AZ EN RU

Pərakəndəçilik sektoru yeni mərhələdə

“Sənaye ili” – 2022

    Pərakəndəçilik müasir dövrdə insanların daim sıx əlaqədə olduğu sektorlardan biridir, hətta birincisidir. Çünki müasir insanın həyatı ticarət və xidmət sahələri ilə birbaşa əlaqəlidir. Buna görə də bu sektor olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. İqtisadi həyatda istənilən yeniliyi bizə ilk çatdıran pərakəndəçilik sektoru həm də istehlakçıları yeni biznes davranışları ilə tanış edir. Burada isə yeniliklər ilbəil, aybaay yox, günbəgün baş verir. 

    Muxtar respublikada pərakəndəçilik sektorunun inkişafında da bu yenilikləri davamlı olaraq görməkdəyik. İstər yeni fəaliyyətə başlayan ticarət və xidmət mərkəzlərində, istərsə də mövcud biznes subyektlərində bu cür yenilikləri müşahidə etmək mümkündür. Səbəb isə çox sadədir: bu gün müasir dünya elə bir səviyyəyə gəlib çatıb ki, istənilən ölkədə qlobal bazar üçün nəzərdə tutulmuş məhsul istehsal olunduqdan qısa müddət sonra istehlakçılar üçün əlçatan olur və ya həmin məhsul fərqli ölkələrdə yerli bazarların tələbinə uyğun istehsal edilir. Məhz bu zənciri yaradan, istehsalçı ilə istehlakçını görüşdürən, keyfiyyətli məhsulu bazarda saxlayan, keyfiyyətsiz məhsulu isə qısa zamanda bazardan çıxaran pərakəndəçilik sektorudur. Bəs bu gün muxtar respublikada pərakəndəçilik sektoru hansı mərhələdədir? 

