AZ EN RU

Pənahəli yurdundan Naxçıvana salam olsun!

Gecə saat 2-dir. Cəmi bir neçə saat qalır arzuma qovuşmağıma. Həyəcandan gözümə yuxu da getmir. Saatın zəngini 400-a qursam da, əmin olmaq üçün tez-tez telefonuma baxıram, – birdən yatıb qalaram deyə... Amma yox, bu gün yuxu məndən qaçaq düşüb. Bu həyəcan imkan verməyəcək yatmağa. Deyəsən, səhəri elə gözüaçıq qarşılayacağam. İlk görüşə tələsən aşiq kimiyəm sanki. Ürəyimin sürətli döyüntüsünü köksümdə hiss edirəm. Onu düşünməkdən saatın necə keçdiyinin fərqində də olmamışam. Artıq zaman çatıb. Qalxım daha. Onunla görüşə xüsusi diqqətlə hazırlaşıram. Ən gözəl halımla görüşünə getməliyəm. Axı o da məni ən gözəl halı ilə qarşılayacaq... Çox həyəcanlıyam. Avtobusu qaçıraram qorxusu ilə 630-da yola düşən avtobusa gecə saat 400-dan gedirəm. Və nəhayət, Bakı Beynəlxalq Avtovağzalındayam. Uzaqdan xüsusi formalı bir nəfər gözlərini qıyıb diqqətlə mənə baxır. Yaxınlaşıram. “Növbə rəisi” yazılıb formasının yaxasında. “Şuşaya gedirsiniz?” sualı həyəcanımı daha da artırır. “Bəli”, deyirəm. Siz çox tez gəlmisiniz, gözləyin, bir azdan avtobus gələcək. 

