AZ EN RU

Pedaqoji profilli ixtisasları bitirən 75 gənc müəllim işlə təmin olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd edib və təhsilə göstərilən yüksək dövlət qayğısından danışıb.
    Qeyd olunub ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb və 2022-ci il yanvarın 1-dən müəllimlərin aylıq vəzifə maaş­ları orta hesabla 20 faiz artırılıb. Müəllim əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq 2018-ci ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 661-i müəllim, 192-si isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 853 gənc kadr işlə təmin olunub.
    Diqqətə çatdırılıb ki, müəllimlərin işə qəbulu ilə bağlı dekabrın 27-də yekunlaşan növbəti müsabiqədə 160 vakant yerə 449 müraciət olub, onlardan 277-si keçid balını toplayıb. Onlardan 75-i ən yüksək nəticə göstərdiyindən fevralın 1-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 24-ü stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. İşlə təmin olunan 75 müəllimdən 46-sı Naxçıvan Dövlət Universitetinin, 13-ü Naxçıvan Müəllimlər İnstitutunun, 9-u isə “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisaslarının məzunlarıdır.
    Nazir bildirib ki, muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 21-i şəhər və rayon mərkəzlərində yaşasa da, kənd məktəblərində işləməyə üstünlük verib.
    Təhsil naziri çıxışının sonunda gənc müəllimləri yeni işə təyin olunmaları və 2 fevral – Gənclər Günü münasibətilə təbrik edib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlarından Abdulla Əsgərov, Sahil Əlizadə, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin İngilis dili müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova çıxış ediblər. Surə Əliyeva gənc kadrların işlə təmin olunması, gəncliyə göstərilən dövlət qayğısına görə gənc kadrlar adından minnətdarlığını bildirib.
    Qeyd edək ki, yeni işə qəbul edilən gənc müəllimlər üçün 25-27 yanvar 2022-ci il tarixlərdə “İnnovativ müəllim” təlimi keçirilib. Tədbirin sonunda təhsil naziri yeni işə qəbul edilən gənc müəllimlərə “İnnovativ müəllim” sertifikatlarını təqdim edib.


Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2022 22:54