AZ EN RU

     Peşələr Festivalı bu dəfə Naxçıvan şəhər sakinlərinin qonağı olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Naxçıvan şəhərində baş tutub.    

“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Anar Kərimov ötən il də uğurla reallaşan festivalın gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini, düzgün peşə seçiminin, gələcəyin peşələri barədə məlumatlılığın artırılmasında xüsusi rol oynadığını qeyd edib.         

Naxçıvan sakinləri festivalı böyük maraqla qarşılayıb. Tədbirə 8 minə yaxın şəxs qatılıb.  

Daha sonra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.Ümumilikdə, bu il ölkənin 10 rayon və şəhərində keçirilən, növbəti dəfə Naxçıvanda reallaşan festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirib.   Qeyd edək ki, festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənib, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edib və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə ediblər. Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera Filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilib, onlara xidmətlər haqqında məlumat verilib. Biz də “Şərq qapısı” qəzetinin çoxsayl oxucularının marağını nəzərə alıb festival təşkilatçıları və iştirakçılarının fikirlərini öyrənmək qərarına gəldik.

İlk müsahibimiz Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera Filialının müdir müavini Adil Abdullayev oldu. Müsahibimiz bildirdi ki,  ötən il 10 regionda 10 peşə sahəsi ilə başlayan Peşələr Festivalı layihəsi bu il yenidən 10 regionda lakin 14 peşə sahəsi ilə davam edir. Ötən il əgər bizim iştirakçı sayımız, ümumilikdə, 25 min gənci əhatə edirdisə, bu il biz 30 min gənci öz əhatəmizdə birləşdirə bilmişik. Bu gün isə Naxçıvandayıq. Qeyd edim ki, bu günə kimi olan yeddi peşələr festivalı arasında ən çox ziyarətçi olan festival oldu. Buna görə də biz naxçıvanlılara öz dərin təşəkkürümüzü bildiririk.

 Maraqlı peşə sahiblərindən olan Elçin Qarayevin də festivalın gedişatı barədə fikirlərini öyrəndik. O bildiri ki, mobil telefonların təmiri ustasıdır. 19 ildir ki, bu peşə ilə məşğuldur və festivalda məqsədləri gənclərə bu peşənin gərəkliliyini, maraqlı cəhətlərini, gəlirli sahə olub-olmadığını izah etməkdir. Ustası olduğu peşə sahəsini örnək göstərib, seçə bilmələri üçün gənclərə köməklik göstərirlər. Müsahibimiz onu da bildirir ki, mobil telefonların təmiri  günün ən çox tələbat duyulan peşələrindəndir.

Digər müsahibimiz isə IT mütəxəssisi, Baku IT Akedemiyanın quruluşçu-rəhbəri Səfərəli Əliyevdir. 15 ilə yaxındır bu sahədə olduğunu bildirən həmsöhbətimiz, hazırda peşə festivalında komputerlə, onun avadanlıqları ilə işləməyi, şəbəkənin ilkin anlayışlarını, quruluş sistemini və onlarla işləmə üsullarını öyrətməyə çalışırlar. Qeyd edir ki, gənclər bu sahəyə xüsusi maraq bəsləyir. Biz də canla-başla onlara kömək olmağa çalışırıq.

Diqqətimizi çəkən daha bir stendə yaxınlaşırıq və “Alo Kariyera” dəstək xidmətindən Sevinc Qafarova ilə həmsöhbət oluruq. Kariyera məsləhətçisi olan Sevinc xanım bildirir ki, vətəndaşlarla onlayn və ödənişsiz formada konsultasiyalar həyata keçirirlər. Bu konsultasiyaların məqsədi ixtisas seçimi, sahə seçimi, karyera planlaması, iş axtarış alətləri, CV və istək məktubunun hazırlanması istiqamətlərində vətəndaşlara kömək etməkdir. Müsahibimiz xüsusi qeyd edir ki, bu Dövlət Məşğulluq Agentliyinin xidmətidir və tamamilə ödənişsizdir. Hazırda festivalda da konsultasiya xidməti göstərilir. Eyni zamanda, vətəndaşlar internet saytından qeydiyyatdan keçərək onlarla əlaqə saxlaya bilərlər.

Stendlərdə müasir peşələrlə yanaşı qədim, ənənəvi peşə sahələrinə də rast gəlmək olurdu. Gənclərin marğını özünə çəkən bir stendə yaxınlaşdıq. Burda stilist, bərbər Salman İsmayılovla qarşılaşdıq. 25 il iş təcrübəsi olan Salman usta  Azərbaycanda  “barber-shop”, eyni zamanda MDB ölkələrində və yaxın Asiya, yaxın Avropada yeganə olan “Bərbər Tarixi Muzeyi” açmış yeganə şəxs olduğunu bildirir. Eyni zamanda Bərbər Akedemiyasının da yaradıcısıdır. Müsahibimiz dedi: “İstəyimiz bu cür təşkil olunmuş festivallarda gəncləri maarifləndirmək, öyrətmək və bu sahədə də inkişafa doğru yönəltməkdir. Necə ki bu uğuru mən qazanmışamsa, arzulayıram ki mənim də davamçılarım çox olsun və uğurlu nəticələr əldə etsinlər”.

Milliliyi və müasirliyi özündə ehtiva edən daha bir peşə stendinin qarşısında ayaq saxlayırıq. Bakı Milli Geyim Evinin və Avropa Dizayn Təhsil Mərkəzinin qurucusu və rəhbəri Könül Vəlibəyli ilə söhbətimiz zamanı peşələrinin təbliği üçün var qüvvələri ilə səy göstərdiyini bildirdi. Dizayn sahəsində, geyim dizayneri olaraq uzun  illər qazandığı öz təcrübəsini, proyektlərini, həmçinin öz gördüyü işləri gənc nəsilə təbliğ edir. Bu səbəbdən də gələcəkdə bu peşə sahəsi ilə məşğul olmaq istəyənlərə düzgün istiqamət verməyə çalışırlar. Gənclərin bu peşə üzrə harada təhsil ala və gələcəkdə seçdikləri istiqamət üzrə harda işləyə, həmçinin necə uğur əldə edə biləcəkləri istiqamətində onlara düzgün yol göstərmək niyətindədirlər. Müsahimiz xanımların bu sahəyə marağını xüsusi vurğulayaraq onların tikmə, naxış kimi işlərdə daha uyğun sahə olduğunu bildirdi.

Beləliklə, qədim diyarımızın festivallar şəhəri kimi tanınan paytaxtı doöma Naxçıvanımız daha bir festival uğula ev sahaibliyi etdi. Qələbəlik, maraq və coşqu ilə müşaiyət olunan festivalın sonunda iştirakçılar arasında lotoreya təşkil olundu, qaliblərə müxtəlif hədiyyələr təqdim edildi. Xatırladaq ki, festival muxtar respublika paytaxtımızdan öncə 9 noyabr tarixdə qədim Ordubad şəhərində də təşkil edilmiş və böyük maraqla qarşılanmışdı. Növbəti festival 14 noyabr 2023-cü il tarixində Cəlilabadda keçiriləcək.

Aidə İbrahimova

Aysel Yusifzadə

 

 

Nəşr edilib : 11.11.2023 20:45