AZ EN RU

Pərviz Şahbazov: “Azərbaycandan Avropaya 6 milyard kubmetrdən çox qaz ixrac olunub”

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropaya təxminən 6,4 milyard kubmetr qaz ixrac olunub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu ilin birinci rübündə Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub.

Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql edilib.

Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 % çoxdur.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Nəşr edilib : 11.07.2024 09:46