AZ EN RU

Peşəkar rəyi, tələbəlik arzusu, düzgün seçim edənlər və uğur qazananlar...

 Hər kəsə məlumdur ki, orta məktəbi başa vurub tələbə adını qazanmaq istəyən abituriyentlər üçün düzgün ixtisas seçimi çox vacibdir. Çünki bu, abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdən biridir. Lakin müşahidələr onu göstərir ki, bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hansı ali təhsil ocağının profilinə uyğundursa, heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Nəticədə, gənc yüksək bal toplamasına rəğmən təhsil almaq istədiyi universitetə və yaxud arzusunda olduğu ixtisasa qəbul ola bilmir. Belə şəraitdə də ixtisas seçimi dediyimiz düzgün, dəqiq, dərin araşdırma tələb edən və geniş mənada mütəxəssis rəyinə zərurət yaradan məsələ gəlir gündəmə.

    Qeyd edək ki, hər il olduğu kimi, bu il də avqust ayının 16-dan 28-nə qədər abituriyentlərin ixtisas seçimi dövrüdür. Məqbul sayılan nəticəni toplamış abituriyentlərimiz tələbə adını qazanmağın artıq bir addımlığında dayanıb. Hələ məktəb illərindən istər müəllim və valideynlər, istərsə də şagirdlərin özləri ali təhsil almaq üçün düzgün ixtisas seçiminin nə dərəcədə əhəmiyyət daşıdığını bilirlər. Bəs tələbələr ixtisas seçimi edərkən xüsusi olaraq nələrə diqqət yetirməlidirlər? Bu haqda daha ətraflı məlumat almaq üçün 18 il iş təcrübəsi olan təhsil eksperti Orxan İsayevlə həmsöhbət olduq. Mövzu barədə ətraflı məlumat verən Orxan müəllim bildirdi ki, abituriyent, ilk növbədə, arzuladığı ixtisası yaxşı araşdırmalı, həmin ixtisasa hansı bilik və bacarıqlar tələb olunduğunu analiz etməli, ixtisasa əmək bazarında, cəmiyyətdə nə qədər tələbat olmasını öyrənməli, həmçinin ali təhsil alacağı peşənin gələcək perspektivini düşünməlidir. Eyni zamanda seçdiyi ixtisasın ötən tədris illərində keçid balının, yaxud dövlət sifarişi üçün məqbul sayılacaq keçid balının neçə olduğunu dəqiqləşdirməli və onu ötən illərdəki nəticələrlə müqayisə etməlidir. Bununla yanaşı, ötən illər ərzində formalaşan plan yerlərini araşdırmalı, hansı ixtisaslara tələbatın artdığını, yəni plan yerlərinin daha çox verildiyini dəqiqləşdirməlidir. Həmçinin abituriyentin gələcək uğuru üçün ən vacib məsələlərdən biri də hansı ixtisas sahəsinin, hansı universitetlərdə daha yaxşı tədris olunduğunu müəyyənləşdirməkdən ibarətdir. 
    Orxan müəllim deyir ki, abituriyent ixtisas seçimi zamanı daha çox əvvəlki illərin keçid ballarına diqqət yetirir, əslində, ən böyük xətanı da bu zaman edir. Çünki ötən ilin keçid balları diqqət yetiriləcək ən son məqamdır, səbəb budur ki, hər il abituriyentlərin maraq dairəsi dəyişir. Bu zaman təbii olaraq ixtisasların ballarında dəyişiklik olur. Əgər tələbə ötən il formalaşan keçid ballarına diqqət etsə, bu zaman o istədiyi nəticəni almaqda çətinlik çəkər, hətta nəticə ürəkaçan olmaz. İllərdir, bununla bağlı kifayət qədər uğursuzluqla üzləşirik. 
    Orxan İsayev ixtisas qrupları üzrə hansı sahələrə daha çox tələbat olduğunu da diqqətə çatdırdı. Onun sözlərinə görə, birinci ixtisas qrupunda abituriyentlər daha çox informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, sistem mühəndisliyi, proseslərin avtomatlaşdırılması kimi ixtisaslara maraq göstərirlər. Ancaq sözügedən ixtisasları seçən abituriyentlər mütləq nəzərə almalı və əvvəlcədən öyrənməlidirlər ki, həmin ali təhsil ocağının maddi-texniki bazası müasir tələblərə cavab verir, yoxsa yox. İkinci ixtisas qrupuna gəldikdə isə beynəlxalq ticarət və logistika, maliyyə, turizm işinin təşkili ixtisasları daha çox gələcək vəd edir gənclərimizə. Diqqətə çatdıraq ki, ikinci ixtisas qrupuna daxil olan ixtisaslar hər il abituriyentlərin daha çox rəqabət apardığı qruplar sırasındadır. Bu qrupa qızlarla müqayisədə oğlanlar daha çox maraq göstərir. 
    Üçüncü ixtisas qrupunda abituriyentlər ən çox Hüquqşünaslıq, İngilis dili, Dövlət və ictimai münasibətlər, Politologiya ixtisaslarına qəbul olmaq uğrunda rəqabət aparırlar. Onu da qeyd edək ki, perspektivli ixtisaslarda rəqabət daha çox yüksək bal toplayan abituriyentlər arasında gedir. Səmimi etiraf etmək lazımdır ki, minimal bal toplayan abituriyentlərin əksəriyyəti isə yalnız universitetə qəbul olmaq haqqında düşünür, yəni onlar ixtisasın gələcək perspektivini fikirləşmirlər. 
