivanpoct.az internet saytının “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Tapılan əşya poçt xidməti vasitəsilə sahibinə çatdırılır. 
    Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında qaz və elektrik sayğacları smartkarttipli sayğaclarla əvəz edilmiş və poçt məntəqələrində həmin kartlara balans yüklənməsi işi təşkil olunmuşdur. Bunun üçün mərkəzləşdirilmiş elektron şəbəkə qurulmuş, Naxçıvan şəhərində 1 mərkəz və 17 poçt bölməsində, Şərur, Babək, Culfa rayon poçt filiallarının mərkəzi şöbələrində kartoxuyucular qurulmuş, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompüterlər də həmin şəbəkəyə qoşulmuşdur. 
    Naxçıvanda beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Müasir texnologiyalardan istifadə olunmaqla poçt göndərişlərinin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradılmışdır. Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir. Hazırda mövcud poçt bölmələrindən 187-si ən müasir şəraiti olan binalarda fəaliyyət göstərir. Yaradılan şərait poçt sahəsində çalışanları daha səylə işləməyə sövq edir.
    “Naxçıvanpoçt” publik hüquqi şəxsin kollektivi bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi və fasiləsiz poçt xidmətləri göstərəcəkdir.

“Naxçıvanpoçt” publik 
hüquqi şəxs

Nəşr edilib : 08.10.2022 23:50