    Dünya pərakəndəçilik sektoru üzrə aparılan araşdırmalar göstərir ki, hansı ölkələrin iqtisadiyyatı daha çox istehsal üzərində qurulub, həmin ölkələrdə pərakəndəçilik sektoru da davamlı inkişaf edir. Bu amil regionlarda da özünü göstərir. Məsələn, muxtar respublikada özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi sayəsində son illərdə yüzlərlə yeni istehsal və xidmət sahələri yaradılıb. Nəticədə, məhsul istehsalı artıb, xidmət sahələrinin həcmi genişlənib. Bu da, öz növbəsində, yeni ticarət mərkəzlərinin yaradılmasına və ya mövcud olanlarda məhsulların növ və çeşidlərinin artırılmasına, yeni xidmətlərin təklif edilməsinə geniş imkanlar açıb. Əvvəllər aldığımız məhsulların böyük bir həcmini idxal məhsullar təşkil edirdisə, bu gün artıq ticarət şəbəkələrində satılan məhsulların böyük bir qismi yerli müəssisələrin istehsalıdır. Əgər əvvəllər alıcılar daha çox idxal məhsulların keyfiyyətinə inanır və alırdılarsa, bu gün istehlakçılar yerli məhsullara daha çox üstünlük verirlər. Bir zamanlar istehlakçılar aldıqları məhsulların keyfiyyəti ilə bağlı problemlərlə qarşılaşanda çıxılmaz vəziyyətdə qalırdılarsa, bu gün artıq hər bir yerli istehsalçı öz məhsuluna qəti şəkildə cavabdehlik daşıyır və alıcılar qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini lazımi ünvanlara çatdıra, eyni zamanda onlar bu hüquqlarından istifadə edərək istehlakçı mənafelərini qoruya bilirlər. Bu deyilənləri müxtəlif xidmət sahələrinə də aid etmək olar. 
    Pərakəndəçilik sektoruna nəzər yetirdikdə görürük ki, son illərdə muxtar respublikada yerli istehsal müəssisələrinin sayının artması bazarda sağlam rəqabət yaratmağı da bacarıb. Bu rəqabət isə keyfiyyətli məhsulların həcmini artırıb, istehlakçıların seçim imkanlarını genişləndirib. Məsələn, 10 il bundan əvvəl muxtar respublikada tanıdığımız bir neçə mebel istehsalı müəssisəsi var idisə, bu gün artıq bu sahə ilə məşğul olan çoxsaylı fərdi istehsal sexləri və müəssisələr mövcuddur. Və yaxud əvvəlki illərdən fərqli olaraq bu gün muxtar respublikada çoxsaylı quşçuluq müəssisələri fəaliyyət göstərir ki, bu da onlar arasında sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradıb. Nəticədə, daxili bazarın quş ətinə və yumurtaya olan tələbatı yüksək səviyyədə ödənilir. Başqa bir misal. Əgər əvvəllər inşaat materiallarına olan tələbatın çox az bir hissəsi üçün istehsal imkanları var idisə, bu gün artıq sementdən travertin üzlük daşlara, məsaməli bloklardan istilik radiatorlarına, plastik borulardan divar boyalarınadək yüzlərlə adda məhsul istehsal edən müəssisələrimiz var. 
    Pərakəndəçilik sektorunda diqqəti cəlb edən amillərdən biri də muxtar respublikada müəyyən məhsullar üzrə ixtisaslaşmış mağazaların həcminin ildən-ilə genişlənməsidir. İxtisaslaşmış mağazalar isə istehlakçı tələblərini ən dolğun şəkildə ödəməyə çalışan ticarət obyektləridir. İxtisaslaşmanı zəruri edən də pərakəndəçilik sektorunun uğurudur. Bunun məntiqi izahı belədir ki, iqtisadi inkişaf təmin olunduqca, insanların maddi vəziyyəti yaxşılaşdıqca, tələbatları da artır. Mağazalar isə bunu hərtərəfli təmin etmək üçün yaranan tələbata hərtərəfli yanaşmağı üstün tuturlar. Elə buna görədir ki, son bir neçə ildə Naxçıvan şəhərində sırf kimyəvi yuyucu məhsullarının, musiqi alətlərinin, unlu şirniyyat növlərinin, uşaq geyimlərinin, idman mallarının, elektrikli məişət avadanlıqlarının və onların ehtiyat hissələrinin satıldığı onlarla ixtisaslaşmış mağazanın fəaliyyətə başladığını müşahidə edirik. 
    Pərakəndəçilikdə yeniliklərdən biri də, ötən yazılarımızda da qeyd etdiyimiz kimi, onlayn satış və xidmətlərin sayının artmasıdır. İstər mağazaçılıqda, istər restoran biznesində, istərsə də müxtəlif xidmət sahələrində onlayn fəaliyyətin genişlənməsi son iki ildə özünü daha aydın şəkildə göstərir. Naxçıvan Onlayn Marketin, karqo şirkətlərinin fəaliyyətinin genişlənməsi bunu bir daha göstərir. Yeri gəlmişkən bu gün karqo şirkətləri arasında yaranmış sağlam rəqabət müştəri məmnuniyyətinə də öz müsbət təsirini göstərir. Düşünürük ki, yaxın bir neçə ildə onlayn xidmətlərin həcmi daha da genişlənəcəkdir. 
    Muxtar respublikanın pərakəndəçilik sektorunun mühüm konsepsiyalarından biri də pərakəndəçilikdə ailə əməyinə əsaslanan məhsulların istehsal həcminin artmasıdır. Muxtar respublikada artıq bir neçə ildir, ailə təsərrüfatı məhsullarının istehsalı ilə bağlı dövlət tərəfindən göstərilən hərtərəfli dəstək yüzlərlə ailənin məşğulluğunu təmin edib. Bu da daxili bazarda rəqabətin artmasına, məhsul bolluğuna öz təsirini göstərib. Nəticədə, alıcı ilə istehsalçı arasında birbaşa əlaqə yaranıb. Bu da o deməkdir ki, artıq daxili bazarda satıcının nə istədiyini istehsalçı özü müəyyənləşdirir və bu istəyə uyğun məhsulunu təqdim edir. Muxtar respublikada pərakəndəçiliyin bu uğurunu digər xarici bazarlarda görmək çox çətindir. 
    2022-ci il muxtar respublikada “Sənaye ili” elan olunub. Muxtar respublikanın mühüm sənaye potensialını nəzərə alaraq bu il yeni-yeni sənaye məhsulu istehsal edən müəssisələrin yarandığının şahidi olacağıq. Artıq bu istiqamətdə mühüm işlərin görülməsinə başlanılıb. Bu isə daxili bazarda yeni məhsulların növ və çeşidlərinin artmasına imkan verəcək, bəzi məhsulların idxaldan asılılığını aradan qaldıracaq. Son nəticədə isə daxili bazarın tələbi ödəndikdən sonra rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxışı əsas hədəflərdən olacaq. Elə pərakəndəçilik sektorunun inkişafında növbəti mərhələ də bunu təmin etmək olacaq. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 06.04.2022 18:57