AZ EN RU

Pedaqoji təcrübəyə start verilib

    “Naxçıvan” Universitetində 2021-2022-ci tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirib ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biridir. Pedaqoji təcrübə  prosesində əvvəlki  semestrlər ərzində ixtisas fənlərinin,  pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Təhsilalanların yaxşı bir  mütəxəssis kimi  hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. 
    Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən danışıb. Nazir vurğulayıb ki, təcrübə müddətində Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
     Tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu bildirib ki, ali təhsil ocağının  bakalavriat səviyyəsinin II və IV kurslarında müxtəlif ixtisaslar üzrə təhsil alan 195 tələbəsi  fevralın 16-dan  aprelin 6-dək  Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 12 və 15 nömrəli tam orta məktəblərdə on yeddi həftəlik pedaqoji təcrübədə olacaqlar.
    Pedaqogika və psixologiya kafedrasının müəllimi Təranə Əliyeva “Təcrübə zamanı pedaqoji və psixoloji işlər” mövzusunda çıxış edib. 
    Sonda pedaqoji təcrübə ilə bağlı metodik vəsaitlərin yer aldığı sərgiyə baxış olub.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 19:45