AZ EN RU

Pediatriyanın aktual problemlərinə həsr olunmuş konfrans

     Naxçıvan  Muxtar  Respublikası  Səhiyyə  Nazirliyinin və “Əziz  Əliyev  adına  Naxçıvan  Muxtar  Respublikası  Mərkəzi  Uşaq  Xəstəxanası”  publik   hüquqi  şəxsin birgə təşkilatçılığı ilə pediatriyanın  aktual  məsələlərinə  həsr  olunmuş  konfrans keçirilib.
    Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq müasir pediatriyanın aktual problemlərindən, muxtar respublikada uşaq xəstəliklərinin müayinə, müalicə və profilaktikası  istiqamətində görülən işlərdən danışıb.
    Konfransda muxtar respublikada uşaqların icbari dispanserizasiyası, profilaktik peyvəndlərin yeni təqvimə uyğun aparılması ilə bağlı məlumat verilib. Məktəblərdə və məktəbəqədər tədris müəssisələrində uşaqların dərindən tibbi müayinələrinin aparılmasında nələrə diqqət etmək lazım olduğu konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Məruzələrdə “Əziz  Əliyev  adına  Naxçıvan  Muxtar  Respublikası  Mərkəzi  Uşaq  Xəstəxanası”  publik   hüquqi  şəxsin baş həkiminin müalicə işləri üzrə müavini İlkay Əliyeva “Pediatriyada antibiotiklərin istifadəsinə dair müasir yanaşma”, xəstəxananın həkim-anestezioloqu Cabir Həsənov “Pediatrik  anesteziya – fərqli xüsusiyyətləri”, həkim- nevropatoloq Gülarə Əsədova “Autoimmun ensefalitlər”, Reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimatoloqu Dilguşə İsmayılova “Pediatriyada təxirəsalınmaz vəziyyətlər”, Cərrahiyyə şöbəsinin müdiri  Şəhla İmanova “Qarın ağrılarının diferensasiyası” mövzularında məruzə ilə çıxış ediblər. Məruzə ətrafında müzakirələrdə həkimlər tərəfindən məruzəçilərə suallar ünvanlanıb. Yekunda Naxçıvan Muxtar Respublikasında uşaq əhalisinə göstərilən tibbi xidmətlərlə bağlı qarşıda duran vəzifələr və bu vəzifələrin həlli ilə əlaqədar  konfrans  iştirakçılarına  lazımi  tapşırıqlar  verilib.

Naxçıvan Muxtar Respublikası
 Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 18:27