AZ EN RU

Pəzməridə donmuş arzular Zəngəzur günəşiylə əriyərsə...

Naxçıvanı addım-addım gəzib dolaşan peşə sahibləri sırasında jurnalistlər birinci yerdə durur, desək yanılmarıq. Muxtariyyətin hər daşı, hər qayası sanki onlara bütün sirlərini açaraq “Mən Nuhun yurduyam”, “Nuhun nəfəsiyəm”, “Gəlin məni kəşf edin”, – deyə pıçıldayıb. Təbiətinin rəngarəngliyi ilə seçilən bu füsunkar diyar gözəlliyə biganə qalmayan hər kəsi özünə heyran buraxır. Bu qədim yurdu gəzən insanları bir-birindən gözəl, ecazkar mənzərələr qarşılayır. Əzəmətli Haçadağı, füsunkar Batabatı, Üzən adası, Zor bulağı, Göy gölü, Əlincə qalası, Pəzməri şəlaləsi və digər möhtəşəm təbiət abidələri ilə muxtar respublika həmişəki kimi öz təbii gözəlliklərini geniş ürəklə onu ziyarət edənlərə göstərir.

Qədim Şərqin qapısının 100 illiyinə həsr olunacaq “Naxçıvanı tanıyaq” adlı fotosərgiyə böyük əzm və qürurla hazırlaşan “Şərq qapısı”nın peşəkar jurnalist və fotoqrafları ilk dəfə öz oxucularına Pəzməri şəlaləsinin donmuş və qarlı fotosunu təqdim ediblər. Ordubadın əsrarəngiz təbiət abidələrindən olan bu şəlalə son illərdə ən çox üz tutulan təbii turizm obyektlərindəndir. Əməkdaşlar Zəngəzur silsiləsinin Ayıçınqılı aşırımından 3707 metr hündürlükdə yerləşən bu füsunkar təbiət abidəsini Pəzməri kəndindən 6 saata qət ediblər. Bulaq və qar suları ilə qidalanan, dəniz səviyyəsindən 2161 metr hündürlükdə yerləşən şəlaləyə gedən macəralı yolda onları ilk salamlayan Zəngəzur silsiləsindən boylanan Günəş, dağ keçiləri, kəklik və muflonlar olub. Keçmişdə şəlalənin kinetik enerjisindən istifadə etmək məqsədilə burada su dəyirmanı qurulub və dən üyüdülüb. Kəndin yuxarı hissəsində olan dəyirmanın qalıqları günümüzə qədər qalmaqdadır. Pəzməri çayı üzərindəki eyniadlı böyük şəlalədən başqa, bir neçə kiçik şəlalə burada olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də ərazinin geniş turizm potensialından xəbər verir. Zaman-zaman bu şəlalənin dağ yırtıcısı qaplanın adı ilə adlandırılması vaxtilə ərazidə qaplanın çox olması ilə bağlı olub.

Təxminən, 30 metr hündürlükdən axan şəlalə bizə sanki buz heykəlləri xatırladır. Lal qayalar, ağ örpəyə bürünən dağlar, donmuş çaylar bizə min illər əvvəl buranın ilk insan məskənlərindən olduğunu xəbər verir. Düşünürəm ki, insanlar Nuh tufanında bu dağların qoynunda ilk dəfə quruya çıxarkən torpağa göz yaşlarıyla minnətdarlıqlarını bildiriblər. Bəlkə də, o məsum və sel kimi axan göz yaşlarından yaranıb mənbəyini heç vaxt qurumayan gur bulaqlardan götürən bu şəlalə. Bəlkə də, bəzi insanlar zaman-zaman öz vicdanlarını yuyub, qaralmış qəlblərini bu qayaların döşündə bərq vuran Günəşə ərməğan ediblər.

Bir vaxtlar bu dağların suyundan içmiş sakinlərin öz el-obasından ayrı düşməsi ilə şəlalə də öz susqunluğuna qərq olaraq sakitliyində həzin-həzin öz içinə axıb. Bəlkə də onun Zəngəzur Günəşiylə ilk dəfə qarlı, sırsıralı və donan halını çəkən əməkdaşlar bizə nəsə demək istəyir... Gəlin sizə bir sirr verim. Onların ürəyindəki sevinci sizinlə paylaşım. Onlar şəlalənin yanında dilək tutub əllərini sonsuz səmaya açıb Allaha pıçıldadılar: Pəzməridə donmuş arzuların Zəngəzur Günəşiylə əriməsi nəsibimiz olsun!!!

Fariz ƏHMƏDOV

Nəşr edilib : 05.02.2024 12:49