AZ EN RU

Penitensiar Xidmətdə qazilərlə görüş keçirilib

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Vətən müharibəsi qazilərilə görüş keçirilib. Görüşdə Xidmətin rəisi, nazirliyin aparatının əməkdaşları, cəzaçəkmə müəssisələrinin rəisləri, Mühafizə Taburunun komandiri, xidmətin əməkdaşları və şəhid yaxını olan əməkdaşlar iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Penitensiar Xidmətin rəisi Emin Kazımov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdə şanlı tarix yazan oğullarımızın qəhrəmanlıqları barədə xatirələrini bölüşməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, yaralanan qazilərimizə, hərbiçilərimizə minnətdarlıq və ehtiramın ifadə olunması, onlara və ailələrinə dövlət qayğısının hiss etdirilməsi məqsədilə təşkil edilib. Ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək dövlət qayğısının göstərildiyini vurğulayan Emin Kazımov bildirib ki, bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 
Mühafizə Taburunun rəisi Ramin Əsgərov çıxışında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyin hər bir azərbaycanlının ən böyük arzusu olduğunu və həmin arzunun Azərbaycan Ordusu tərəfindən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə reallaşdırıldığını bildirib.
Tədbirdə çıxış edən “Naxçıvan qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov, birliyin sədr müavini Əli Əlisoy və qazi Pərviz Muradov müharibə dövrü xatirələrindən bəhs edib, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması, qazilərlə görüşlərin keçirilməsi istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Xidmətin rəisi tərəfindən qazilərə tədbirdə iştirak etdikləri üçün minnətdarlıq ifadə edilib, onlara “Təşəkkürnamə”lər və qiymətli hədiyyələr təqdim edilib. 
Sonra Zəfərə gedən yoldan bəhs edən “Komandirlər danışır” sənədli filmi izlənilib.Tədbir iştirakçıları ilə qazilərin xatirə fotoşəkilləri çəkilib.
Çay süfəsi ilə tədbir davam edib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.12.2023 20:48