AZ EN RU

Penitensiar Xidmətdə Əməliyyat Şurasının iclası keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2023-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Əməliyyat Şurasının iclası keçirilib. İclasda 2023-cü ilin altı ayı ərzində görülmüş işlər və cəzaçəkmə müəssisələrində sabitliyin qorunub saxlanılması istiqamətində görülən tədbirlər, eyni zamanda əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi barədə görülən işlər müzakirə olunub.
    Əməliyyat Şurasına sədrlik edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov ədliyyə sahəsinə, o cümlədən nazirliyin penitensiar sahəsinə göstərilən dövlət qayğısından bəhs edib, xidmətin gördüyü işlərə və həllivacib məsələlərə toxunub.
    Xidmətdə və cəzaçəkmə müəssisələrində görülən işlərlə bağlı ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov məruzə ilə çıxış edib. Xidmət rəisi penitensiar müəssisələrdə islahetmə metodlarının səmərəliliyinin artırılması, məhkumların maddi məişət şəraitinin yaxşılaşdırılması və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib.
    Sonra müəssisə rəisləri məruzə ətrafında çıxışlar ediblər.
    Şura iclasına yekun vuran ədliyyə naziri xidmətdə qarşıya qoyulan vəzifələrin düzgün və vaxtında yerinə yetirilməsi istiqamətində tapşırıqlar verib. Bildirib ki, hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulması işinin diqqətdə saxlanılması, məhkumların asudə vaxtlarından səmərəli istifadə olunması, məntəqə tipli cəzaçəkmə müəssisəsində daha çox məhkumun  işlə təmin edilməsi və peşə kurslarının açılması nəzarətdə saxlanılmalı, əməliyyat sahəsində iş gücləndirilməlidir.  

Naxçıvan Muxtar Respublikası Ədliyyə 
Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 04.08.2023 12:51