AZ EN RU

Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda 2021-2022-ci ilin yaz semestri üçün nəzərdə tutulmuş pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. 
    Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsi sahəsində yaradılan yüksək şəraitdən, göstərilən hərtərəfli dövlət qayğısından danışıb və qeyd edib ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin  tədris planında  xüsusi önəm daşıyan bir prosesdir. Rektor diqqətə çatdırıb ki, tələbələr pedaqoji təcrübədə məktəb müəllimlərinin dərslərində iştirak edərək tədris sistemini müşahidə etməklə bir çox sosial-pedaqoji dəyərlərə yiyələnəcəklər. Proqram materiallarının perspektiv və cari planlaşdırılmasına dair vərdişlər qazanacaq,  qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayacaqlar. 
    Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, tədris müəssisələrində  daha çox məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurur, ali və ümumtəhsil məktəbləri arasında birgə fəaliyyət imkanı yaranır. Nazir vurğulayıb ki, təcrübə müddətində Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
    İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev məlumat verib ki, bakalavriat səviyyəsinin IV-V kurslarında müxtəlif ixtisaslar üzrə təhsil alan 224 tələbə Naxçıvan şəhər 4, 5, 8, 11, 12 və 14 nömrəli, həmçinin Naхçıvan  Qızlar Liseyi və Heydər Əliyev adına tam orta məktəblərində və  IV kurs Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 12 tələbə Naxçıvan şəhər 7, 10 və 12 nömrəli uşaq bağçalarında fevralın 16-dan mayın 24-dək 14 (on dörd) həftəlik pedaqoji təcrübə keçəcəklər. Ümumilikdə, 236 nəfər tələbənin təcrübə keçməsi planlaşdırılıb. Çapay Quliyev təcrübə müddətində orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarının yerinə yetirəcəyi vəzifələr haqqında geniş məlumat verib. 
    Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlərdən, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Pedaqoji fakültənin dekanı Samirə Həsənova isə Pedaqoji təcrübə müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb.
    Konfransın yekununda pedaqoji təcrübəyə başlayan tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə 
əlaqələr xidməti

Nəşr edilib : 16.02.2022 20:00