AZ EN RU

Pediatr: Heç bir süni qida ana südünün yerini verməz

Ana südü yenidoğulmuş körpənin sağlam böyüməsi və inkişafı üçün əvəzedilməz qidadır. Lakin, son illər körpələrə süni qidaların verilməsi gündəmdədir. Qiyməti gün keçdikcə bahalaşan bu qidalara niyə üstünlük verilir? Süni qidanın nə kimi faydaları və zərərləri vardır?

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının uzman pediatrı Türkay Babayeva “Şərq qapısı”na açıqlamasında bildirdi ki, körpələr iki yaşına qədər ana südü ilə qidalandırılmalıdır. İlk altı  ay sadəcə ana südü, sonra əlavə qida ilə birlikdə ana südü vermək olar. Ana südü körpənin böyüməsini, inkişafını dəstəkləyir. Onun tərkibindəki bioloji aktiv maddələr, vitaminlər, minerallar, zülallar, karbohidratlar və lipidlər körpə üçün çoxlu faydalar təmin edir. Qida komponentlərinin çoxu bakteriostatik, iltihab əleyhinə təsir göstərir, həzmə kömək edir. Ana südünün 30 faizi kök hüceyrələrlə zəngindir. Onun tərkibində son illərdə daha çox araşdırılan hamlet proteini var ki, bu protein xərçəng hüceyrələrini ilkin mərhələdə öldürmə qabiliyyətinə malikdir. Buna görə də həm ana südü ilə qidalanan körpələrdə, həm də analarda onkoloji xəstəlikləri azaltdığını düşünürlər. Ana südü körpənin sonrakı həyat sağlamlığına əhəmiyyətli təsir göstərir.

 – Türkay həkim, günümüzdə gənc anaların süni qidalara üstünlük verməsinin əsas səbəbi nədir?

 – Bunun əsas səbəbi ilk olaraq perinatal mərkəzlərdən başlayır. Ginekoloqlar xəstəni normal doğuşa yönləndirməlidirlər, çünki əməliyyat istəyən anaların sayı gün keçdikcə  artır. Normal doğum fizioloji olduğu üçün bədən süd verməyə hazırlanır, normala balans olur. Oksitosin hormonu ilk süd ifrazını sürətləndirir. Normal doğuşla doğulan körpəni ilk olaraq ana ilə təmas etdirmək lazımdır ki, anadakı süd ifrazı hormonal olaraq oyansın. Körpəyə doğuşun ilk yarım saatında ana südü verilməlidir. Bu süd ifrazına çox müsbət təsir göstərir. Ana südü ilə qidalandıran analar bol maye içməli, protein, karbohidratla zəngin, sağlam, təbii yeməklər yeməlidir.

Digər bir tərəfdən süni yeməklərin də tərkibinə baxmaq lazımdır. Hazırda tərkibində palma yağı,  bir çox əlavə maddələr, dadlandırıcılar olan qidalar daha çox satılır. Belə qidalar sonradan uşağın həyatında ciddi problemlərə səbəb ola bilər. Lakin, bəzən ananın südü həqiqətən olmur, körpə yemir, ana protein allergiyası yaşayır, dieta saxlamaq məcburiyyətində qalır, infeksion xəstəliyi olur və yaxud qazanılmış immunçatışmazlığı ilə ana süd verə bilmir. Əgər ana məcburiyyət qarşısında körpəsinə süni qida verməli olacaqsa, bu zaman həkimdən məsləhət almalıdır. Uşağın normal inkişafı üçün ana südündən ala biləcəyi qoruyuculuğu digər süni qidaların heç biri verə bilməz.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların körpə vaxtından düzgün qidalanması ömür boyu sağlamlığın, böyümənin və inkişafın açarıdır. Uşaqların sağlamlığı isə gələcəyimizin sağlam olması deməkdir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 13.04.2024 13:57