    Və nəhayət, məni xəyallar dünyama aparacaq avtobus dayanacağa yaxınlaşır. Qarşısındakı “Şuşa” yazısını gördükdə özümü ruhum bədənimdən çıxacaqmış kimi hiss edirəm. İti addımlarla avtobusa doğru irəliləyirəm. Şuşaya gedəcək sərnişinlər avtobusda bir-bir öz yerini alır. Və saat 630-dur. Yol alırıq sevgili Şuşaya... 
     ...Əziz Şuşa, sənə qovuşmaq arzusundan, səni görmək duyğusunun verdiyi həyəcandan daha üstün hansı hiss ola bilər ki? Hansı hiss bu həyəcana tən gələ bilər axı?.. Ürəyim elə sürətlə döyünür ki, sanki səsi Daşaltıda əks-səda verir, Cıdır düzündə eşidilir, Qızlar oylağında duyulur. Duyğular sözlə ifadə olunmur. Bütün kəlmələr hisslərim qarşısında aciz qalır... Avtobus Şuşaya doğru irəlilədikcə bələdçi bizə işğaldan azad olunan torpaqlarımızda aparılan tikinti-quruculuq işləri haqqında məlumat verir. Qış olmağına baxmayaraq, qara, borana, şaxtaya məhəl qoymadan qurub-yaradır qızıl əllər... Axı biz qurub-yaradan xalqıq. Hələ bu harasıdır? Cənnətə çevriləcək doğma Qarabağımız... 
    Günortaya yaxın sis-duman çəkilir qismən. Dağlardan boylanan Günəş ətrafı nura boyayır. Vəhşi ermənilər tərəfindən dağıdılan tarixi abidələrimizin yenidən bərpasına, təmiz küçələrə, tikilən yeni binalara, çəkilən yollara, salınan bağlara göz gəzdirdikcə sevincdən, fərəhdən insanın qəlbi dağa dönür. İgid oğullarımızın qanı ilə yazdığı şanlı tarixin ilk şahidi olan Zəfər yolu ilə irəliləyirik doğma Şuşamıza... Artıq dəqiqələr qalır müqəddəs Şuşa torpağına qədəm qoymağa. Yamacın başındakı “Şuşa” yazısını gördükdə ürəyim qanad açıb uçur sanki... O qədər tələsirəm ki, Şuşanı qarış-qarış, addım-addım gəzməyə... Avtobus Şuşanın mərkəzində dayanır. Bir az əvvəl Şuşanı gəzmək arzusunda olan mən, indi avtobusdan enə bilmirəm. Bu müqəddəs torpağa ayaq basmaq necə də çətindir, İlahi... Şəhidlərimizin qanı ilə sulanan bu torpaqlara insan ayaq basmağa qıymır, dizin-dizin sürünmək istəyir, torpağına alın qoyub, daşına səcdə edib, hər qarışını öpmək istəyir... Gözlərim dolur... Qəribə hisslər keçirirəm. Bilmirəm, sevinirəm, yoxsa kədərlənirəm... Həyatımda ilk dəfədir, belə hisslər yaşayıram. Atamın Şuşanın azad olunduğu zaman ilk dəfə hönkürtü ilə ağladığının şahidi olduğum gün düşür yadıma... Anamın nəzir-niyaz payladığı Zəfər günümüz gəlir ağlıma... Özümü ələ ala bilmirəm. Hıçqırıqlara boğuluram bir anlıq... Sən bizə necə əziz, necə doğmasan, Şuşa! Sən bütün azərbaycanlıların əzizisən... Nisgili ürəyimdə qubar bağlayan dünya qədər həsrətim bir anda yox olur. Tez, görüntülü zəng edirəm atama. Sevincimi ilk olaraq ailəmlə bölüşürəm. Bilmirəm, hamı sevincdənmi, yoxsa fərəhdənmi qəhərlənir?
    Şuşanın həzin küləyi ilə qucaqlaşıram... Şuşa bizi nur ilə qarşılayır. Narın-narın yağan qar ulduztək sayrışaraq üzərimə səpələnir, saçımı sığallayır. Bu nur altında ilk ziyarətimiz Şuşanın ən mistik məkanı olan Cıdır düzünədir. Buradan məşhur Daşaltı kəndi ovuc içi kimi görünür. O Daşaltı ki uğrunda Azərbaycan Ordusu neçə-neçə şəhid verib, amma Daşaltının qisasını daş altında qoymayıb. İrəliləyib sal daşlardan birində əyləşirəm, gözlərimi qırpmadan qarşımda açılan mənzərəni seyr edirəm. Asimana üz tuturam, qartallara, şahinlərə qoşulub, sıldırım qayaların qoynundakı Cıdır düzünün, Topxana meşəsinin üzərindən qanad açıb süzürəm. Vaqifin məqbərəsinin, Üzeyirin, Bülbülün dünyaya göz açdığı evlərin, memarlıq salnaməsi Gövhər ağa məscidinin, əfsanəvi İsa bulağının, sirli-sehrli Natəvan bağının, Xanın yanıqlı avazının ərşə qalxdığı dağların, xarıbülbüllü çəmənlərin, düzlərin üzərində bərq vururam. 
     İndi Şuşanın təməl daşını qoyan Pənahəli xanın, Cıdır düzündə at oynadan ataların, Şuşanın şöhrətinə şöhrət qatan Xurşidbanu Natəvanın, dahi Üzeyirin, Bülbülün, bu uca, bu ülvi məkanı qanları, canları ilə azad edən şəhidlərin ruhu da dinclik tapıb bu səmada. Məni xəyalımdan bələdçinin səsi ayırır. Qarış-qarış gəzirik Şuşanı... İndi də Molla Pənah Vaqifin məqbərəsi ilə üz-üzəyəm. Şairin şad ruhu dolaşan ziyarətgaha daxil oluram. Nə xoş təsadüfdür. 1982-ci ilin elə bu ayında, qarlı-şaxtalı yanvarında Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə bu məqbərənin açılışı baş tutub. Şuşa işğalda olarkən dağıdılan məqbərə cənab İlham Əliyevin tapşırığı ilə Şuşa azad edildikdən sonra ən qısa zaman ərzində bərpa edilib. Şairin məzarı üstündə tikilən məqbərə Qarabağda barbarların xarabaxanaya çevirdiyi saysız tarixi məkanlardan biridir. 
    İndi isə yol alırıq “Xan qızı” bulağına... Bulağa yaxın ərazidə güllələnmiş heykəllər sıralanıb. Sevgili Üzeyir, xan qızı Natəvan və dahi Bülbül... Düşünürəm, İlahi, Qarabağ savaşı kimsənin görmədiyi, bilmədiyi nə çox şey göstərdi dünyaya. Dünya gördü ki, heykəllər də güllələnərmiş, yaralanarmış, əsir düşərmiş, qəm, nisgil, ağrı, acı çəkərmiş... Heykəlləri bircə-bircə doğma yurdunda salamlayıram! Növbəti dayanacaqsa yağı düşmənlərin bir zamanlar qurutduqları Natəvan bulağıdır. Xurşidbanu Natəvanın öz vəsaiti hesabına çəkdirdiyi bu bulaq o zamanlardan bəri “Xan qızı” bulağı adıyla məşhur olub. Bulaqdan su qurtumlayıb Xan qızının evinə tərəf boylanıram. Bir anlıq zaman məni sirli-sehrli cənginə alıb, muğam məclislərinə aparır...
    Üç ildir ki, şəkil çəkdirmək üçün həsrətlə gözlədiyim Şuşa qalasına addım-addım irəliləyirik. Nə yalan deyim, qalanın qarşısında fotosu olan hər kəsə hər zaman qibtə etmişəm. Çox həyəcanlıyam. Az sonra mənim də Şuşayla xatirə şəkillərim olacaq. Budur, qalaya yaxınlaşırıq. Bu qala Qarabağın tarixi abidələrinin, deyərdim ki, ən zəngini və möhtəşəmidir. Möhkəm qala divarları Qarabağın kimliyini, nəyə qadir olduğunu göstərir sanki... 1751-ci ildə Qarabağ xanı Pənahəli xanın şərəfinə ucalan bu qalanın tikintisi zamanı Naxçıvan memarlarının da bədii təfəkküründən, zövq incəliyindən, zəngin təcrübəsindən istifadə olunub. Elə burada, Pənahəli xanın ruhunun pərvaz etdiyi bu müqəddəs qalada onun dostu, Naxçıvan xanı Heydərqulu xanın diyarından “salam” söyləyirik. Qalanın hər qarışında doyunca şəkil çəkdirdikdən sonra yenidən görüşmək arzusu və ümidi ilə bu müqəddəs məkandan ayrılırıq. 
    Şuşanın tarixi məhəllələri ilə irəliləyirəm. Həyətlərə boylanıram, taxta darvazalar, məhəccərli pilləkənlər, dədə-babalarımızın qolunun gücüylə üzü qibləyə doğru tikilən, hər daşından, divarından xatirə boylanan evlər... Bir anlıq düşünürəm ki, görəsən, hansı xatirələr gizlənib bu tinlərdə, bu küçələrdə, nə talelər yaşanıb bu evlərdə?.. Munis hisslər keçirirəm. Sanki şirin bir röyadayam və əsla oyanmaq istəmirəm. Təəssüf ki, hicrandan vüsala gətirən yollar bizi geri aparır. Amma bu hicran müvəqqəti həsrətin xoş intizarıdır. Vüsalın şirin həyəcanı ilə yenidən sənə qovuşmaq diləyilə, əziz Şuşa!

Gülcamal TAHİROVA

Nəşr edilib : 16.01.2024 15:24