AZ EN RU

Peyvəndləmədən kənar qalmış uşaqlar yoluxucu xəstəliklərdən daha çox zərər görürlər

    Ölkəmizdə infeksion xəstəliklərə yoluxma hallarının çoxalması günümüzün aktual məsələlərindən biridir. İlkin olaraq belə hallarda böyüklərdən daha çox azyaşlı uşaqların zərər görməsi, bu sahədə qabaqcıl səhiyyə tədbirlərinin aparılmasını şərtləndirir. Bununla yanaşı, azyaşlı uşaqların yoluxduğu infeksion xəstəliklər çox təhlükəli olmaqla bərabər bəzi hallarda ölümlə də nəticələnə bilir. Diqqətə çatdıraq ki, azyaşlıların infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat xəstəliyin qarşısını almaq istiqamətində peyvəndlənmənin aparılmasıdır. Bu mövzuda daha ətraflı məlumatı Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim-pediatrı İlkay Əliyevadan aldıq. 

    Müsahibimiz suallarımızı cavablamaqla yanaşı, peyvəndlənmənin aparılması istiqamətində öz təcrübəsinə əsaslanaraq fikirlərini bizimlə bölüşdü.     
    İlkay həkim əvvəlcə peyvənd nədir və Azərbaycanda hansı növlərindən istifadə olunduğundan bəhs etdi. Bildirdi ki, infeksiyaya qarşı immuniteti təmin etmək üçün hazırlanmış və orqanizmə müxtəlif üsullarla verilən bioloji məhlul peyvənd adlanır. Daha geniş izah etsək virus və mikrobların zəiflədilmiş,  xəstəliktörətmə qabiliyyəti olmayan formasıdır. Xəstəliktörədicisinin zəiflədilmiş formada orqanizmə yeridilməsidir. İnsan orqanizminə yeridilən peyvənd sayəsində orqanizm həmin infeksiyanı tanıyır və ona qarşı immunitet yaranır. Peyvənd olunmuş uşaq ya o xəstəliyə tutulmur, ya da yüngül formada  keçirir. Yəni  gələcəkdə yaranacaq ağır fəsadlar sanki qabaqlanmış olur. Azərbaycanda on bir yoluxucu xəstəliyə qarşı peyvənd aparılır ki, bunlar hepatit B, vərəm, difteriya, göy­öskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək, poliomielit və pnevmokok infeksiyalarına qarşı tətbiq edilən peyvəndlərdir. Vaksinlər Azərbaycan Respublikasının Milli peyvənd təqviminə əsasən sıralanmışdır və ilkin olaraq körpənin doğumundan sonra 12 saat ərzində başlamaqla 6 yaşına kimi davam edir.
    “Peyvəndlər hansı hallarda vurulmamalıdır, əks təsiri nə ola bilər?” sualına müsahibimiz belə cavab verir: – Vaksindən sonra yaranan arzuolunmaz təsirlər və çox nadir ciddi təsirlər kimi təsnif edilə bilər. Peyvəndlər peyvəndin komponentinə qarşı yüksək həssaslıq olduqda, QİÇS, aktiv vərəm xəstələrinə vurulmur. Peyvənd vurulan zaman uşaq sağlam olmalıdır. Pediatr tərəfindən uşaq hərtərəfli müayinə edilməli və daha sonra peyvənd olunmalıdır. Ehtiyac olduğu hallarda pediatrlar digər ixtisas həkimləri ilə də məsləhətləşirlər. Peyvənd aparıldıqdan sonra bəzi uşaqlarda temperaturun qalxması, peyvənd vurulan yerdə  ağrı, şişkinlik, qızartı kimi hallar ola bilər. Valideynlər bundan qorxmamalıdır, çünki bu simptomlar 24-48 saat ərzində öz-özünə yox olur.
    İlkay xanım onu da vurğuladı ki, körpələrin infeksiyalara qarşı ən böyük müdafiəçisi ana südü və peyvənddir. Uşaqlar peyvənd olunmadıqda infeksion xəstəliklərin mikrobları ilə qarşılaşır və orqanizmdə mübarizə apara biləcək immunitet olmur. Bu zaman onlar ən yüngül, ən sadə xəstəlik dönəmini belə çox ağır keçirirlər. Vaksin vurulduqda isə orqanizmdə xəstəliyə qarşı əvvəlcədən immunitet formalaşır, insan ya, ümumiyyətlə, xəstələnmir,  ya da xəstəliyi yüngül keçirir. Bu, azyaşlıların gələcək həyatında balans rolunu oynayacaq və xəstəliklərə yoluxsalar belə öhdəsindən rahat gələcəklər. Həkim-pediatr diqqətə çatdırdı ki, valideynlər peyvəndə qarşı biganə yanaşmamalıdırlar,  peyvəndlər uşaqları bir çox yoluxucu xəstəlikdən qoruyur və onların həyatını xilas edir. Peyvənd mümkün qədər təqvimə uyğun vaxtda aparılmalıdır. Valideynlərə peyvəndin faydası izah olunmalı, onlarda yarana biləcək fikir ayrılıqlarına son qoyulmalıdır. Vaksinlərdən kənar qalmış uşaqların yoluxacağı xəstəliklərdən daha çox zərər görmələri mövzusunda geniş maarifləndirici tədbirlər görülməlidir. 
    İlkay həkim peyvəndləmənin hansı yaş aralığında aparılması barədə də söz açaraq  bildirdi ki, Milli peyvənd təqviminə əsasən peyvəndlər 0-6 yaş olaraq göstərilir. Bilindiyi kimi, 0-6 yaş aralığında uşaq orqanizmi yoluxucu xəstəliklərə qarşı daha həssas olur. Ona görə də peyvəndlər vaxtında icra edilməlidir. Lakin hazırda ölkəmizdə də yayılan qızılca xəstəliyinə görə 10 yaşına çatmamış  azyaşlılar da bu baxımdan peyvənd oluna bilərlər. Əziz valideynlər, unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onları qarşılaşacaqları xəstəliklərdən qorumaq üçün bu məsələyə biganə qalmamalıyıq. Vaksin proseslərindən keçmək üçün polimərkəzlərə yaxınlaşaraq azyaşlıların peyvəndlənməsi üçün müraciət etməlisiniz.
    Əziz oxucularımız, bir daha diqqətinizə çatdıraq ki, müdafiə xarakteri daşıyan bu mühüm tibbi tədbiri təxirə salmamaq övladlarımızın sağlamlığı üçün olduqca böyük əhəmiyyət daşıyır. Öhdəmizə düşən bu məsuliyyəti layiqincə yerinə yetirmək isə çox vacibdir…

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 27.12.2023 19:15