    Dördüncü qrupda isə rəqabət, təbii ki, əsas tibb ixtisasları uğrunda gedir. Bu gün Naxçıvan Dövlət Universitetində Tibb ixtisasının ingilis dilində tədrisi sağlam rəqabəti daha da gücləndirir. Hətta ötən il adıçəkilən ali təhsil ocağının dövlət sifarişi əsasında formalaşan keçid balına baxdıqda, onun Azərbaycan Tibb Universitetinin keçid balından daha artıq olduğunu görürük. Bu da kəmiyyətdən daha çox keyfiyyətin formalaşmasının, nəticənin yaxşı olmasının ifadəsidir. 
    Orxan müəllim deyir ki, muxtar respublikada fəaliyyət göstərən üç ali təhsil müəssisəsində aparılan kadr islahatları tədrisin müasir tələblərə uyğun qurulmasına ciddi təkan verir. Həm də tələbələrin bu ali təhsil ocaqlarını seçməsinə şərait yaradır. Müşahidələrimiz onu da göstərir ki, orta məktəbi muxtar respublikada bitirən abituriyentlərin hər il səksən faizi məhz bu ali təhsil ocaqlarından birini seçir. 
    Məlumat üçün diqqətə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə ixtisas seçiminin düzgün aparılması üçün, abituriyentlərə bu sahədə kömək məqsədilə şəhər və rayon Təhsil şöbələrində abituriyentlərə dəstək mərkəzləri yaradılıb. Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı ətraflı məlumatı Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadədən aldıq. Müsahibimizin sözlərinə görə, ixtisas seçimi başlandığı tarixdən etibarən yaradılan bu xidmət abituriyentlərə tam təmənnasız köməklik göstərir. Bununla yanaşı, muxtar respublikamızın şəhər və rayon mərkəzlərində təhsil şöbələrinin əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında ətraflı söhbətlər aparılır. Qeyd edək ki, bu günə kimi abituriyentlərə dəstək mərkəzlərində, ümumilikdə, 407 ixtisas seçimi aparılıb. 250-dən çox şifahi müraciət cavablandırılıb. İxtisas seçimi ilə bağlı ən çox müraciət (127) Şərur Rayon Təhsil Şöbəsində yaradılan dəstək mərkəzinə olub. Şöbənin əməkdaşları tərəfindən bütün müraciətlər dinlənilib, abituriyentlərə düzgün istiqamət verilib. 
    “Etiraf etmək lazımdır ki, abituriyentin ixtisas seçiminə valideynlər tərəfindən də kifayət qədər müdaxilələr olur. Belə hallar qarşısında şöbənin əməkdaşları tərəfindən maarifləndirmə işləri aparılırmı? Ümumiyyətlə, abituriyentlər hansı kənar əks-təsirlərlə üzləşirlər?” suallarına isə Sahil müəllim belə cavab verir: – Əvvəla, onu qeyd edim ki, ixtisas seçimi müddətində valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bu müddət ərzində daha çox övladlarının bacarıqlarına uyğun olaraq onları dəstəkləməli və etimad göstərməlidirlər. Çünki inam uğurun əsas təməl daşlarından biridir, bu inamı müəllim və mütəxəssislərdən daha çox valideynlər yarada bilər.
    Lakin real mənzərə bəzən deyilənin tam əksini göstərir. Belə ki, bəzi valideynlər bu situasiya qarşısında övladlarını öz istək və arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olurlar. Böyüklərinin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istəyir. Amma övladının gələcəyini formalaşdıracaq seçimlər qarşısında böyüklər mütləq fikir müxtəlifliyinə hörmət etməlidir. Əfsuslar olsun ki, bir az əvvəl də qeyd etdiyimiz kimi, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa, reallaşdıra bilmədikləri arzularına və ya prestijli peşəyə sahib olmağa məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, bilik və qabiliyyətinə, marağına uyğun sahəyə yönləndirmək daha məqsədəuyğundur. Bütün bu hadisələrin qarşısının alınması üçün də ixtisas seçimləri zamanı Təhsil Nazirliyi və Təhsil şöbələrinin əməkdaşları tərəfindən valideynlərlə maarifləndirici söhbətlər aparılır. Hələ ki, xidmətimizdən heç bir narazılıq edilməyib, şikayətlər olmayıb, bir sözlə, abituriyentlərimiz, eləcə də valideynlər seçimlərdən razılıq edirlər. İnanırıq ki, bu istiqamətdə nəticələrimiz çox yaxşı, ürəkaçan olacaq. 
    Biz də, öz növbəmizdə, tələbə adını qazanmaq uğrunda başlayan bu marafonda hər bir abituriyentə uğurlar arzu edirik. Haqqı olan, zəhmət çəkərək yüksək bal toplayan, bir sözlə, ailəsinə, müəllimlərinə başucalığı gətirən hər bir abituriyentin nəticəsinin arzu etdiyi kimi olmasını diləyirik. 

 Bülbül Quliyeva

Nəşr edilib : 23.08.2023 20:36